"Jurnalistlərimizə evlərin verilməsi dünyada analoqu olmayan bir layihədir" - Baş redaktor




Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş ümumilikdə 400 mənzillik iki bina 2013 və 2017-ci illərdə istifadəyə verilib. Bununla da  jurnalistlərin mənzil şəraiti yaxşılaşdırılıb, eyni zamanda sosial ehtiyaclı, mənzil almaq imkanı olmayan jurnalistlərə və yaradıcı şəxslərə üstünlük verilib.

Dövlətimizin mətbuata göstərdiyi diqqət və qayğının hər zaman şahidi olmuşuq. Təbii ki, jurnalistlərin mənzillə təminatı müstəqil mətbuatın inkişafına ən böyük dövlət dəstəyidir. Prezidentin humanist siyasətində mətbuata diqqət və qayğı, o cümlədən azad sözün inkişafına dəstək həmişə ön sırada gəlir.


"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Sherg.az”a açıqlamsında bildirib ki, dünyanın heç bir ölkəsində jurnalistlərin mənzillə təmin olunması yoxdur. Onun sözlərinə görə, bu hal ilk dəfə Azərbaycanda reallaşan bir təşəbbüsdür:

"Ümumiyyətlə, jurnalistlərimizin mənzillə təmin olunması cənab prezidentin media nümayəndələrinə diqqətinin bir nümunəsi idi. Artıq 3-cü bina tikilməkdədir. Təxminən 400-ə yaxın jurnalist ailəsinə mənzil verilməsi çox böyük işdir və bunu adi sözlə ifadə etmək mümkün deyil. Hesab edirəm ki, bütün bunlar Azərbaycan vətəndaşına verilən yüksək dəyərin, diqqətin nümunəsidir.

Bu günlərdə hərbiçilərimizin də böyük hissəsi mənzillə təmin olundu. Eyni zamanda əlillərə, müharibə veteranlarına davamlı şəkildə diqqət göstərilir. Təbii ki, Azərbaycan jurnalistləri də ölkə başçısının vətəndaşlara verdiyi dəyərdən bəhrələnir. Jurnalistlərimizə evlərin verilməsi dünyada analoqu olmayan bir layihədir. Vətəndaşlarımıza verdiyi dəyərə görə, prezidentə minnətdarıq. Ölkə başçısına, onun apardığı siyasətə dəstək olmaq, Azərbaycanda gedən uğurlu işlərin dünya ictimaiyyətinə çatdırılmasında öz töhfəmizi vermək hər birimizin borcudur”.

Yeganə Bayramova