Məcburi köçkünlərin sosial vəziyyəti qiymətləndiriləcək





"Həyat” Humanitar Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsi” layihəsini icra edir.

Layihə barədə məlumat verən Birlik sədri Azər Allahverənov deyib ki, məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan rayonlarından didərgin düşmüş məcburi köçkünlərin həyat şəraiti, təhsil imkanları, məşğulluq, sosial təminat və digər aspektlərini özündə ehtiva edən sosial vəziyyətinin qiymətləndirilməsinin aparılması vasitəsilə Azərbaycan Hökumətinin bu sahədə həyata keçirdiyi dövlət siyasətinə dəstəyin göstərilməsindən ibarətdir.

Onun sözlərinə görə, cari ilin oktyabr ayınadək davam edəcək layihə çərçivəsində məcburi köçkünlərlə bağlı mövcud vəziyyət öyrəniləcək və bu vəziyyətin sosial qiymətləndirilməsi aparılacaq, məcburi köçkün rayonlarının icmaları ilə görüşlər keçiriləcək, əldə olunmuş nəticələrin aprobasiyası aparılacaq, maraqlı tərəflərin rəyləri toplanılacaq və təhlil ediləcəkdir.

A.Allahverənovun sözlərinə görə, bütövlükdə, layihənin icrası nəticəsində müraciət olunan problemlə əlaqədar baş verə biləcək dəyişiklik ilk əvvəl qlobal mənada məcburi köçkünlərin sosial vəziyyəti barədə ətraflı məlumatı özündə birləşdirən təsəvvürlərin formalaşması ilə əlaqədardır.

Şəymən