Jurnalistikada ixtisaslaşma aparılmalıdır
Ekspertlərə görə, bu gün iqtisadi mövzuda yaza biləcək peşəkar jurnalistlərə böyük ehtiyac var
(Əvvəli ötən sayda)
Elə bir gün yoxdur ki, media orqanlarında iqtisadi xəbərlər, informasiyalar, təhlillər öz əksini tapmasın. Hətta sırf iqtisadi sahədə fəaliyyət göstərən saytlar da var. Məlum səbəblərdən digər sahələrlə müqayisədə iqtisadi yazılar ictimaiyyətin daha çox diqqətini cəlb edir. Çünki bütün vətəndaşların bu və ya digər formada sosial, iqtisadi məsuliyyəti var. Məsələ ondadır ki, media vasitəsi ilə çıxış edən bir sıra iqtisadçılar zaman-zaman iqtisadi mövzularda yazan jurnalistləri tənqid edirlər. Onların müəyyən iqtisadi prosesləri və ya terminləri yaxşı bilmədikləri üçün səhvlərə, qüsurlara yol verdiklərini iddia edirlər.
Ekspertlərə görə, iqtisadiyyat spesifik sahədir, ona görə də bu haqda yazan jurnalistlərin ən azından elementar iqtisadi biliklərə sahib olması çox vacibdir. İqtisadiyyat böyük xəbərlərə həssas reaksiya verir. Məsələn, açıqlama verilir ki, Amerika iqtisadiyyatı yüksək nəticələr əldə edib. Həmin gün dollar bahalaşır. Yəni bir xəbərlə bazarı oynatmaq mümkündür. Azərbaycanda da bəzən bir açıqlama panika yarada və panikanı yatıra bilir. İqtisadi jurnalistikanı 3 istiqamətdə araşdırmaq mümkündür. Mövcud vəziyyət, effektivlik və qüsurlar. Mütəxəssislərin fikrincə, Azərbaycan mediasında iqtisadi xəbərlər heç də ürəkaçan deyil. Çünki əksər KİV-lərdə iqtisadi xəbərləri hazırlayan jurnalistlərin iqtisadi savadı ya azdır, ya da heç yoxdur. Bu, iqtisadi jurnalistikanın keyfiyyətini aşağı salmaqla yanaşı, ictimaiyyətdə çaşqınlıq yaradır. Çox vaxt jurnalistlər xəbərin standartlarını gözləməklə mənasını, mahiyyətini özləri belə bilmədən iqtisadi xəbərləri hazırlayıb tirajlayırlar. Hətta bəzi KİV-lər də həmin xəbərləri redaktə belə etmədən yayımlayırlar. Bu da çox vaxt yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyaların ortaya çıxması ilə nəticələnir. Bütün bunlar iqtisadi araşdırmaların üzə çıxmamasına, təhlillərin aparılmamasına gətirib çıxarır. Vəziyyət o yerə gəlib çıxır ki, bəzən ciddi iqtisadi yazılar belə bu səpkidə yayılmış materialların güdazına gedir. Dünyada və ölkəmizdə fəaliyyət göstərən iqtisadi jurnalistlərin fəaliyyətini izləməli, onlarla əlaqə yaratmalı, təcrübə toplamaqla yanaşı, təcrübəsini paylaşması məqsədəuyğundur. Azərbaycanda və dünyada bir sıra şirkət və təşkilatların iqtisadiyyat jurnalistikası ilə bağlı keçirdiyi təlim və seminarlarında iştirak etməklə mütəxəssislərin təcrübə və fikirlərini dinləyir, iqtisadi proseslər barədə, necə deyərlər, pərdənin qapalı tərəflərini görür, ona kömək edə biləcək dostlar qazanmış olur. Jurnalist iqtisadiyyatı tənzimləyən orqanların vəzifələrini yetərincə bilməlidir ki, kimə və necə müraciət edəcəyini bilsin. Materialın dolğun və faktiki olmasından dolayı rəsmi-statistik məlumatlardan yararlanmaq, habelə iqtisadi qurumların, ekspertlərin rəylərindən istifadə etmək olar. İqtisadi terminlər gündən-günə yenilənir, yeni iqtisadi anlayışlar ortaya çıxır, lakin bəzi jurnalistlər bu tepmlə uyğunlaşa bilmirlər. Nəticədə iqtisadçıların fikirləri təhrif olunur, iqtisadi terminlərin yazılışında və ya səslənişində səhvlərə yol verilir. Ekspertlərə görə, bu gün iqtisadi mövzuda yaza biləcək peşəkar jurnalistlərə böyük ehtiyac var. Vaxtilə bu sahədə çalışan jurnalistlər ya mətbuatı tərk edib, ya da ekspert qismində çalışmağa başlayıblar. Onların yerini dolduran yeni nəslin isə iqtisadi savadı özünü doğrultmayıb. Bu baxımdan jurnalistlərin iqtisadi biliklərinin artırılması üçün zəruri təlimlərin təşkilinə, müvafiq iqtisadi bələdçilərə, izahlı lüğətlərə ehtiyac var. Xüsusən, vətəndaş cəmiyyəti bu sahəyə diqqəti artırmalıdır. Dövlət qurumları öz sahəsində jurnalistlərə metodoloji dəstək verməlidir. İqtisadçı-ekspertlərin üzərinə də çox böyük yük düşür.
Tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli də "Şərq”ə deyib ki, dünya praktikası ixtisaslaşmış jurnalistikanın daha effektli və peşəkar olduğunu göstərir:
"Azərbaycanda çox təəssüf ki, mövzular üzrə ixtisaslaşma yaxşı səviyyədə deyil. Bu gün idmandan yazan jurnalist sabah siyasətdən və ya sosial problemlərdən yazır. Əslində mövzular üzrə ixtisaslaşma formalaşarsa, hamı üçün sərfəli olar. Həm vətəndaşlar daha dəqiq informasiya alar, həm də mediada təhrif olunmuş fikirlərin qarşısı alınar. Şəxsən öz adımdan deyə bilərəm ki, bu işdə jurnalistlərə pulsuz və təmənnasız kömək etməyə, dəstək verməyə canla-başla hazıram. Hətta bununla bağlı sosial şəbəkədə bir fikir də səsləndirmişdim ki, əgər jurnalistlər özləri təşkilatlanıb bir qrup yaratsalar, mən zamanımı ayırıb, həftədə iki-üç dəfə iqtisadi terminlərlə bağlı treninq keçirərəm. Təəssüf ki, indiyədək jurnalistlər tərəfindən belə bir dəvət almamışam. Təklifimi sizin qəzet və sayt vasitəsi ilə bu gün də yeniləyirəm. Bu, mənim üçün də çox maraqlı olar. Belə üsullarla jurnalistikada iqtisadi terminlərlə bağlı ortaya çıxan problemlərin qarşısını almaq mümkündür. Mənim başıma bununla bağlı gülməli hadisə gəlib. Müsahibələrin birində dövlətin iqtisadiyyatda startap rolunu oynamasının, yəni biznesə start verib sonra kənara çəkilməsinin daha mühüm olduğunu demişdim. Ancaq həmin yazının başlığı bu cür verilmişdi: "Natiq Cəfərli: "Dövlət iqtisadiyyatda "spartak” rolunu oynayır”.
Təcrübəmizdə belə maraqlı hadisələrlə çox üzləşmişik. Əlbəttə, burada jurnalistləri günahlandırmıram, əsla belə düşünməsinlər. Məsələ ondadır ki, jurnalist yetişdirən ali məktəblərimizdə peşəkarcasına ixtisaslaşma aparılmır. Bu da çox ciddi problemdir. Təhsil məsələsinə diqqət yetirmək lazımdır. Bütün sahələrdə dar çərçivədə ixtisaslaşma aparılması vacibdir və jurnalistikanın ümumi inkişafına təsir göstərən amildir”.
İqtisadçı müsahibə zamanı ekspert-jurnalist münasibətinə, elmi terminlərin çox işlənməsinə də toxunub: "Burada iki məsələ var. Birincisi, Azərbaycan dilində bəzi iqtisadi terminlər ümumiyyətlə yoxdur. Elə terminlər var ki, onları rus və ya ingilis dilində, ya da türkcə işlətməyə məcbur oluruq. Hesab edirəm ki, termin məsələsinə ciddi yanaşılmalıdır. Dövlət orqanları və iqtisadçıların inkişafı ilə bir komissiya yaradılmalıdır. Müxtəlif terminlərin Azərbaycan dilində işlədilməsi qaydaları müəyyən edilməlidir. Bu, həm jurnalistlərin, həm də iqtisadçıların işini asanlaşdıra bilər. Müsahibə verən iqtisadçı anlamalıdır ki, jurnalist iqtisadi terminləri bilməyə borclu deyil. Ona görə də müəyyən qədər açıq izah verməlidir. Əsas hədəf oxucuya daha dolğun, ətraflı və anlaşılan məlumat çatdırmaqdır. Bu baxımdan iqtisadçıların həm də ictimai borcudur ki, jurnalistlərə akademik üslubda açıqlama verməsinlər. Problemi tamamilə jurnalistlərin üzərinə atmaq doğru deyil”.
"Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı da "Şərq”ə açıqlamasında deyib ki, ümumiyyətlə, Azərbaycan mediasında ixtisaslaşma problemi uzun illərdir var:
"Sosial mövzulardan yazan müxbirlərin çoxu elə iqtisadiyyatdan da yazır. Hətta kriminala belə baş vurur. Mən onun tərəfdarıyam ki, müxbir bilmədiyi sahəni, işi, hadisəni heç vaxt yazmasın. Həmin müxbirin redaktoru da buna imkan verməməlidir. İqtisadi mövzuları dərk edərək bunun təhlilini vermək ciddi məsələdir. Bu, xüsusi savad və qabiliyyət tələb edir. İqtisadi terminləri bilməmək olar, amma bunu hər hansı bir ekspertdən və ya səlahiyyətli şəxsdən dəqiqləşdirmədən təqdim etmək qadağandır. Müxbir ən birinci özünü və təmsil etdiyi orqanı gülünc vəziyyətinə qoyur. İkincisi də yanlış izahatları ilə vətəndaşları səhv istiqamətləndirir”. Redaktorun fikrincə, hazırda Azərbaycan mediasında çox güclü iqtisadi yazarlar var. Hətta onların bir çoxunun proqnozları özlərini ekspert adlandıran bəzilərindən daha çox doğruldur: "Amma qeyri-peşəkarlar da var təbii ki. İxtisaslaşma getməli və QHT-lər vasitəsilə müəyyən kurslar təşkil edərək bu müxbirləri ora yönləndirmək olar. Eyni zamanda savadlanmaq üçün Avropaya da üz tutmaq, təcrübə keçmək mümkündür və s. Çox sevimli bir redaktorum tez-tez bu söhbəti edirdi. Deyirdi ki, Avropada qənddən yazan müxbirin, şəkər tozundan yazmağa icazəsi yoxdur. Çünki o yalnız qənd üzrə ixtisaslaşıb. Ümid edirəm ki, gələcəkdə bizdə də vəziyyət bu cür olacaq”.
Mövzu ilə bağlı "Şərq”ə açıqlama verən "Pia.az” saytının baş redaktoru Azər Qaramanlı da deyib ki, Azərbaycan mediasının problemlərindən biri odur ki, müxtəlif sahələr üzrə peşəkar səviyyədə yetişən jurnalistlər demək olar ki, barmaqla sayılır:
"Təbii ki, jurnalistika həyatın bütün sahələrini əhatə edir və bütün sahələr üzrə də jurnalistlərin müəyyən bilgiləri olmalıdır. Yəni o jurnalist və baş redaktor standartlarına uyğundur ki, beynindəki informasiya bazası zəngindir. Bu zəngin informasiya bazası onu bütün sahələr üzrə ümumi bilgilərə sahib olan bir intellektə çevirməlidir. Sırf hansı sahə üzrə mütəxəssislərin olması isə vacib məsələdir. Bu, xarici mətbuatda belədir. Amma bizdə elə deyil. Çünki bizdə redaksiyaların maddi bazası çox zəifdir. Bir neçə redaksiya var ki, sırf mütəxəssislərlə çalışmaq üçün maddi imkana sahibdir. Qalanları belə imkanlardan uzaqdır. Ona görə də bizdə ixtisaslar və sahələr üzrə jurnalistlərin yetişməsində ciddi problemlər var”.
Baş redaktorun sözlərinə görə, sırf iqtisadi sahəyə gəlincə, doğrudan da, Azərbaycanda iqtisadi sahə üzrə fəaliyyət göstərən saytların sayı artır:
"Bu sevindiricidir. Amma sırf peşəkarlıqdan söhbət gedirsə, mən sahə üzrə ancaq ümumi bilgilərə sahibəm, mən iqtisadçı-ekspertlərin tənqidlərini doğru hesab edirəm. Çünki biz indi elə bir zamanda yaşayırıq ki, hər hansı bir termin haqqında məlumat almaq üçün sadəcə google-yə girmək yetərlidir. Əgər iqtisadiyyat üzrə ixtisaslaşmış saytların əməkdaşları terminlərdə səhvlərə yol verirlərsə, demək ki, vəziyyət bərbaddır. Problemin acı olan tərəfi odur ki, bu gün qısa müddət ərzində hardasa jurnalist işləyən hər kəs özünə bir sayt açır və özünü baş redaktor elan edir. Halbuki biz 1990-2000-ci illərdə uzun müddət redaksiyalarda sıravi yazar olaraq çalışmışıq. Təcrübəni və informasiya bazamızı da bu yolla əldə etmişik. İndi isə təcrübəni belə bir kənara qoyaq, hətta informasiya bazası tamamilə boş olan adamlar sayt açıb ölkənin siyasi məkanına, siyasi-iqtisadi, siyasi-sosioloji siyasətinə müdaxilə edirlər. Halbuki onların informasiya bazası bunun üçün yetərli deyil. Bu, əslində oxucunu və ictimaiyyəti yanlış yola yönləndirməkdir, onlara yanlış bilgilər verməkdir. Və bu da bu gün demək olar ki, kütləvi xarakter almaqdadır. Tutaq ki, mən heç bir zaman iqtisadi mövzuda yazı yaza bilmərəm. Çünki sahədən yazmaq üçün bilgilərim kifayət deyil. Amma çoxları üçün bu bilgilərə sahib olmamaq əngəl deyil. Ona görə də mütəxəssislər haqlı olaraq şikayət edirlər”.
A.Qaramanlı bildirib ki, məsələnin ciddi təşviş doğuran başqa bir tərəfi də odur ki, bu gün insanlar bilgiləri peşəkar mütəxəssislərin yazdıqları kitablardan deyil, internet resurslarından alırlar:
"Xüsusən gənclərin böyük əksəriyyəti hansısa kitabı oxuyub informasiya almaqdansa, "Youtube”dən, ya da "Google”dən mövzu ilə bağlı informasiya almağa üstünlük verirlər. Nəticədə onların böyük əksəriyyəti yanlış və qeyri-peşəkar informasiya ilə məlumatlanırlar. Ümumiyyətlə, jurnalistikada redaksiyalar məktəb rolunu oynamalıdır. Bizdə bütün sahələrdə universitetlər bir qayda olaraq tələbələrə ancaq nəzəriyyə verirlər. Praktika vermək üçün bizdə heç bir universitetin maddi bazası yoxdur, ya da natamamdır. Ona görə peşəkarların yetişdirilməsi bir qayda olaraq həmişə istehsal sahələrinin, jurnalistikada isə redaksiyaların üzərinə düşür. Amma bizdə bu ənənə də sürətlə pozulur. Ona görə ki, qısa müddət ərzində gənc jurnalist özünü təsdiq etməyə çalışır. Əslində özünü təsdiq etməyə çalışmaq çox gözəl xüsusiyyətdi. Amma özünü təsdiq üçün mütləq şəkildə hansı sahədəsə yetişkinlik lazımdı. Bizim gənc jurnalistikada özünü doğuşdan yetkin hesab edənlərin sayı günü-gündən artır. Bu da yekunda Azərbaycan jurnalistikasının diletant və çalışdığı sahədə yarımçıq, bəzən isə tamamilə sahədən anlayışsız yetişməsinə yol açır”.
İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb