“Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan, anatomiyadan xəbəri olmayan şəxslərdir”
Millət vəkilləri telekanallarda həkimlərin, dərmanların və klinikaların reklamına qarşı çıxıb. Yaxşı həkimin reklama ehtiyacı olmadığını qeyd edən millət vəkilləri hesab edir ki, özümüzün məşhur həkimlərimiz qalıb kənarda, televiziyaları açan kimi görürsən ki, İrandan, Türkiyədən 5 günlük ölkəmizə gələn həkimlər reklam edilir. Telekanallar gəlir əldə etmək üçün hətta ara həkimlərini də reklam edirlər.
Ölkəmizdə savadlı həkimlərin sayının kifayət qədər olduğunu qeyd edən millət vəkillərinin sözlərinə görə, əcnəbi həkimlərin reklamının qarşısı alınmalıdır: "Milli Məclisdə deyilənlər həyata keçirilməlidir. Onlara dövlət tərəfindən ciddi təpki göstərilməlidir”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla dünyanın hər yerində həkimlərin və dərmanların reklamının birmənalı olaraq qadağan olduğunu deyib. Onun sözlərinə görə, dərmanın reklam olunması həddindən artıq yanlış haldır. Dərman yalnız həkim tərəfindən təyin olunmalıdır. Vətəndaşların televiziyalarda reklam olunan hansısa dərmanı özbaşına alıb qəbul etməsi təhlükəli bir haldır:
"Xarici ölkələrdə dərmanlar icbari tibbi sığorta paketinə daxil olduğundan onların qeydiyyatı aparılır. Televiziyalarda reklam olunan dərmanların və həkimlərin hamısı saxtadır. Bu reklamlar konkret şəxslərin, aparıcıların şəxsi maraqlarına xidmət edir. Televiziyalarda danışan həkimlər haqqında neqativ fikirlər demək istəmirəm. Kimin kim olması hər kəsə bəllidir. Biz onların istedadına da, gücünə də bələdik. Çox təəssüflər olsun ki, "N1” adlandırılan həkimlər savadına görə axırıncı sıralarda dayanan insanlardır. Kanallarda reklamı aparılan, özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan, anatomiyadan xəbəri olmayan şəxslərdir. Təəssüf ki, avam camaat buna inanır və reklama uyur. Reklamı güclü gedən həkimə tələbat artır və bu da həmin həkimi məşhurlaşdırır, qəbul qiymətini artırır. Bizim millət belə reklamlara, qəbulu baha olan həkimə daha çox inanıb etibar edir. Hansısa həkim çıxıb deyir ki, bu mənim öz müalicə üsulumdur. Sən kimsən axı, öz üsulun da ola?! 20 ildən çoxdur ki, Amerikada robot cərrahlığı tətbiq olunur. Həkim otaqda oturur, əməliyyatı robot icra edir. Bizdə heç robot yoxdur. Biz necə cərrah kimi özümüzü dünya ölkələrilə müqayisə edə bilərik? Utanmaq lazımdır. Bütün bunların hamısı avam camaata hesablanan reklamlardır”. Xarici ölkələrdən dəvət olunan həkimlərin Azərbaycan səhiyyəsində meydan sulamasına gəldikdə isə professor hesab edir ki, burada da konkret şəxslərin koorporativ maraqları əsas rol oynayır: "İstənilən ölkədən gələn həkim rahatlıqla bizim ölkədə fəaliyyət göstərir. İstədiyi vaxt gəlib, istədiyi xəstəxanada əməliyyat edib, pulunu alıb gedir ölkəsinə. Bizim heç bir həkim bunu hansısa xarici ölkədə edə bilməz. Həmin ölkələrin qanunları buna imkan verməz”.
A.Qeybullanın sözlərinə görə, saxta dərmanların və həkimlərin televiziyalarda reklam olunması ilə bağlı parlamentdə deputatların diskussiya aparması əsaslı olsa da, gecikmiş bir addımdır. "Vaxtında millət vəkillərini bu barədə xəbərdar etmişdim, amma qabaqlayıcı tədbir görən olmadı”.
Şəymən