Könül Xasıyeva xəstəxanaya yerləşdiriləcək

“Ağrılarım şiddətlənib, oğlumun məni belə görməsini istəmirəm”




Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. Xalq artistinin səhhəti ilə maraqlandıq. Könül xanım "Şərq”ə açıqlamasında bildirdi ki, bir neçə gündür dəhşətli ağrıları başlayıb: "Bütün bədənimdə çox dözülməz ağrılar başlayıb. Onurğamda, dizlərimdə, ayaqlarımda, iliyimdə olan ağrılara artıq dözə bilmirəm. Hələ üstəlik, astma da bir tərəfdən son günlər məni boğmağa başlayıb. Dünən təcili yardım çağırdılar. Elə bildim ürəyim sancır. Sinəm göynəyirdi. Həkim müayinə etdi, dedi ki, ürəyinizlə bağlı deyil. Əsəblə bağlıdı. Xəstəlik əsəblərimi də korlayıb. Gələn, maraqlanan olur. Başa düşürəm ki, məni istəyib gəlirlər. Amma gələn danışır, ən çox da soruşurlar ki, Könül xanım, özünüzü necə hiss edirsiz, bu söz məni qıcıqlandırır. 

Görünən dağa nə bələdçi? Görmürsüz necəyəm ki? Bir də soruşub dərdimi niyə təzələyirsiz ki? Onsuz da nə vəziyyətdə olduğumu görürsüz. Bir də o suallarla məni ağrıtmağa dəyərmi? Başım səs-küy götürmür. Gələn də danışır, bu da məni narahat edir. Bir neçə həkimlə əlaqə yaratmışam. Sabah (bu gün) hansı xəstəxanada yatacağıma qərar verəcəm. 

Yəqin ki, xəstəxanalardan birinə yerləşdiriləcəm. Oğlum, Kazımın məni belə görməsini istəmirəm. Uşaq anasını belə görür, pis olur. Onun nə yaşı var ki, ananın xəstəliyinin dərdini çəksin. Bir müddət ağrılarım səngimişdi. Ağrılar o qədər şiddətlənib ki, evdə qala bilmirəm, xəstəxanaya yerləşdirilməyim şərtdi”.

Xalq artisti maddi durumunun da yaxşı olmadığını söyləyib: 

"İşləmirəm, gəlirim yoxdur. Məni bütün hallarda sağlamlığım maraqlandırır. Qalanları boş şeydir. İndi bacılarım yanımda qalır. Onlar mənə qulluq edirlər. Amma müalicələr böyük vəsait tələb edir. Elə pulum da yoxdur. Neçə vaxtdı işləmirəm, qazancım, gəlir yerim yoxdu. Xəstəxanaların da qiymətləri hamıya məlumdur. İndi danışırıq, görək hansı xəstəxanaya yerləşəcəm. Bircə Allahımdan cansağlığı istəyirəm. 

Heç olmasa, oğlumu yerbəyer edə bilsəm, ona gün ağlasam, başqa dərdim olmaz”.
Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.

Tahirə