"Ölkə başçısının imzaladığı fərman məhkəmə-hüquq sistemində şəffaflığın artırılmasına, qərarların daha ədalətli olmasına gətirib çıxaracaq”.
Bu sözləri "Sherg.az”a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, yeni fərman ümumilikdə məhkəmə-hüquq sisteminin təkmilləşməsi ilə bağlıdır:
"Ölkə başçısı 10 fevral 2017-ci il tarixində cəza sisteminin humanistləşməsi ilə bağlı sərəncam imzalamışdı. Sərəncam həm ədalət mühakiməsinin həyata keçirilməsində, həm cəzaların tətbiqində böyük dəyişikliklərə yol açdı. Yalnız Cinayət Məcəlləsində 300-dən artıq maddəyə dəyişiklik edildi və çoxlu sayda maddələr dekriminallaşdırıldı. 2017-ci və 2018-ci ilin birinci yarısını müqayisə edəndə azadlıqdan məhrum etmə cəzası ilə bağlı hökmlərin sayı 15 faiz azaldı.
Bundan sonra probasiya xidməti yarandı və 200-ə yaxın şəxsə elektron qolbaqlarla alternativ cəzalar tətbiq olundu. Bu proseslərin fonunda isə Prezident məhkəmə-hüquq sisteminin təkmilləşməsi ilə bağlı fərman imzaldı. Fərmanda ciddi işlər nəzərdə tutulur: vergi, sosial və gömrük ödənişləri, sahibkarlıq və digər məsələlərlə bağlı ixtisaslaşmış bir məhkəmə yaranacaq. Hakimlərin ümumi sayı 200 nəfərə qədər artacaq. Bu isə hakimlərin sayında çox böyük faiz artımı deməkdir”.
S.Məmmədov bildirib ki, yeni fərmanda hakimlərin və məhkəmə işçilərinin sosial təminatının yaxşılaşması ilə bağlı tədbirlər nəzərdə tutulub:
"Məsələn, toplanan məhkəmə rüsmlarının bir hissəsi məhkəmə aparatı işçilərinin maaşlarına əlavə əmək haqqı kimi veriləcək. Həmçinin dekriminallaşma ilə bağlı işlər davam etdiriləcək. Mübahisələrin məhkəməyə qədər alternativ həlli üçün mediasiya institutu yaradılmaqdadır. Artıq bununla bağlı qanun hazırdır və oxunuşdan keçib. Məhkəmədə işlərin bölgüsünün elektron aparılması ilə bağlı sistem tətbiq olunurdu. İndi bu sistem fərmandan sonra daha da təkmilləşəcək.
Özəl ekspertiza da vacib məsələlərdən biridir. Bu sistemin də təkmilləşəcəyi gözlənilir. Fərmanda ödənişsiz hüquqi yardımlarla bağlı müddəalar da var. Ödənişsiz hüquqi yardımla bağlı vəsaitin birbaşa vəkillər Kollegiyasına verilməsinə aid normativ hüquqi akt hazırlanacaq və ödəniş bu çərçivədə Vəkillər Kollegiyasının özünə veriləcək.
Əvvəllər isə həmin vəsait icra hakimiyyətləri arasında bölüşdürülürdü və sistemsizlik, qeyri-müəyyənlik var idi. Vəkillər uzun müddət pullarını ala bilmirdilər. Lakin bu məsələlərin həlli yeni Fərmanla öz əksini tapacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda ölkəmizin davamlı tərəqqisinin təmin olunması üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri etdiyi vurğulanıb.
Yeganə Bayramova