Kamiləni niyə Kamilla edirik?

“Adların ruslaşdırılması milli şüurda gedən dəyişiklikləri əks etdirir”



Son illər ərzində Azərbaycanda Türkiyə istehsallı serialların qəhrəmanlarının adlarına marağın artması ilə yanaşı, yeni doğulanlara Azərbaycan adlarının rus dilində olan tələffüzü ilə qoyulması, başqa sözlə, adların ruslaşdırılması halları da müşahidə edilir.

Aparılan araşdırmalara görə, Azərbaycan dilində olan adların "rusdilli ad”lara çevrilməsi üçün əsasən adın qrammatik baxımdan düzgün yazılışında olan "ə” saiti "a” saiti ilə əvəz edilib. "Rusdilli ad”lar arasında ən geniş yayılanı nöqsansız, tam, yetkin, kamala çatmış, savadlı, elmli mənasını verən, ərəb mənşəli Kamilə adıdır. Sadəcə olaraq, bu ad əksər hallarda yenidoğulanlara Kamilə kimi deyil, Kamilla, bəzən isə Kamila kimi qoyulur.

Qeyd edək ki, son 5 il ərzində yeni doğulanlara bu adın ruslaşdırılmış formada qoyulması halları onun dilimizin qrammatik qaydalarına uyğun, yəni düzgün yazılış forması ilə qoyulması hallarından çox olub. Belə ki, son 5 il ərzində Kamilə adını cəmi 143 nəfər öz uşağına qoyub. Bu müddətdə Kamilla adı 157, Kamila 19 nəfərə qoyulub. Azərbaycanda rus dilinə uyğunlaşdırılaraq uşaqlara qoyulan adlar sırasında dini hesab edilən adlar da yer alıb.

Son 5 il ərzində Madina (düzgün yazılış forması: Mədinə) 89, Fatima (Fatimə) 48, Zeynab (Zeynəb) 41, Maryam (Məryəm) 37, Zehra (Zəhra) 22, Zahra (Zəhra) 25, Xadica (Xədicə) 6, Zuleyxa (Züleyxa) 6 nəfərə qoyulub.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, adların ruslaşdırılması milli şüurda gedən dəyişiklikləri əks etdirir. Bu insanlarda milli keyfiyyətdən daha çox mücərrəd hisslər üstünlük təşkil edir. Onlar milli tələffüzdən, milli ahəngdən zövq ala bilmədikləri üçün mücərrəd dəyərlərə tapınırlar:

 "Hesab edirəm ki, bu tendensiya ürəkaçan deyil. Gənclərimizin bu cür vərdişlərə yiyələnməsi milli kimliyimizdən imtinaya gətirib çıxara bilər. İlk baxışdan bu, müasirlik kimi görünə bilər. Halbuki onlar adları təhrif edirlər”.

Professorun sözlərinə görə, daha çox yarımçıq insanlar bu cür şeylərə maraqlı olur. Özlərini müasir göstərmək, kiməsə nəyisə sübut etmək üçün başqalarını yamsılayırlar:

 "Kamil, mənəvi cəhətdən zəngin olan insan heç vaxt başqası kimi olmaq istəmir. Belə insanların öz yolu olur və onun haqqında ətrafın nə düşünməsindən narahat olmur. Dünya görüşü məhdud, yarımçıqlıq kompleksi olan insanlarda isə milli mədəniyyətə qarşı yadlıq hissi oyanır”.

Şəymən