Qərb Rusiyaya qarşı irəliləmir, əksinə, əl uzadaraq geriləyir
ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramından çıxmasını İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn dəstəkləsə də, İngiltərə, Çin, Rusiya, Almaniya və Fransa kimi ölkələr dəstəkləmədi. Avropa ölkələri Ağ Evi bu qərarına görə qınadılar və İranla imzalanan nüvə sazişinə sadiq qalacaqlarını bəyan etdilər. Hətta İngiltərə baş naziri Tereza Mey Almaniya və Fransa ilə birgə İranla əməkdaşlığını davam etdirəcəyini bildirdi.
Lakin meydanda tək qalan ABŞ İrana qarşı mövqeyindən vaz keçməyəcəyini və yeni plan üzərində iş apardığını açıqladı. "Əl-Cəzirə”nin məlumatına görə, Tramp İrana qarşı yeni planların yol xəritəsini hazırlayır. Yeni yol xəritəsinə əsasən, Tehrana qarşı yeni beynəlxalq koalisiya formalaşdırmaq istiqaməti müəyyənləşib. Bu kolisiyada İrana qarşı hərbi gücün tətbiq edilib-edilməyəcəyi barədə isə heç bir məlumat verilməyib. Nüvə razılaşmasının gündəmdə qalması fonunda ekspertlər daha bir təhlükəyə diqqət yönəldirlər. Söhbət ABŞ-la qarşıdurma yaşayan Avropa ölkələrinin Rusiya ilə tədricən yaxınlaşmasından gedir. Bu isə Krım və Ukraynanın ərazi bütövlüyü kimi bir çox problemlərin arxa plana keçməsinə, Qərbin Rusiyaya qarşı sanksiyalarının zəifləməsinə gətirib çıxarır.
"Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirib ki, Almaniya kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Böyük Britaniya, Fransa və Avropa Birliyinin digər üzvlərinin İranla sazişdən çıxmayacağını təsdiqləyib. Fransa rəhbəri Emanuel Makron isə ümümiyyətlə ABŞ-la ultimativ dillə danışıb: "Böyük Britaniyanın korporasiyası İranın cənub-qərbində neft çıxarmağa davam edəcək. Düzdür, ABŞ xəbərdarlıq edib ki, İranla ticarəti davam edən şirkətlər sanksiyalara məruz qalacaq. Bunu nəzərə alan "Total” şirkəti İrandan çıxıb. Məsələ ondadır ki, Merkel işğalçı adlandırdığı Putinin ayağına gedir. Bu yaxınlarda Sankt-Peterburqda keçiriləcək İqtisadi Forumda Makronun da Putinlə görüşəcəyi deyilir. Bəs nə oldu Rusiyaya qarşı Avropanın sanksiyaları? Hamısı heç oldu, olan sadəcə Ukraynaya oldu. Krım ümümiyyətlə Putin üçün müzakirə mövzusu deyil. Artıq Donetsklə, Luqanskın azadlığı sual altındadır. Əgər Ukrayna Qərbin boş vədlərinə uyub, Yanukoviçi lazımsız yerə devirməsəydi, indi ölkə öz ərazi bütövlüyünü qoruyub saxlamışdı. Ukrayna Avrasiya İttifaqının üzvü kimi Qərblə yüksək səviyyədə əməkdaşlıq qura bilərdi. Nümunə kimi Qazaxıstanı göstərə bilərik.
Qazaxıstan Avrasiya İttifaqına üzv olsa da, ərazi bütövlüyünü də, Qərblə yüksək səviyyədə münasibətlərini də qoruyub saxlaya bilir. Ukrayna ilə Qazaxıstanı müqayisə edəndə hansının daha uduşlu vəziyyətdə olduğunu görürük. Nazarbayevi siyasətçi kimi dəstəkləməsəm də, ədalət naminə deməliyəm ki, çox müdrik siyasətçidir”.
Analitik bəyan edib ki, Skripal olayından sonra "Rusiyaya böyük zərbələr olacaq” deyənlər yanıldılar. İndiki sanksiyalar və münasibət tərzi ilə Qərb Rusiyaya heç nə edə bilməyəcək:
"Soyuq müharibə zamanı indiki Rusiyadan qat-qat güclü olan SSRİ-yə qarşı Şimal-Atlantik alyansı daha sərt və hesablanmış addımlar atırdı. Milli muxtar respublikaları, total korrupsiyanı, sosial uçurumu nəzərə alsaq, Rusiya bəlkə də dünyada ən çox zəif yeri olan ölkədir. Lakin buna rəğmən Qərb Rusiyaya qarşı irəliləmir, əksinə, əl uzadaraq geriləyir”.
İsmayıl