Jirinovski bu dəfə də əndazəni aşdı

“Tarixi saxtalaşdırıb, ağlasığmaz xəritə paylaşmaq xəstə təfəkkürün məhsuludur”




Xəritədəki dəyişikliyə əsasən, Bütöv Azərbaycan, ayrıca kürd və fars dövləti, Bəllucistan, Böyük Türkmənistan meydana çıxıb. Jirinovski Türkiyənin bəzi ərazilərinin Ermənistana veriləcəyini də xəritəsində əks etdirib. Xəritədə Cənubi Azərbaycanın bir sıra əraziləri kürdlərə və ermənilərə verilib. Rusiyalı deputatın yaydığı xəritə Azərbaycan və Türkiyə ictimaiyyətində sərt reaksiyalara səbəb olub. Münasibət bildirənlər Jirinovskinin yaydığı xəritənin provokasiya xarakterli olduğunu deyiblər.
Politoloq Qabil Hüseynli bildirib ki, Jirinovski zaman-zaman ağlasığmaz şərhlər versə də, bu dəfə əndazəni aşıb. Siyasi şərhçinin sözlərinə görə, liberal siyasətçi tarixi reallıqları saxtalaşdırıb: 

"Jirinovski öz xəritəsində Kürdüstan dövlətinin yaradılması ideyasını dəstəkləyir və onun tərkibinə Cənubi Azərbaycanın böyük bir hissəsini qatır. Kiçik bir hissə də Şimali Azərbaycana verilir. Dünya Jirinovskinin xəstə təxəyyülü ilə idarə olunmur. İranın və digər ölkələrin qədim dövlətçilik ənənələri var”. 

Ekspert vurğulayıb ki, Jirinovskinin ABŞ-ın sanki bıçaqla böyük dövlətlərin ərazisini bölərək ürəyi istəyənə pay edəcəyini düşünməsi çox gülüncdür:

 "Belə ideyaya əhəmiyyət vermək lazım deyil. Lakin nə qədər absurd olduğunu hamıya göstərməliyik. Hazırda İranda 35 milyon azərbaycanlı yaşayır. Son zamanlar kürdlər Urmiya və digər ərazilərə nüfuz edərək torpaq alırlar. Amma bu o demək deyil ki, orada yaşayan azərbaycanlılar Azərbaycana məxsus tarixi ərazilərin kürdlər tərəfindən qəsb edilməsinə göz yumacaqlar. Azərbaycanlıların böyük hissəsi Azərbaycan dövlətindən kənarda, tarixi ərazilərimizdə yaşayırlar”. Politoloqun sözlərinə görə, İran nə qədər rəngarəng, fərqli etniklərin mərkəzi olsa da, bu ölkənin taleyi iki əsas etnosun - azərbaycanlıların və farsların biri-birinə münasibətindən asılıdır: "İranın nüvə dövləti olmağa çalışması və molla rejiminin hakimiyyətdə olması çoxlarını narahat edir. Hamı istəyir ki, İran nüvə silahından deyil, elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edərək öz xalqının rifahını qaldırsın. Ölkədə dini deyil, dünyəvi rejim bərpa olunsun. ABŞ bu məsələni güc yolu ilə həll etmək istəyir, ancaq bu, o qədər də asan deyil”.

İsmayıl