"Qaz məsələsi Ermənistan və Rusiya arasında ciddi problemlərə səbəb olacaq"
Ermənistanın yeni hakimiyyəti tərəfindən Moskva ilə gərginliyi artıra biləcək növbəti addım atılıb. Paşinyan hökumətinin nümayəndələri Rusiyanın "Qazprom” şirkətinin ölkə ərazisindəki törəmə strukturlarında ciddi yoxlamalar aparmağa başlayıblar. Yoxlamaların nəticəsində törəmə şirkətlərin vergi ödənməsindən yayındıqları məlum olub. Şirkətin bir sıra pozuntu hallarına yol verdiyi də bildirilib. Bundan əlavə, şirkət boru kəmərlərinə qaz ötürülməsinin azaldılması və kəmərlərdə itkilərin süni şəkildə artırılmasında da ittiham edilir. Təftişin nəticələrinə əsasən, şirkət rəhbərliyinə cinayət işi açılıb. Məlumat üçün deyək ki, "Qazprom” Ermənistana qaz tədarük edən alternativsiz şirkətdir. Ekspertlərə görə, Paşinyan hökumətinin bu addımı İrəvanla Kreml arasındakı qarşıdurmanı bir qədər də dərinləşdirəcək.
Düşmən ölkədə cərəyan edən prosesləri "Şərq”ə dəyərləndirən analitik Ehtiram Aşırlı deyib ki, "Qazprom” şirkəti iri həcmdə vergi ödəməsindən yayınıb. Şirkət 2016 və 2017-ci illərdə struktur gəlir vergisi və ƏDV haqda yanlış məlumatlar təqdim edib: "Bunun nəticəsində bir neçə milyard dram həcmində vergidən yayına bilib.
Dövlət Gəlirləri Komitəsi dəymiş ziyanın həcmini dəqiqləşdirmək üçün araşdırmanı davam etdirir. Rusiyadan Ermənistana qaz təchizatı sistemində korrupsiyanın olduğunu baş nazir Nikol Paşinyan daha əvvəldən gündəmə gətirmişdi.
Məsələ ondadır ki, Ermənistan vətəndaşları Rusiyadan ucuz qaz alındığını hiss etmirlər. Bunun səbəbi səmərəsiz idarəetmə, o cümlədən də korrupsiya faktlarıdır. İrəvan hökuməti hesab edir ki, məsələnin ciddi araşdırılmasını Rusiya hakimiyyəti anlayışla qarşılayacaq. Məlum olduğu kimi, son günlərdə Ermənistana qaz tariflərinin azaldılması məsələsi də gündəmdədir.
Düşünürəm ki, qazın qiymətinin azaldılması məsələsi dekabrın 6-da Putin-Paşinyan görüşündə müzakirə ediləcək əsas predmetlərdən biri olacaq.
Təbii ki, bu görüşdən əvvəl Ermənistan tərəfindən belə bir addımın atılması rəsmi İrəvan üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Həmçinin, Rusiya hakimiyyəti qaz tariflərinin azaldılmasında maraqlı deyil və hər dəfə bundan imtina edir. Çox güman ki, qaz məsələsi Ermənistan və Rusiya arasında ciddi problemlərə səbəb olacaq”.
İsmayıl