“Kasıbam deyib artistlik etmək doğru deyil”

Mətanət Əliverdiyeva: “Bu, yalan yolla tamaşaçı cibinə girib oğurluq etmək deməkdi”
Hamının kimliyi göz önündədir. Aytəni ANS-in keçmiş işçilərindən soruşun, görün barəsində nə deyərlər. Bir də məni soruşun, yəni insanın kimliyini onunla işləyənlər bilir



Maşın şousu hər buraxılışı ilə fərqli qalmaqallar nümayiş etdirir. Maşın ətrafında baş verənlər isə müzakirəsiz ötüşmür. Hər iştirakçı ilə bağlı müxtəlif fikirlər səslənir, hər iştirakçı oyunu ilə tamaşaçıda fərqli fikir formalaşdıra bilir. Maşının ən yaddaqalan oyunçularından sayılan tanınmış teleaparıcı Mətanət Əliverdiyeva da kifayət qədər qalmaqallı, öz oyununu aparan iştirakçı kimi seçilə bilmişdi. Realiti-şounu tərk edən Mətanət "Maşın” barədə "Şərq”ə maraqlı açıqlamalar verdi.

- Maşın ətrafında nə baş verir?

- Maşın haqqında danışmaq istəmirdim. Çünki orda elə məqamlar yaşandı ki, bu barədə susmaq doğru olar. Nə deyim, mən oyunumu oynamağa çalışdım. Mənə elə gəlir ki, sona qədər də bəziləri kimi simamı itirmədim. Sağ deyib sol vurmadım.

- Dünən Hüseyn sağ deyib, sol vurdu. Həm də bu zərbə nə qədər oyunun qaydalarına zidd olmasa da, tamaşaçıların fikrincə Abbasa qarşı haqsızlıq oldu.

- Bəli, Abbasa qarşı dünən tam haqsızlıq edildi. Çirkin oyun aparıldı. Oyundu, maşın ətrafında oynayan hər bir iştirakçı öz taktiksı ilə seçilə bilər, bu normaldı. Hərənin bir oyun strategiyası var. Amma Abbasın dünən getməsinə çox təsirləndim. Buna taktika deməzdim. Hüseyn şəxsiyyətini nümayiş etdirdi. Orda hər kəs öz mənliyni ortaya qoyur. Tamaşaçıya oynamaq doğru deyildi. Abbası belə uzaqlaşdırmaq haqsızlıq idi. Abbas mənim canım-ciyərimdi. Özünə hörmət edən insandı.
Hüseyn dünən oyunun gedişində sona qədər Pərvini çıxaracağını bildirdi. Hətta ona təklif olanda ki, seçimini dəyişsin, belə bir fikir səsləndirdi ki, mən tamaşaçını aldada bilmərəm, tamaşaçıdan səs almaq üçün onları aldada bilmərəm. Amma tamaşaçını aldatdı...

- Yenə deyirəm, mən maskalı olan insanları qəbul edə bilmirəm. Sağ deyib sol vura bilmərəm. Elə ona görə də, mənim kimi oyunçu onlara sərf etmədi. Məni bu səbəbdən maşından uzaqlaşdırdılar. Hüseyn orda Abbası uzaqlaşdırmaqla təkcə tamaşaçını aldatmadı, həm də özünü gözdən saldı.

- Orda hamı özünə hörmətdən danışır, amma bir ad çəkib başqasını uzaqlaşdırmaq onlara ağır gəlmir. Axı üz-üzə gəlmək olur həyatda...

- Kimisi üçün ağırdı, kimisi üçün də ağır deyil. Maşında bunu bir də seyr etmiş olduq. Mən arsız adam deyiləm deyə, mənə ağır gələr. Çünki mənim üçün dostluq dəmir parçasından önəmlidir, şəxsiyyət maşından dəyərlidir.

- Orda çoxlarında dostluğa dəyər qaldımı?

- Mənim orda dostlarım çox deyildi. İlhamə Bədəlova idi, canım-ciyərimdi, Azər Axşam idi, ən yaxın dostum. Bir də hörmət etdiyim bir neçəsi var idi. Ruhəngiz Musəviyə hörmət edirəm, bir də Əli müəllimə hörmətim var. Əli müəllim əslində efirdən fərqli görünə bilər, amma çox ürəyi yumşaq insandı, orda bir də onu tanımış oldum. İnsanı tanımaq üçün neyləmək lazımdı, yol yoldaşı olmaq lazımdı.

- Siz maşınla yol getmiş oldunuz?

- Bəs necə, Maşın surəti götürən andan yol yolçusu olduq. Bəzi insanlar mənim üçün "sıfır”landı, bitdi. Mənim üçün o insanlar öldü. Orda dəyəri qalanlardan Qurd, İlhamə Bədəlova, Məcid var idi ki, o insanlar mənim üçün dəyərini saxlaya bildi. Onlar sağ deyib, sol vuranlar olmadı. Qurdun hədəfi İlhamə idi, sona qədər onunla mübarizə apardı. İlhamə qalib oldu, oynadı, sonra İlhaməni uzaqaşdırdılar. Məcidi də sakit uzaqlaşdırdılar, çünki o, satılmadı.

- Yəni dəmir parçasına şəxsiyyət satanlar oldu. Axı bəziləri də deyir ki, oyundu, hər vasitə keçərli sayıla bilər...

- Mən dəmirə görə şəxsiyyətimi satacaq qədər cılız ola bilməzdim. Mən hədəfimi nümayiş etdirdim. Kiminlə mübarizə aparırdımsa, onu da vurmalıydım. Mən heç kimin sözü ilə oturub durmadım deyə, sona qədər qalmadım. Çünki kimsənin diktəsi ilə hərəkət etmirdim, mən imkan vermədim ki, kimsə məni idarə etmək imkanı qazana bilsin. Bunu özümə yaraşdıra bilməzdim.

- Maşında qruplaşma var idimi?

- Təbii ki, qruplaşma var idi. Orda əksəriyyəti maskalı idi. Orda bir çoxlarından fərqli olaraq Günel Hümmətova mərd qız idi, min söz dedilər barəsində, amma mərd oynadı. Bilirsiz, hamının pis, yaxşı maşını var. Amma insan əşyaya görə, dostluğuna xəyanət etməz. Şəxsiyyətini kimsənin qarşısında alçaltmaz. Bir də imkan qədər könül sındırmamaq lazımdı.

- Hüseyn imkansız uşaq kimi təqdim edildi. Tamaşaçıya göz yaşı kimi təsirlər oldu, tək böyüyüb filan. Amma o insan dünən elə bir hərəkət etdi ki, sanki bir anda maskası üzə çıxdı, birmənalı qarşılanmadı. Ötən gündən sosial şəbəkələrin müzakirə mövzusuna çevrildi...

- Bilirsiz nəyə pis oluram? Bəzən göz yaşı ilə, "ay, mən kasıbam” deməklə, tamaşaçıya oynamaq doğru deyil. Heç kim asanlıqla nəsə əldə etmir həyatda. Mən 21 yaşından işləyirəm. 40 yaşında maşına sahib olmuşam. Son illərə qədər evim yox idi, hələ də kredit ödəyirəm. Yəni mən kasıbam deyib, tamaşaçını təsirləndirmək üçün artistlik etmək doğru deyil. Bu, yalan yolla tamaşaçı cibinə girib oğurluq etmək deməkdi. Bəli, oyundu, oyununu aparmalısan. Mənim "5 gəlin” verilişimdə də qızlar cehiz üçün oyun göstərir, mübarizə aparır. Amma heç kim şəxsiyyətini satmır.

- Hüseyn əməlli-başlı publikaya oynadı. Pərvini son dəqiqəyə qədər çıxaracağını dedi. "Başqa cür olsa tamaşaçını aldatmış olaram. Onların səslərindən istifadə edib onlara yalan sata bilmərəm” desə də, son seçimi Abbas oldu.

- O, tamaşaçıdan əvvəl özünü aldatdı. İnsan yalan danışanda əvvəl özünü aldadır. Qarşında dayanan insanı aldatmağa gəlincə, o da insanın tərbiyəsini göstərir. Yalançı olmaq əxlaqa uyğun hərəkət deyil. İnsan nə qədər maddiyatı mənəviyyatına qurban verə bilər? Hüseyn bunu bacardı. Mən özümlə bağlı bir xatırlatma edim. Mənim şəklim ora atılan gün dedilər ki, sən hədəf kimi Aytəni de, səs topla Abbası vur. Mən dedim ki, Abbasa qarşı belə alçaqlıq edə bilmərəm. Mənim əqidəm buna yol verməz. Onlar çox yaxşı bildilər ki, mən Abbasa toxunmaram, səs toplasam Aytəni çıxaracam. Ona görə də məni uzaqlaşdırdılar. Mənim qalmağım onlara sərf etmədi. Çünki mən idarə olunacaq insan deyildim.

- Aytənlə münasibətiniz tamaşaçıda qeyri-müəyyənlik yaratdı. Bəziləri dedi hər ikiniz artistlik edirsiz. Axı əvvəllər yaxın olmusuz...

- Yaxın deyəndə salam-sağ olumuz olub. Ata-anasına böyük hörmətim var. Çox gözəl insanlardı. O vaxt "Qonaqlıq” verilişində evində qonaq olmuşuq. Bir yerdə çalışmışıq. Vəssalam. "Qatarda” tamaşası çox gözəl tamaşadı. Mən ordakı "Fatı dur, Fatı otur” diktəsi ilə hərəkət edən insan deyildim. Mən qruplaşmada olsaydım, hələ ordaydım. Diqqət yetirin, qrupdan kənarda olanlar qalmadı. Hamını uzaqlaşdırdılar. Qaldı Aytənlə münasibətimə, mən bu barədə çox danışmaq istəmirəm. Hamının kimliyi göz önündədir. Aytəni ANS-in keçmiş işçilərindən soruşun, görün barəsində nə deyərlər. Bir də məni soruşun, yəni insanın kimliyini onunla işləyənlər bilir.

- Maşın sənə nə öyrətdi?

- Ordakı insanların iç üzünü göstərdi, onların kim oduğunu öyrətdi. Əslində çoxunun kim olduğunu bilirdim. Maşın bir də onları mənə tam tanıtdı. Mən maşına sərmayə qoymamışdım ki, nəsə itirəydim. Dəvət gəldi, maraqlı şoudur, iştirak etdim. Əsas odur ki, ora gələndə necə Mətanət idimsə, ordan çıxanda o Mətanəti apardım. Maşının təkərinə bağlayıb çıxmadım bəziləri kimi. Mətanət ora necə getmişdi, elə də çıxıb işinə, həyatına qayıtdı. Amma açığı, bütün sinirlərim getdi. Kim hesab edir ki, ora istirahət yeridi, səhv düşünür. Ora gedəndə bütün əsəblərin pozulur. Mən başa düşdüm ki, ora mənim yerim deyil. Çünki maşın ətrafında dürüst olub sona qədər dayanmaq mümkün deyil.

- Səni də qınayanlar oldu. Oyun zamanı sən də sosial şəbəkələrin müzakirə mövzusu oldun. Bu səni narahat etmədi ki?

- Məni narahat etmədi, çünki məni sevənlər bilir necə insanam. Mənim yaxınımda olanlar, mənim tamaşaçılarım Mətanəti tanıyır, deyə, mən oyun oynayırdım, amma artistlik etmirdim. Ona görə narahat deyildim. Mən kameranı görən kimi dəyişən deyiləm. İnstaqram işlətmirdim. 2-3 gündü açmışam. Ordan bir yaşlı kişi yazıb ki, qızım, o, Pantamim Teatrının aktrisasıdı.

- Söhbət Aytən Səfərovadan gedir yəqin ki...

- Bəli, Aytən üçün deyilirdi. Dünən də onun aktrisalığı göründü. Mənim söz deməyimə belə ehtiyac qalmadı. Mən sənin kimi, qonağı dəvət edəndə alçaltmıram, təhqir etmirəm. Bu mənim tərbiyəmə, əxlaqıma, mədəniyyətimə ziddir. O, yalançı qadındı. Ola bilər ki, mənə inanan da olsun, inanmayan da.

- Dünənə qədər inana bilməyənlər vardı, dünən özünü tanıtdı deyirsən...

- Bir də qeyd edirəm, bütün ANS-çiləri dindirin görün ondan danışarlar, ya məndən. Aytənin kimliyini onu yaxından tanıyan hər kəs bilir. Mən "Maşın”da sona qədər mövqeyimi açıq nümayiş etdirəcək qədər cəsarətli yolu nümayiş etdirdim. Kaş mənim cəsarətimdən bəzi pişik kimi başqalarının ovcuna möhtac olanlarda da olaydı.

Tahirə Məmmədqızı