Latviya Azərbaycan üçün niyə vacib ölkədir ? - ŞƏRH

Fikrət Sadıqov : "Avropa İttifaqına yaxın ölkə, NATO-nun üzvü kimi Azərbaycan maraqlarını müdafiə edən, beynəlxalq toplantılarda bizim mövqeyimizi dəstəkləyən ölkə kimi Latviya ilə əlaqələr önəmlidir"



"Azərbaycan prezidenti son zamanlarda xarici ölkələrə çoxsaylı səfərlər həyata keçirib”.

Bu barədə Sherg.az-a ölkə başçısının Latviya səfərinin nəticələrini izah edərkən politoloq Fikrət Sadıqov danışıb. 

O bildirib ki, son səfərlər Polşa və Səudiyyə Ərəbistanına təşkil edilib:

"Polşa Avropanın aparıcı dövlətlərindən biridir. Latviya hələ Sovet dövründən Baltikyanı ölkələrin ən qabaqcıllarından idi. İndi isə Latviya NATO-nun Avropa Birliyinin üzvüdür. Onların qərbyönlü siyasəti artıq Rusiyanı qıcıqlandırır. Biz bu kontekstdə çalışırıq balanslaşdırılmış yer tutaq. Qərblə axır vaxtlar münasibətlərimizi yaxınlaşdırırıq. Bu həm Donald Trampın, həm də Fransa prezidenti Emmanüel Makronun Azərbaycan prezidentinə məktublarında da qeyd olunur. Bu, özü - özlüyündə müsbət haldır.

Qərb ölkələri ilə yaxınlaşmanı xarici siyasətimizdə prioritet kimi götürürüksə, xarici siyasətimizdə Latviya Azərbaycan üçün vacib ölkədir. Avropa İttifaqına yaxın ölkə, NATO-nun üzvü kimi Azərbaycan maraqlarını müdafiə edən, beynəlxalq toplantılarda bizim mövqeyimizi dəstəkləyən ölkə kimi Latviya ilə əlaqələr önəmlidir. Əminəm ki, dövlət başçısının o ölkəyə getməsi, danışıqların aparılması, müxtəlif sənədlərin imzalanması ölkəmizlə Latviya arasında münasibətləri genişləndirəcək. Bu həm Latviyanın, həm də Azərbaycanın maraqlarına cavab verən səfər olacaq”.

Qeyd edək ki, İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin Riqada geniş tərkibdə görüşü olub.

Aysel Aslan