Media Ombudsmanı ayrıca institut kimi fəaliyyətə başlamalıdır
Jurnalistlər hesab edir ki, bu həm də reketçiliklə mübarizəyə böyük təkan vermiş olacaq
Hazırda Azərbaycanda Media Ombudsmanının səlahiyyətlərini İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova yerinə yetirir. Lakin jurnalistlərin Media Ombudsmanının fəaliyyətinə birmənalı münasibəti yoxdur. Bəziləri bu təsisatların ayrılmasının tərəfdarıdır. Qeyd edilir ki, hər təsisata ayrı şəxs rəhbərlik etməlidir.
Elə bu günlərdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov növbəti dəfə Azərbaycanda İnformasiya Ombudsmanının yaradılması təklifi ilə çıxış edib: "Bizdə İnformasiya Ombudsmanı İnsan Hüquqları üzrə Müvəkkilliyin tərkibində fəaliyyət göstərir. Səbəb kimi deyilir ki, ştat yoxdur. Hökumət üzvlərinin buradakı iştirakından istifadə edərək soruşuram ki, niyə ştat ayrılmır? Fikrimcə, İnformasiya Ombudsmanı ayrıca fəaliyyət göstərməlidir”.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkədə Media Ombudsmanı institutunun yaradılması nəzərdə tutulsa da, 2010-cu ildə bu, Ombudsman Aparatının tərkibinə verilib.
APA Holdinqin prezidenti Vüsalə Mahirqızı da açıqlamalarında dəfələrlə media ombudsmanı ilə İnsan haqları üzrə ombudsmanın ayrı olmasını məqsədəuyğun hesab etdiyini deyib. Onun sözlərinə görə, media spesifik sahədir və Ombudsmanın özündə medianı ehtiva etməsi fiziki olaraq mümkün deyil. İnsan haqları sahəsində iş çoxdur. Hesab edirəm ki, media nəzəriyyəsini, hüququnu və qanunvericiliyini bilən bir şəxsin, daha çox bu sahə üzrə peşəkarlaşmış birinin media ombudsmanı olması doğru olardı.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə deyib ki, əvvəlki "KİV haqqında” qanunda media ombudsmanı ilə bağlı müddəa əksini tapmışdı. Lakin üzərindən xeyli il keçməsinə baxmayaraq, media ombudsmanı institutu yaradılmadı. Sonra həmin müddəa qanundan çıxarıldı və mediaya nəzarət funksiyası İnsan hüquqları üzrə müvəkkilə, Ombudsman Aparatına verildi: "Ancaq bu qərar müsbət nəticə vermədi. Burda məsələ insan haqlarının pozulması ilə bağlı deyil. Azərbaycanda hər kəs informasiya almaq hüququna malikdir və istədiyi vaxt məlumat əldə edə bilir. Əgər vətəndaş bununla bağlı hansısa problemlə üzləşirsə, Ombudsman Aparatına müraciət edir və onun şikayətinə baxılır. Bizi narahat edən media qurumları ilə bağlı məsələdir. Ombudsman Aparatı jurnalistlərin peşə fəaliyyəti ilə bağlı mövcud olan problemləri araşdırmalı və ölçü götürməlidir. Lakin qurumun bu sahə ilə bağlı fəaliyyəti bizi qətiyyən qane etmir. İnstitut mütləq öz işini gücləndirməlidir. Düzdür, ombudsmanın parlamentdə verdiyi hesabatda bir sıra haqlı iradlar var idi. Biz media adamı olaraq bununla razılaşırıq. Amma məsuliyyəti öz üzərinə götürən qurum da öz işini yaxşı görməlidir”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bəyan edib ki, əlahiddə media ombudsmanının yaradılması daha məqsədəuyğun olardı: "Biz hər zaman bu ideyanı dəstəkləmişik və indi də dəstəkləyirik. Ombudsman Aparatı media ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında deyil. Çünki həmin qurumun nəzdində çox müxtəlif strukturlar, sahələr birləşdirilib. Bunun özü yanlış yanaşmadır. Elmira Süleymanova və onun ətrafı media ombudsmanının səlahiyyətlərinə aid olan heç bir funksiyanı yerinə yetirə bilmir. Uzun zamandır bu missiyanı ənənəvi olaraq Azərbaycanın Mətbuat Şurası və digər institutlar həyata keçirirlər. Bu baxımdan media ilə bağlı səlahiyyətlərin İnsan hüquqları üzrə müvəkkilə verilməsini doğru qərar hesab etmirəm”.
İnformasiya ombudsmanı anlayışının artıq neçə illərdir müzakirə predmeti olduğunu vurğulayan "Azxəbər.com” saytının həmtəsisçisi Əfsələddin Ağalarov belə bir qurumun təsis olunmasına ehtiyac olduğunu deyib:
"Ən önəmlisi informasiya ombudsmanının fəaliyyət istiqamətləri, iş prinsipləri nədən ibarət olacaq, onu müəyyənləşdirmək daha vacibdir. Dünya praktikasında bu cür anlayışların mövcud olduğunu vurğulayan həmkarımız deyib ki, "Kütləvi informasiya vasitələri haqqında” qanunda internet media ilə bağlı müəyyən boşluqlar var. Bu isə reketçiliyin inkişafına təkan verir və onların fəaliyyətinin şaxələnməsinə şərait yaradır. Hesab edirəm ki, media ombudsmanının ayrıca qurum olaraq fəaliyyət göstərməsi bu kimi problemlərin də aradan qaldırılmasına töhfə verəcək”.
