Çünki Avropadan gələn turistlərlə Ərəb ölkələrindən gələn turistlərin istəkləri fərqlidir
Azərbaycanda sovet dönəmindən qalmış maraqlı obyektlər var. Bu obyektlərlə bağlı müəyyən proqramlar hazırlanarsa, böyük marağa səbəb olar
Ölkəmizdə sovet dövründə olan turizm marşrutlarının bərpası təklif edilir. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, sovet dövründə Azərbaycana gələn turistlər üçün bir çox maraqlı marşrutlar olsa da, bu gün həmin marşrutlar üzrə turlar təşkil edilmir:
"Məsələn, sovet dövründə Bakı-Şamaxı-Şəki-Gürcüstan turu təşkil olunurdu. Albaniya turistləri bu tura çox maraq göstərirdilər və buna görə ölkəmizə səfər edirdilər. Bundan başqa, indi elə turizm marşrutları var ki, onlar yeni istiqamət kimi qəbul edilir. Məsələn, sovet dövründə Qubanın Təngəaltı, Afurca kəndlərinə, eləcə də Qusarda Laza şəlaləsinə səfərlər çox olurdu. İndi yenə turistlər artıq bu yerlərə səfər etməyə də maraq göstərirlər”.
Son illər müxtəlif yarışların və tədbirlərin keçirilməsi Azərbaycana bir çox ölkələrdən turistlərin gəlməsinə səbəb oldu. Təbii ki, bütün bunlar həm mədəni, həm də iqtisadi baxımdan dövlətimiz üçün əlverişlidir. Ölkə iqtisadiyyatının daha da inkişaf etməsi üçün müvafiq tədbirlərin görülməsi, turistlərin sayının artmasına həmişə ehtiyac var. Bəs, sovet dövründəki turizm maşrutlarının bərpası turistlərin sayının artmasına şərait yarada bilərmi?
Sovet dönəminin cəlbedici marşrutları ilə bugünkü turistlərin istəkləri arasında ciddi fərqlər olduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə bildirib ki, öncə bu fərqlər nəzərə alınıb ölçülməlidir. Onun sözlərinə görə, marşrutlar təşkil olunarkən müxtəlif ölkələrdən gələn turistlərin istəkləri nəzərə alınmalıdır:
"Təəssüf ki, Azərbaycanda ümumi bir yanaşma var. İstənilən bölgədən gələn turistlər üçün eyni yanaşma və eyni marşrutlar mövcuddur. Düşünürəm ki, bu, doğru deyil. Çünki Avropadan gələn turistlərlə Ərəb ölkələrindən gələn turistlərin istəkləri fərqlidir. Turistlərə marşrutlar, əyləncə növləri və yaxud digər cəlbedici aksiyalar keçirilərkən bunlara diqqət etmək lazımdır. Avropadan gələn turistlər uçuq-sökük və pis vəziyyətdə olsa da, daha çox tarixi abidələri görməyə və məlumat toplamağa çalışırlar. Ona görə bu yöndə marşrutların olmasına üstünlük verirlər. Gürcüstan təcrübəsini xüsusilə deyə bilərik. Gürcüstanda son 10 ildə təqribən 2900-ə yaxın köhnə monastrları, kilsələri bərpa etdilər və ölkə üzrə təqribən 300-ə yaxın yeni marşrut istiqamətləri müəyyənləşdirildi. Bu gün artıq tək Tiflis deyil, bölgələr də turizmdən daha çox pay almağa başlayıblar.
Ölkəmizdə buna bənzər aksiyalar həyata keçirmək olar. Spesifik turistik marşrutların seçilməsi məqsədəuyğun olardı. Məsələn, bunun bölgələr üzrə də təsnifatı aparılmalıdır. Ərəb ölkələrindən gələn turistlər daha çox əylənmək, yerli mətbəxin təamlarından dadmaq və təbiət gözəlliklərini görmək istəyirlər. Çünki öz ölkələrindəki təbii şəraitlər buna imkan vermir. Amma Avropadan gələn turistlər daha çox tarixi abidələrin, tarixi marşrutların seçilməsinə üstünlük verirlər”.
N.Cəfərli bildirib ki, Azərbaycanda sovet dönəmindən qalmış maraqlı obyektlər var. Bu obyektlərlə bağlı müəyyən proqramlar hazırlanarsa, böyük marağa səbəb olar:
"Məsələn, Qəbələdə sovet dövründən qalma radiolokasiya stansiyası var. Bu obyekt artıq 3-cü ildir ki bağlanıb, hərbi statusunu itirib və ordakı bütün avadanlıq çıxarılıb. Həmin obyekti görmək, sovetlər dönəmindəki raketləri izləmək üçün bu stansiyaya maraq ciddi şəkildə arta bilər. Şərqi Avropa ölkələrində buna bənzər addımlar atılıb. Hətta sovet dönəmindən qalmış hərbi obyektlərə turlar təşkil olunur və bu, ciddi marağa səbəb olur. Məncə, Avropa ölkələrindən, Amerikadan, Uzaq Şərqdən gələn turistlər bu tipli obyektlərə böyük maraq göstərir və bu, Qəbələnin böyük bir turistik obyektə çevrilməsi üçün şansdır. Amma digər sovet maşrutlarının belə bir şansı olacağına inanmıram. Çünki o dönəmin turist istəkləri ilə, 21-ci əsrin turist profili arasında ciddi fərqlər yaranıb”.
Yeganə Bayramova