Media ombudsmanı mütləq yaradılmalıdır
Buna tək jurnalistlərin deyil, bütün vətəndaş cəmiyyətinin ehtiyacı var
(Əvvəli ötən sayımızda)
Hazırda Azərbaycanda media ombudsmanının səlahiyyətlərini İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova yerinə yetirir. Lakin jurnalistlərin media ombudsmanının fəaliyyətinə birmənalı münasibəti yoxdur. Bəziləri bu təsisatların ayrılmasının tərəfdarıdır. Qeyd edilir ki, hər təsisata ayrı şəxs rəhbərlik etməlidir. Elə bu günlərdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov növbəti dəfə Azərbaycanda informasiya ombudsmanının yaradılması təklifi ilə çıxış edib:
"Bizdə İnformasiya Ombudsmanı İnsan Hüquqları üzrə Müvəkkilliyin tərkibində fəaliyyət göstərir. Səbəb kimi deyilir ki, ştat yoxdur. Hökumət üzvlərinin buradakı iştirakından istifadə edərək soruşuram ki, niyə ştat ayrılmır? Fikrimcə, informasiya ombudsmanı ayrıca fəaliyyət göstərməlidir”. Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkədə media ombudsmanı institutunun yaradılması nəzərdə tutulsa da, 2010-cu ildə bu, Ombudsman Aparatının tərkibinə verilib.
Jurnalist Jalə Mütəllimova Əflatun müəllimə böyük hörməti olmasına rəğmən onun bu təklifi ilə bir o qədər də həmrəy olmadığını deyib. Hesab edir ki, Azərbaycan mediasında informasiya ombudsmanı yaradılana qədər görüləsi işlər çoxdur: "Ən ciddi problemlərdən biri də mediadakı mövzuların tabu altında olmasıdır. Hesab edirəm ki, bu problem media ombudsmanının ayrıca bir qurum kimi fəaliyyəti ilə tənzimlənəcək bir məsələ də deyil. Nə qədər ki, jurnalistlər kriminal mövzulara, insanların şəxsi həyatlarına müdaxilə edəcək, ciddi mövzulara qarşı laqeyd qalacaq, o zamana qədər də istənilən qurumun yaradılması formal qalacaq. Problemlər yenə də öz aktuallığını saxlayacaq. Amma mövzular tabudan çıxarılsa, mövcud problemlər aradan qaldırılsa, media ombudsmanının fəaliyyəti özünü doğrulda bilər. İndiki reallıqda isə bu qurumun funksiyaları, mətbuat nümayəndələri ilə münasibətlərinin tənzimlənməsi sual altındadır. Jurnalistlər bu qurumun fəaliyyətini necə dəyərləndirəcək? Bütün bunlar fonunda hesab edirəm ki, Azərbaycan mediasının xilası informasiya ombudsmanının ayrıca bir qurum kimi fəaliyyətə başlamasından yox, mövzuların tabudan çıxarılmasından keçir. Əks halda heç bir müsbət nəticə əldə olunmayacaq. Ancaq kriminal xəbərlərdən yazacaq. Gözümüz başqalarının yataq otağında qalacaq. Bu məsələdə mən optimist ola bilmirəm”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli isə Əflatun Amaşovun haqlı olduğunu və onun fikri ilə tam razılaşdığını deyib. Onun sözlərinə görə, indiki ombudsman Elmira xanım Süleymanovanın medianın hüquqlarının qorunması ilə bağlı hansısa bir addım atmasına rast gəlinməyib: "Şəxsən mənə bəlli deyil. Media ombudsmanlığı xüsusi, spesifik bir sahədir, təbii ki, media ombudsmanı da bu sahənin incəliklərini bilən ayrıca bir şəxs olmalıdır. Media ombudsmanlığı ayrıca bir institut kimi təsis olunmalıdır və ora medianın halına yanan, jurnalistlərin, mətbuatın hüquqlarını qorumaq arzusunda olan şəxs seçilməlidir”.
"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı da MŞ sədrinin təklifini dəstəklədiyini və bunun çox vacib olduğunu deyib:
"Bir ombudsman praktiki olaraq bütün sahələrdə iş apara bilmir ən azı fiziki cəhətdən. İnformasiya sahəsi çox dinamikdir, çevik fəaliyyət tələb edir. Ayrıca ombudsman bu sahədə hüquqi məsələləri daha çevik həll edə bilər. Jurnalistlər əmək və sosial hüquqlarının pozulma faktlarına görə birinci yerdədir. Azı 80 faizi qeyri-ştatlı, qeyri-rəsmi, əmək müqaviləsi olmadan ictimai əsaslarla işləyir. Bu o deməkdi ki, bu adamın işə ehtiyacı yoxdu öz işi və ya hardansa gəliri var, sadəcə boş vaxtlarında hobbi olaraq yazır. Onların əməkhaqqı qeyri-rəsmi və minimumdur vergi və sosial sığorta ödənilmir, nəticədə yaşlananda pensiya ala bilməyəcəklər. İş o yerə gəlib ki, banklar belə jurnalistlərə kredit vermir bütün digər peşə sahiblərindən fərqli olaraq. Bunlar həll olunması vacib ciddi problemdir”.
E.Bayramlının sözlərinə görə, bundan başqa peşə hüquqlarının pozulması, təzyiq, hədə, məlumat verilməsindən imtina və s. bu kimi problemləri də o ombudsman həll etməlidir.
Media eksperti Arif Əliyev hesab edir ki, indiki Ombudsman Aparatının tərkibində müvafiq strukturun yaradılmaması o deməkdir ki, media ombudsmanının funksiyalarını yerinə yetirmək üçün Azərbaycanda heç bir imkan yoxdur. Ona görə də olmayan bir şeyi yerinə yetirmək mümkün deyil. Bu məsələdə günahı nə media, nə də Ombudsman Aparatında görmək doğru deyil. Media ombudsmanı ayrıca spesifik funksiyalara malik olan strukturdur. Qanunvericilikdə isə bu öz əksini bütün detalları ilə tapıb. Media Ombudsmanı funksiyasını gündə 1 saat məşğul olmaqla Ombudsman Aparatı yerinə yetirə bilməz. Mütləq şəkildə bu qurum ayrılmalıdır.
"Report.az” informasiya agentliyinin baş redaktoru Murad Əliyev hesab edir ki, ölkədə informasiya sahəsi üzrə fəaliyyət göstərən ombudsmanın olması zamanın tələbinə cavab verən məsələdir. Bəlkə də elə bu səbəbdən 2005-ci ildə qəbul edilmiş "İnformasiya əldə etmək haqqında” qanununda İnformasiya məsələləri üzrə müvəkkilə aid tələbləri, onun statusunu, səlahiyyətlərini, vəzifələrini, hüquqlarını və aparatının yaradılmasını nəzərdə tutan müddəalar artırılmışdı:
"Lakin 2010-cu ildə Milli Məclis "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa əlavə və dəyişikliklər edib. Bununla da informasiya ombudsmanının səlahiyyətləri İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya verilib. Görünən odur ki, ötən müddət ərzində informasiya ombudsmanının hər hansı fəaliyyəti müşahidə edilməyib. Təxmin edirəm ki, bunun əsas səbəblərindən biri də ombudsmana bu sahə ilə bağlı müraciətlərin az olması ilə bağlıdır. Bu səbəbdən ya Ombudsman Aparatı çərçivəsində fəaliyyət göstərən informasiya ombudsmanı işinin daha da təkmilləşdirilməsi və yaxud informasiya ombudsmanı institutu ayrıca bir təsisat kimi fəaliyyət göstərməsi vacibdir. Buna tək jurnalistlərin deyil, bütün vətəndaş cəmiyyətinin ehtiyacı var”.
"Bakipost.az” saytının baş redaktoru Elçin Zahiroğlu da sözügedən təklifin kifayət qədər maraqlı olduğunu deyib:
"Səhv etmirəmsə, Əflatun müəllim bu təklifində israr etdiyi əsas məqam informasiya ombudsmanının ayrıca qurum kimi fəaliyyət göstərməsi yox, hazırkı sistemin fəaliyyətinin gücləndirilməsilə bağlıydı. Doğrudan da diqqət yetirilməli, hətta deyərdim, ağrılı məsələdi. Deməli, İnsan hüquqları üzrə müvəkkilliyin tərkibində informasiya ombudsmanı 2010-cu ildə yaradıldı. Həmin vaxt bir neçə deputat bunun əleyhinə səs verdi. Bu qanun layihəsini dəstəkləyən deputatlar isə bildirdilər ki, qurumun yaradılması müsbət haldır, amma düzgün fəaliyyət göstərə bilsə. Bunun üçün ölkənin tanınmış jurnalistlərinin bu işə cəlb edilməsi, ayrıca ştat yaradılması təklif edilmişdi. Lakin təəssüf ki, informasiya ombudsmanının yaradılmasından 7 il keçməsinə baxmayaraq, bu, baş vermədi. Nə şatat ayrıldı, nə də biz bu qurumun parlaq fəaliyyətini hiss etdik. Əflatun Amaşov da çıxışında məhz bu məqama daha çox diqqət ayırdı ki, niyə ştat ayrılmır? Qaldı ki informasiya ombudsmanının ayrı bir qurum kimi fəaliyyətinə, bu barədə indiki məqamda birmənalı fikir demək çətindi. Bəlkə bundansa Azərbaycanda mətbuatla vətəndaşlar, mətbuatla dövlət orqanları arasındakı münasibətlərin tənzimlənməsi işi ilə jurnalistikanın yeganə seçimli təşkilatı olan Mətbuat Şurasının səlahiyyətlərini bir qədər də artırmaq, bununla bağlı məxsusi qanun layihəsinin qəbul edilməsi barədə düşünmək lazımdı”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb