Rusiya artıq Əsədi qurban verməyə hazırdır
"Moskva Suriya Prezidenti Bəşər Əsədi dəstəkləmir, əksinə, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə sadiqdir”. Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib. Nazirin sözlərinə görə, Suriyanın və onun liderinin taleyini yalnız bu ölkənin xalqı müəyyən edə bilər.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin də bir neçə gün əvvəl "G20” sammitində çıxışı zamanı "Suriyanın və Bəşər Əsədin taleyini yalnız Suriya xalqı müəyyən edə bilər” şəklində ifadə səsləndirib. Bir sıra ekspertlərə görə, əvvəlki dönəmlərdə israrla Əsədi müdafiə edən Moskva hökuməti son proseslərdən sonra "ölümcül” vəziyyətdə olan Suriya hakimiyyətindən ümidini kəsib. Ona görə də verilən son açıqlamalarda Əsədin dəstəklənməyəcəyi açıq şəkildə ifadə olunur.
Kremlin mövqe dəyişikliyi ilə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, Rusiya Suriyada birmənalı siyasət yeritmir. Ekspertə görə, Moskva 2015-ci ilin sentyabr ayından sonra məqsədyönlü və vahid xətt üzrə siyasət aparmır:
"Rusiya rəsmiləri ziddiyyətli açıqlamalar verir və mövcud vəziyyəti daha da mürəkkəbləşdirirlər. Moskva son aylarda bir cinahdan o biri cinaha çəkilib. Bu cür qeyri-müəyyən davranışına görə, İran və İraq hökumətləri Rusiyaya narazılıq etməyə başlayıblar. Çünki Kreml ilkin dövrdə Suriyada daha aktiv idi, amma sonralar sanki fasilə verdi. Daha doğrusu, Qərblə münasibətlər fonunda ikibaşlı oyun oynamağa başladı. Hazırda Rusiya gah ABŞ və Avropa ölkələri ilə razılaşmaya gedir, gah da onların açıqlamalarına qarşı ifadələr səsləndirir. Təsadüfi deyil ki, məhz bu məqamdan sonra İran-Rusiya münasibətlərində gərginlik müşahidə olundu.
Lavrov isə "gah nala, gah da mıxa” vurur. O, eksperimentvari bir siyasətçidir və açıqlamaları öz mövqeyinə əsaslanır. Ancaq fərqində deyil ki, bu cür davranışları ilə əslində Rusiyanın abrını aparır. Kreml kimi Lavrov da bir xətt üzrə siyasət yeridə bilmir”. Ekspertin sözlərinə görə, Rusiya açıq formada "Əsədi qurban verməyə hazır” olduğunu deyib, İran və İraq isə Əsədin qalmasının tərəfdarıdır: "İran və İraq hökumətləri hesab edirlər ki, Suriyadakı hakim rejim yaxşı və ya pis formada proseslərə müəyyən qədər nəzarət edə bilir. Hakimiyyətin indiyə qədər tab gətirməsinin səbəbi də məhz Əsədlə bağlıdır. Onların fikrincə, Bəşər Əsədin Suriya adından söz söyləməyə haqqı çatır. Amma Suriyada vəziyyət hələ kritikdir. İlk növbədə ölkə stabil hala gəlməli və orada seçki keçirilməlidir”.
İsmayıl