Jurnalistlərə çağırış: "Kompromis”, “konsensus”, “substantiv” və s. ifadələri..."






"Azərbaycan mətbuatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə qarşı kifayət qədər həssasdır. Media bu məsələni ətraflı təhlil və şərh etməyi, gündəlikdə saxlamağı bacarır”.

Bu barədə "Sherg.az”a "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib. 

O qeyd edib ki, bu prosesdə media həssas olduğu qədər də diqqətli olmalıdır:

"Çünki münaqişənin həlli, danışıqlar prosesi ilə bağlı səsləndirilən hər hansı fikir, söz və ya termin yerində olmazsa, biz bilməyərəkdən mövzunu təhrif etmiş olarıq. "Kompromis”, "konsensus”, "substantiv” və s. ifadələr diplomatik terminlərdir. O ifadələri işlədən zaman diqqətli olun . Yəni elə etmək lazımdır ki, dövlətin mövqeyi təhrif olunmasın, yaxud kənardan bunu izləyən informasiya mərkəzləri bunu fərqli yoza bilməsinlər. 

Bəzən Azərbaycan mediası yazır ki, dövlət kompromisə hazırdır. Bu mütləq şərh olunmalıdır ki, ən böyük kompromis Azərbaycanın bu günə qədər müharibə aparmaması, atəşkəsə riayət etməsidir. Əks təqdirdə bu söz yanlış başa düşülə bilər.

Bu da Azərbaycanın əslində xarici siyasətinin media platformasında düzgün şərh olunmaması anlaşıla bilər. Ona görə düşünürəm, media bu məsələləri hər zaman olduğu kimi diqqətdə saxlayacaq. 

Çünki Azərbaycan mediası kifayət qədər intellektual institutdur. Xarici siyasətlə bağlı mövzuda yazan jurnalistlər beynəlxalq və diplomatik leksikonu mənimsəməlidir. Beləliklə bütün hallarda özümüzün informasiya təhlükəsizliyini təmin etmiş olarıq”.

Aysel Aslan