Kənd təsərrüfatını bilən kadrlara ehtiyac var

Gənclər bu sahəyə gəlsələr qazanmış olarlar



Ölkəmizdə kənd təsərrüfatı yönümlü ixtisaslara meyl edən abituriyentlərin sayı kifayət qədər azdır. Yüksək bal toplayanların baytarlıq və ya tərəvəzçilik kimi ixtisasları seçdiyini görə bilmərik. Elə buna görə də hazırda kənd təsərrüfatı sahəsində kadr çatışmazlığı müşahidə olunur.

Prezident İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, həmçinin Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Meşəçilik, Zootexniklik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Aqromühəndislik, Şərabçılıq, Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik, Ekologiya, Baytarlıq və Əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcək. Görünür ölkə başçısı kənd təsərrüfatı sahəsinə marağın artması və bu sahədə təhsil alanları daha da həvəsləndirmək, onlara müəyyən stimul vermək məqsədilə belə bir göstəriş verib.

Prezidentin göstərişi ilə bağlı fikirlərini "Şərq”lə bölüşən təhsil üzrə ekspert Məlahət Mürşüdlü hesab edir ki, əlavə təqaüdlərin verilməsi bu sahəyə olan marağı artıracaq. Ekspertin sözlərinə görə, stimullaşdırıcı işlərin görülməsi ilə müəyyən çatışmazlıqlar aradan qalxacaq:

 "Ölkə başçısının göstərişini alqışlayıram. Kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislərin sayı get-gedə azalır. Abituriyentlərimiz kənd təsərrüfatı ixtisaslarına həvəssiz yanaşırlar, bu da rayonlarda, kəndlərdə problemlər yaradır. Düşünürəm ki, tələbələrə əlavə təqaüdlərin verilməsi onlar üçün bir motivasiya, stimullaşdırıcı haldır. Prezidentin göstərişi gənclərin gələcəkdə bu ixtisasa olan marağının daha da artırılmasına yönəlib. Çox istərdim ki, pedaqoji ixtisası, yəni müəllimliyi seçənlər üçün də belə bir addım atılsın. Yüksək bal toplamış abituriyentlər mükəmməl bir ixtisas sahibi olaraq gələcəkdə dərs desinlər”.

"Kənd təsərrüfatı sahəsində mütəxəssislərin yetişdirilməsi, aqrar sahəyə təşviq ən vacib məsələlərdən biridir”. Bunu barədə isə "Sherg.az”a Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, kənd təsərrüfatı sahəsi üzrə ekspert Qadir Bayramlı danışıb. O diqqətə çatdırıb ki, kənd təsərrüfatı sahəsi üzrə təhsilə marağı artırmaq vacibdir:

"Mütəxəssislər sovet dövründə çoxsaylı kənd təsərrüfatı texnikumlarını bitirdikdən sonra dövlət tərəfindən işlə təmin edilirdilər. İndi isə belə stimul yoxdur. Səbəb isə böyük təsərrüfatların olmamağıdır. Kənd təsərrüfatı müəssisələrinin çatışmazlığı, təcrübə sahələrinin qıtlığı aqrar təhsilə marağı da azaldır. Kənd təsərrüfatı ixtisaslarını seçən bakalavrlara əlavə təqaüdlərin ayrılması aqrar sahədə təhsilə təşviq üçün müsbət addımdır. 

Önəmli olan aqrar sahədə yetişən mütəxəssislərin işlə təmin olunmasıdır. Bu istiqamətdə təhsilin yüksəldilməsinə, təcrübə sahələrinin genişləndirilməsinə ehtiyac var”. 

Q.Bayramlı onu da əlavə edib ki, tələbələrin kənd təsərrüfatı sahəsində beynəlxalq proqramlar çərçivəsində xarici ölkələrdəki böyük universitetlərə göndərilməsi effektiv olar: 

"Tələbələrin xaricdə aqrar təhsil alması, təcrübə keçməsi kənd təsərrüfatına təşviqin daha səmərəli olmasına kömək edəcəkdir”.

Yeganə Bayramova