Koreyalılar da almanların taleyini yaşayacaq

“Trampın Kim Çenlə görüşdən yayınması silah elitasının qələbəsi deməkdir”




Ötən gün ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla Sinqapurda planlaşdırılan ikitərəfli sammitdə iştirakdan imtina edib. Səbəbini isə, Şimali Koreya liderinin son bəyanatında nümayiş etdirdiyi "böyük qəzəb və açıq düşmənçiliklə” əsaslandırıb.

Rəsmi Pxenyan isə cavabında Trampın bu qərarının beynəlxalq birliyin istəklərinə zidd olduğunu, istənilən vaxt və istənilən formatda Vaşinqtonla sammit keçirməyə hazır olduqlarını bəyan edib. Trampı Kim Çen Inla görüşmək fikrindən onun milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton daşındırıb. Bolton Şimali Koreya ətrafında yaranan problemin güc yolu ilə həllinin tərəfdarıdır. ABŞ-la Şimali Koreya arasındakı sammit üçün kifayət qədər əmək sərf edən, Kim Çen Inla görüşüb məsələni həll edən ABŞ dövlət katibi Mayk Pompeo sammitin ləğv olunmasına olduqca təəccüblənib. Mayk bunun doğuracağı nəticələrə görə, məsuliyyəti Con Boltonun üzərinə qoyub.

Trampın imtinasını şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Trampın Kim Çenlə görüşdən yayınması silah elitasının qələbəsi deməkdir: "Dünyada gərginlik davam etməlidir ki, ən çox silah satan və BMT-də veto hüququna malik olan dövlətlər öz silah bizneslərini davam etdirsinlər. Təəssüf ki, koreyalılar birləşmək baxımından almanların taleyini yaşamayacaq. Çünki Şimali və Cənubi koreyalıların yaxınlaşması və birləşməsi ABŞ, Çin, Rusiya və Yaponiyanın maraqlarına uyğun deyil. Trampın məlum imtinasının ən böyük zərbəsi yeni-yeni düzələn iki qardaş ölkənin - Şimali və Cənubi Koreyanın yaxınlaşmasına dəyəcək. Ağ Ev rəhbəri bunu bilərəkdən edir. Amerika nə Şimali Koreyanı, nə də İranı vuran deyil. Amerikaya böyük müharibə lazım deyil. Silah mafiyasına kiçik müharibələr və böyük gərginliklər daha çox sərf edir. Onlar silah ticarətləri ilə dünyanı parçalayıb idarə edirlər. Amma buna "dur” deyən bir güc yəqin ki, nə vaxtsa olacaq. Sadəcə, hələlik o güc yetərincə güclü deyil”.
İsmayıl