Keçid balı 150-ə endiriləcək ? - AÇIQLAMA

"Ali məktəblərə sənəd verənlərin sayındakı azalmalara baxmayaraq, hər il plan yerləri artırılır”.
Bu barədə "Sherg.az”a tarix üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib. 
O xatırladıb ki, 2013-cü ildə prezidentin imzaladığı "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin əlçatan olması göstərilib:
"Bu gün Azərbaycanda ali təhsilli insanlar ümumi ölkə əhalisinin cəmi 17 faizini təşkil edir. Hər 1000 nəfərdən cəmi 126-sı ali təhsillidir. Bu göstərici dünya standartlarından aşağıdır. Əsas problem isə keyfiyyətli ali təhsil verə bilməkdir.
Hər il plan yerlərinin artırılmasının məqsədi ali təhsil üçün müraciət edən abituriyentlərin xarici ölkələrə üz tutmasının qarşısını almaqdır. Amma artırılan plan yerləri tam şəkildə doldurulmur”.
Əsas problemin keyfiyyətli təhsil məsələsi olduğunu diqqətə çatdıran K.Əsədov vurğulayıb ki, keçid balı və keyfiyyətli qəbulun həyata keçirilməsi bir-birinə uyğun gəlmir:
"Düşünürəm ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə keçid balını 200 baldan 150-ə endirəcək. Amma plan yerinin artırılması yeni ixtisasların ortaya çıxmasını da şərtləndirir. Əslində universitetlərin müvafiq ixtisasları qəbul etmək, tədrisi aparmaq imkanı varsa, bu yaxşı haldır. Tələbələrin sayının artması, universitetlərin özünü maliyyələşdirməsi üçün də müsbət haldır.
DİM boş qalan plan yerləri ilə əlaqədar müvafiq addım atmalıdır. Məsələn, boş qalan yerlərə hazırlıq kursları təşkil edilə bilər. Ali məktəblərin nəzdində yaradılması qərara alınan, hələ də reallaşdırılmayan hazırlıq kurslarını da bu şəkildə yaratmaq olar. Beləliklə, universitetlərin maliyyə itkilərinin qarşısı alınar”.
Qeyd edək ki, DİM-in məlumatına görə, qəbul planı 37956 yer təşkil edir. Bu il I qrupa 12052, II qrupa 10969, II qrupa 10453, IV qrupa isə 4482 yer ayrılıb. Bu, ötən illə müqayisədə 1419 yer və ya 3,88 faiz çoxdur.
Aysel Aslan