Jurnalistlər harada və necə dincələcək ? - MARAQLI VƏ ÜZÜCÜ CAVABLAR

İlboyu işləyən insanlar dincəlmək məqsədilə yay aylarının gəlməsini səbirsizliklə gözləyir. İstirahəti isə müxtəlif məkanlarda, fərlqi şəkildə təşkil etmək mümkündür. Yəni hər kəs cibinə uyğun istirahət güşəsi seçir.
Vaxtaşırı sosial şəbəkələrdə istirahət məkanları barədə tövsiyə xarakterli- "Bu bölgəyə gedin, peşman olmazsınız”, "filan istirahət mərkəzinin təkliflərinə söz ola bilməz”, yaxud, "dincəlmək üçün ən ucuz məkan buradır” paylaşımların şahidi oluruq. 
Bəzən bu paylaşımı edənlər sırasında media nümayəndələri də görmək mümkündür. Biz də Sherg.az olaraq bütün bu paylaşımları nəzərə alıb, jurnalistlər arasında yay tətili müddətində harada və necə dincələcəkləri barədə sorğu keçirdik.
Sualımıza ilk olaraq cavab verən Modern.az saytının əməkdaşı Aqşin Kərimov qeyd edib ki, yay tətilinin 3 gününü İstanbulda, qalanını isə Şamaxıda keçirib. Daha sonra İsmayıllıya yollanıb:
" Deməzdim ki, Türkiyədə bizimlə müqayisədə qiymətlər ucuzdur. Amma bizdə bəzi xidmətlər var ki, onlar çox bahadır və bu zaman insan düşünür ki, bu pulun üstünə bir az da qoyub xaricə getmək olar".
"Kaspi” qəzetinin əməkdaşı Aygün Asimqızı bildirir ki, haradasa xüsusi istirahət edəcəyini deməkdə çətinlik çəkir:
" Çünki valideynlərim rayonda yaşadığı üçün işdən istirahət veriləndə rayona gedirəm. Bu dəfə də yəqin ki elə olacaq. Rayonda valideynlərin istirahət planı nə olsa, mənim istirahət planım da yəqin ki o olacaq".
"Cümhuriyət” qəzetinin əməkdaşı Mənsur Rəğbətoğludeyir ki, uzun illərdir istirahətin özü istirahətə çəkilib və bu mənada istirahət ondan uzaq düşüb:
"İstirahət”, həmişə bu söz mənə məzəli gəlib. Mən istirahəti – plyajlarda çimməyi, şezlonqda uzanıb ofisianta kokteyl sifariş verməyi əvvəllər amerikan, sonra da türk filmlərində görmüşəm. Bir həftəlik iş məzuniyyəti olur, ciblərimin təkərləri də boşalıb, ən yaxşı halda uzaq Yevlaxa qədər apara bilir. Bəzən də yarı yolda – Kürdəmirdə üzüqoylu yerdə qoyur. Buna görə də yay aylarının yeknəsəq keçdiyi Bakıdakı miqrant həyatımla baş-başa qalıb, mənasız baxışlarla məhəlləmizdə dondurma yalaya-yalaya ayaqlarını qaşıyan uşaqları seyr etməkdən başqa özümə heç bir şans vermirəm. İndi çox adam belə yaşayır. Ən yaxşı halda da bir qarpız, iki kilo da şor alıb dənizə gedirlər. Problemlər işin şorunu beləcə çıxarıb. Vəziyyət o həddə kritikdir ki, ürəyimdə özümlə qədim maya dilində danışıram, başa düşə bilmirəm axı. Başqa sözlə, istirahət indiki zamanın insanları üçün "Tom – Cerri” kimi bir şeydi, həmişə də "siçan” qaçıb gizlənməyi yaxşı bacarır, "pişiyə” də mənasızca qaçıb özünü yormaq qalır. Sonra da xəmirə çevrilmiş halda divanda uzanırsan, bir də ayılırsan ki, qar yağır, qış gəlib”.
Artıq tətildə olduğunu söyləyən "Mövqe" qəzetinin əməkdaşı Mübariz Bayramov vurğulayıb ki, bu il xaric qismət olmadı:
"Naftalan sağlamlıq və istirahət mərkəzindəyəm. Sağlamlıq mərkəzinə yay aylarında tələb artdığından qiymətlər də qışla müqayisədə çox yüksəkdi, amma insanlar da çoxdu. Ancaq orada məkana görə qiymətlər fərqlidir. Müayinədən keçəndən sonra həkimlərin özləri müalicə kurslarını yazırlar. Vanna qəbulu isə bir gündən birdir. Deyilənə görə bel ayaq ağrılarına və daxili orqanlara faydası böyükdü".