Publika.az saytının redaktoru Aqil Lətifovun sözlərinə görə, media ombudsmanı uzun illərdir ki, müzakirə olunan məsələlərdəndir: "Zaman-zaman bu məsələ gündəmə gətirilir, ətrafında heç bir nəticəsi olmayan müzakirələr aparılır və növbəti müzakirələrə qədər unudulur. Növbəti müzakirələrdə yenə eyni cümlələr sərf edilir. Amma əfsuslar olsun ki, bu müzakirələr də nəticəsiz qalır, media ombudsmanı isə dillərdə yaşayır.
Bildiyiniz kimi, Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkədə media ombudsmanı institutunun yaradılması nəzərdə tutulurdu. Lakin 2010-cu ildə bu səlahiyyət Ombudsman Aparatına verildi. Bugünədək qurumun fəaliyyəti ilə bağlı hansısa məlumatın olmaması şübhəsiz ki, uğursuz fəaliyyətin xəbərçisidir. Əslində bu səlahiyyət Ombudsman Aparatına veriləndə vəziyyətin necə olacağını təxmin etmək çətin deyildi. Çünki Ombudsman Aparatının media ilə bağlı hansısa qanunun icrasına effektiv nəzarət etməsi, bu sahədə əməli iş aparması üçün nə gərəkli kadr, nə də ki, maliyyə və texniki bazası var. Digər tərəfdən media spesifik sahədir. Və bu sahənin ombudsmanı funksiyasını İnsan hüquqları üzrə müvəkkilin yerinə yetirməsi heç də asan məsələ deyil. Hətta deyərdim ki, mümkünsüzdür”.
Onun sözlərinə görə, insan hüquqları sahəsindəki işlərin çoxluğu da media ombudsmanının ayrıca institut kimi fəaliyyət göstərməsini zərurətə çevirən amillərdəndir:
"İnsan haqlarının böyük bir sahə olduğunu, habelə bu istiqamətdə görüləcək işlərin çoxluğunu nəzərə aldıqda ombudsmanın bütün bunlarla yanaşı, media sahəsinə də nəzarət etməsi fiziki cəhətdən qeyri-mümkündür.
Bu, eyni zamanda İnsan hüquqları üzrə müvəkkilin media ilə bağlı dəyərləndirmələrində müəyyən qüsurların, problemlərin olmasını da mümkünsüz etmir. Fikrimcə, bütün bunlar media ombudsmanının ayrıca institut kimi fəaliyyət göstərməsini şərtləndirən səbəblərdəndir. Eyni zamanda media ombudsmanının şəxs kimi kimliyi və peşəsi də vacib elementdir. Yəni media üzrə ombudsman olan şəxsin təkcə hüquqi biliyi yetərli deyil, mütləq onun media sahəsində peşəkar kimliyi olmalıdır. Kəsəsi, media ombudsmanı ayrıca institut kimi fəaliyyətə başlamalı və media nəzəriyyəsini, hüququnu, qanunvericiliyini bilən, həmçinin bu sahədə püxtələşən bir şəxsin rəhbərliyi altında iş aparmalıdır. Belə bir fəaliyyət daha məqsədəuyğun olar.
Bilirsiniz ki, media ombudsmanının yaradılması daha çox medianın informasiya alması ilə bağlıdır. Burada medianın inkişafından çox, onun informasiyaya çatımlılıq problemi əsasdır. Düzdür, Azərbaycan dövlətinin bu sahəyə böyük qayğısı, diqqəti var və bu, hər kəsə bəllidir. Medianın sürətlə inkişafı, azad şəkildə fəaliyyət göstərməsi dövlətimizin ümdə vəzifələrindəndir. Bunun nəticəsidir ki, sözügedən sahədə müntəzəm olaraq lazımi addımlar atılır. Lakin media ombudsmanının ayrıca institut kimi fəaliyyət göstərməsi şübhəsiz ki, bu fəaliyyəti daha da yüngülləşdirər, habelə daha məhsuldar iş aparılmasına gətirib çıxarar. Bu, media üçün yeni bir səhifənin açılması istiqamətində də mühüm rol oynaya bilər”.
"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov da hesab edir ki, Azərbaycanda informasiya ombudsmanının yaradılması məsələsi vacibdir:
"Reketçiliyə qarşı mübarizə tədbirlərinin genişləndirilməsi fonunda mediada belə bir dəyişikliyin həyata keçirilməsi məqsədəuyğun olardı”.
M.Gülməmmədov hesab edir ki, informasiya ombudsmanının ayrıca bir qurum kimi fəaliyyətə başlaması media sahəsindəki bir çox problemlərin aradan qaldırılması istiqamətində də müəyyən qədər rol oynaya bilər:
"Hesab edirəm ki, media ombudsmanı dövlət tərəfindən KİV-lərə ayrılan vəsaitə nəzarət funksiyasını da yerinə yetirə bilər”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb