Klimov yalan danışır





Ötən gün Moskvada Azərbaycan-Rusiya münasibətlərinə dair beynəlxalq konfrans keçirilib. Konfransa rusiyalı deputatlar, siyasi ekspertlər və ictimai xadimlər qatılıblar. Çıxış edənlər Dağlıq Qarabağ probleminin siyasi yolla nizamlanmasına xüsusi diqqət ayırıblar.

Tədbirdə həmçinin, iki ölkə arasındakı mədəni əməkdaşlıq, Moskva-Bakı əlaqələri, diasporanın fəaliyyəti və s. məsələlərə toxunulub. Qarabağ məsələsində Rusiyanın həmsədr ölkə kimi rolunu dəyərləndirən Federasiya Şurasının üzvü Andrey Klimov bildirib ki, Moskva üçün əsas məsələ tərəfdaş olduğu ölkələrin daxili və xarici siyasətlərini özlərinin formalaşdırmasıdır: "Rusiya sadəcə vasitəçidir, nə vəkil, nə də prokurordur. Heç kimin tərəfindən çıxış etmirik. Çalışırıq ki, tərəflər özləri güzəştli həll yolu tapsınlar”. Rusiyanın məşhur politoloqu Aleksandr Duqin isə deyib ki, münaqişə Moskva-Bakı əlaqələrinə mənfi təsir göstərir. Analitik Proxonov vurğulayıb ki, Qərb ölkələri Azərbaycan və Rusiya siyasətinə müdaxilə edir, ikili əlaqələrin korlanmasına çalışır. 

Konfransla bağlı "Şərq”ə danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə rusiyalı senator Klimovun məsələyə yanaşmasının yanlış olduğunu deyib. Deputat bildirib ki, söhbət vassal Ermənistandan yox, başqa müstəqil dövlətdən getsəydi, Azərbaycan ikitərəfli danışıqlarla problemin həllində irəliləyiş əldə edə bilərdi: 


"Lakin işğalçı Ermənistan müstəqil dövlət deyil. Düşmən ölkə Rusiyanın hərbi bazasıdır. Ermənistanla bağlı bütün qərarlar birbaşa Rusiyadan verilir. Ona görə də, "tərəflər özləri məsələni həll etsin” düşüncəsi absurddur. Buna bənzər fikirlər dəfələrlə gündəmə gətirilib. Azərbaycanda hamı çox yaxşı bilir ki, Ermənistanın və Dağlıq Qarabağ probleminin açarı Rusiyanın əlindədir. Kreml istənilən məqamda məsələni birdəfəlik həll etmək imkanına sahibdir”. A.Mollazadə deyib ki, münaqişə müsbət həllini taparsa, şübhəsiz ki, bölgədə əmin-amanlıq və sülh təmin ediləcək: "Münaqişənin çözülməsində əsas rol oynayan Rusiyanın regionda nüfuzu artacaq, vasitəçi kimi etibar qazanacaq. Eyni zamanda bölgənin digər dövlətləri də stabil şəraitdə əməkdaşlıqlarını sıxlaşdıracaqlar. Ancaq təəssüflər olsun ki, Moskva bu addımı atmır, ya da atmaq istəmir”.

Millət vəkili konfransda səslənən "Qərb dövlətləri Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmağa çalışır” fikirlərinə də toxunub:

"Mən proseslərin tam əksini görürəm. Qərb ölkələri yox, əksinə, Rusiya digər dövlətlərlə ABŞ və Avropanın əlaqələrinin korlanmasına çalışır. Bu istiqamətdə atılan addımlar göz önündədir”. Partiya sədri sentyabrın 19-da Ümumrusiya Azərbaycanlıları Konqresinin taleyi ilə bağlı keçiriləcək sonuncu məhkəmə prosesinə də münasibət bildirib: "Rusiya tərəfi ÜAK-ın qeydiyyatı ilə bağlı müsbət qərar verməlidir. ÜAK kimi bir nəhəng təşkilatın ləğvi çox ciddi insan hüquqları pozuntusudur. Rusiyada yaşayan azərbaycanlıların haqlarının kobud şəkildə pozulmasıdır. Əgər qərar mənfi olarsa, Rusiya azərbaycanlıları bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırmalıdır. Azərbaycan dövləti də prosesə dəstək verməlidir. Bir daha vurğulayıram ki, çox haqsız qərardır və tamamilə siyasi mahiyyət daşıyır. Məqsəd Azərbaycana təzyiq göstərməkdir”.

İsmayıl