"Bakı- Xəbər" qəzetinin əməkdaşı Vidadi Ordahallı isə tətilini artıq başa vurub:
" Orucluq bayramı ilə əlaqədar 4 gün doğulduğum Lerik rayonunda istirahət etdim. Təəssüf ki, işlə əlaqədar bundan sonra harasa istirahətə getmək imkanı olmayacaq"
Təəssüf ki, il boyu çalışan jurnalistlərimiz arasında istirahətə vaxt tapmayanlar da var. 
"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova övladı birinci sinfə gedəcəyi üçün istirahət edə bilməyəcəyini deyir:
"Zehni iş adamı fiziki işdən çox yorur. Ona görə, qələm əhli üçün istirahət etmək mütləqdir. Yoxsa, il boyu itirilmiş enerjini bərpa etmək çətin olur.
Hər il məzuniyyəti istirahətə ayırırdım, xaricə də gedirdim, bölgələrdə də istirahət edirdim. Adətən, müalicəvi yerlərə gedirəm. Bu il isə istisnadır. Oğlum bu il məktəbə gedəcək deyə, məzuniyyəti onun məktəb hazırlıqlarına sərf edəcəyəm. İstirahət edəcək həmkarlara maraqlı məzuniyyət arzulayıram”.
Jurnalistlərimiz arasında artıq istirahətini başa vuran Sputnik.az saytının əməkdaşı İradə Cəlil övladları ilə birlikdə, Türkiyədə istirahətini etdiyini deyir. Türkiyədə ali təhsilini davam etdirdiyini diqqətə çatdıran jurnalist xanım imtahanlara getdiyi ərəfədə istirahət də edib:
"İyunun əvvəli getdim. İstanbul, Antalya, Kapadokya bölgələrində oldum. Niğde valisinin dəstəyi ilə iki gün ərzində Kapadokyada həm reportajlar hazırladım, həm də istirahət etdim.
Azərbaycanda isə sevdiyim məkan Qubadır. İmkan tapan kimi uşaqlarımı da götürüb ora gedirəm. Düzdür, ölkədə istirahət etmək bahadır, amma 2 gün istirahət etməyə gücümüz çatır”.
İradə Cəlil Türkiyədə istirahət etməyin Azərbaycana nisbətən daha ucuz başa gəldiyini vurğulayıb:
"Burada bir həftə uşaqlarla istirahət Türkiyədə 10-12 gün istirahət deməkdir. Həm də o istirahətə hər şey daxildir. Bölgələrimizdəki istirahət mərkəzlərində koteclər en ucuz günü 50 manata başa gəlir. Deyərdim ki, qalmaq üçün ayrılmış bu yerlər hətta bərbad vəziyyətdədir. Türkiyədə isə bu pula daha yaxşı yerdə qalıb, istirahət etmək olur”.
Moderator. az saytının əməkdaşı, araşdırmaçı-jurnalist Elmin Nuri son iki il iki aydır, haradasa dincəlmək imkanının olmadığını bildirib. Elmin bəy cəmi bir neçə dəfə hansısa rayonda yarımgünlük gəzintiyə getsə də, istirahət görmədiyini deyir:
"Bu il heç olmasa bir həftə, yaxud, on günlük də olsa, mütləq dincəlməliyəm. Lüks tətil iddiasında deyiləm, amma doğma rayonum olan Lənkəranda, ata-baba həyətimizdə, sıx ağacların altında bircə həftə dincələ bilsəm, bu, mənim üçün hər şeyi əvəz edər. Özümü Bodrum, Ege, Havay adaları kimi möcüzəli yerlərdəymiş kimi sanaram.
Amma gərək, bu da gerçəkləşsin. Təəssüf ki, üç saat yarımlıq yolu da getməyə hələlik macal tapmamışam. Lakin getmək zəruridir; çünki artıq həm fiziki, həm psixoloji mənada tükəndiyimi hiss edirəm. Doğma kəndimizdə bircə həftə istirahət məni tamam yeniləyə bilər".
Hazırladı : Aysel ASLAN, AyyətƏHMƏD