“JEK”lər ciddi funksiya yerinə yetirə bilmirlər

Mənzil kommunalı ilə bağlı yeni bir qurum yaradılmalıdır




Məişət tullantılarının yandırılmasına görə, Mənzil Kommunal İstismar Sahəsinin rəisi cərimə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonu Zığ şossesi 1 ünvanında tullantıların qalaqlanması və yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı bərk mənşəli müxtəlif tərkibli tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı və qalaqlanaraq yandırıldığı məlum olub.

Faktla bağlı sözügedən ərazidə tullantıların idarə olunmasına cavabdeh olan 135 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Sahib Quliyev barəsində protokol tərtib olunub. S.Quliyev inzibati qaydada 2000 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün S.Quliyevə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib. Hadisədən sonra "JEK”lərin fəaliyyəti yenidən gündəmə gəlib. Sosial şəbəkədə olayı müzakirə edənlər MKİS-lərin tamamilə ləğv edilməsini, zibil və s. məsələlərin yerli özünü idarəetmə orqanları olan bələdiyyələrə həvalə olunmasını tələb ediblər. Bildiriblər ki, əgər qurum öz missiyasının öhdəsindən gələ bilmirsə və çoxlu şikayətlərə səbəb olursa, o zaman mənasız fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Mövzu ilə bağlı "Şərq”ə açıqlama verən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, "JEK”lər sovet dövründə həyata keçirilən idarəetmə sisteminin qalığıdır. Ekspert bildirib ki, həmin qurum SSRİ-nin idarəetmə ideologiyasına uyğun normal fəaliyyət göstərirdi. Ancaq indiki şəraitdə bu cür idarəetmə sisteminə ehtiyac duyulmur: "Mənzil Kommunal İstismar Sahələri mövcud bazar iqtisadiyyatı sisteminə uyğun gəlmir. Ona görə də mənzil kommunal sistemində ciddi dəyişikliyin olması vacibdir. Bu sahədə islahatların aparılması ilə bağlı dəfələrlə müzakirələr aparılıb. Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilib və pilot layihələr həyata keçirilib. Lakin yeni strukturların yaradılması prosesi çox ləng gedir. Qanunvericilikdə mövcud olan boşluqlar da prosesə mənfi təsir göstərir. Belə məqamda "JEK”lər istər-istəməz ömürlərini davam etdirirlər. Çünki MKİS-lərin əvəzinə başqa bir qurum yaratmadan onların tamamilə ləğv edilməsi ciddi problemlərin yaranmasına gətirib çıxarar”. Ə.Nuriyevin sözlərinə görə, bələdiyyələr kifayət qədər səlahiyyətləri olsa da, həmin səlahiyyətləri icra etmək üçün maliyyə resurslarına sahib deyil: "Məlumdur ki, bir çox ölkələrdə məişət tullantıları, abadlıq və s. işləri birbaşa bələdiyyələr həyata keçirir. Ən əsası isə odur ki, əhali yerli idarəetməyə cəlb edilir. Çünki binanın sakinləri yaşayış yerlərinin təmiz və səliqəli olmasını, kommunal xidmətlərin axsamadan həyata keçirilməsini istəyir. Hesab edirəm ki, mənzil kommunalı ilə bağlı yeni bir qurum yaradılmalıdır. Əslində çoxmərtəbəli binaların idarə edilməsi ilə bağlı müasir strukturların yaradılması prosesinə start verilmişdi. Təəssüflər olsun ki, təşəbbüs geniş yayılmadı. Sadəcə Binəqədidə bir neçə pilot layihə reallaşdı. Bəzi dövlət qurumları özəl idarəetmə strukturlarının yaradılmasına mane olur. Çünki bilirlər ki, yeni sistemin yaranması ilə nəzarət mexanizmi əllərindən çıxacaq. Halbuki prosesin daha geniş miqyas alması əhalinin özünüidarə sisteminin inkişafına böyük töhfə verə bilər”. QHT rəhbəri bəyan edib ki, "JEK”lər ciddi funksiya yerinə yetirə bilmirlər. Çünki qurumlarda əmək haqqı çox aşağıdır: "Bu da imkan vermir ki, idarəetmə qurumları səmərəli iş görsünlər. 120-150 manat maaş alan insan heç vaxt keyfiyyətli iş görə bilməz. Əlbəttə, zibilləri yandırmaq yolverilməzdir. Hazırda "Təmiz şəhər” layihələri həyata keçirilir. Məişət tullantılarının toplanması, çeşidlənməsi və yenidən emalı istiqamətində iş gedir. Bununla bağlı Azərbaycanda zavod da fəaliyyət göstərir. "JEK”lər
zibilləri yandırmaqla tullantıların daşınması üçün əlavə vəsait ödəməkdən xilas olurlar. Əvvəlcədən "JEK”lərə ödənilən maliyyəni isə mənimsəyirlər”.

İsmayıl