"Məhkumlar arasında vərəm xəstəliyi baş alıb gedirdi..." - İndi durum necədi ?

"Azərbaycan müstəqillik əldə etdikdən sonra Ədliyyə Nazirliyi və ədliyyə orqanları mühüm islahatlar həyata keçirib”.
Bu barədə "Sherg.az”a Penitensiar Xidmətdə nöqsanlar və problemlərin olması fikirlərinə münasibət bildirərkən "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib. 
O qeyd edib ki, Penitensiar Xidmətin həm strukturunda, həm də fəaliyyətində əhəmiyyətli dəyişikliklər baş verib:
"İlk növbədə məhkumların saxlanma şəraiti kökündən dəyişib. 90-cı illərdəki Penitensiar Xidmətə baxsaydıq, cəzaçəkmə müəssisələri bərbad gündə olduğunu görərdik. Antisanitariya, ərzaq qıtlığı, qidanın keyfiyyətində, səhiyyə xidmətlərinə çıxışda böyük problemlər özünü göstərirdi. Korrupsiya baş alıb gedirdi. Həmçinin personal və məhkumlar arasında çox xoşagəlməz münasibət mövcud idi. Məhkumlar arasında vərəm xəstəliyi baş alıb gedirdi və digər xəstəliklər geniş yayılmışdı. İndi isə tamam fərqli vəziyyət hökm sürür. 
Vərəmdən ölüm halları 90-cı illərə nisbətdə 100 dəfə azalıb. Məhkumların şəraiti Avropa həbsxanalarındakı standartlara uyğunlaşdırılıb. Müasir tipli cəzaçəkmə müəssisələri tikilib və tikilməkdə davam edir. Məhbusların xəstəliklərinin müalicəsi təmin olunur. İdarəetmə sistemində və işçi heyətlə məhkumlar arasındakı münasibətdə əsaslə dəyişiklik baş verib. Məhbusların istifadə etdiyi ərzağın keyfiyyəti artıq tam şəkildə yoxlanılır.
Məhbusların ətraf mühitlə əlaqələri də ciddi şəkildə genişləndirilib. Onlar bu gün ailə üzvləri ilə mütəmadi əlaqə saxlayırlar. 4 il ərzində şərti və ya əfv sayəsində 8 mindən çox məhkum vaxtından əvvəl azad edilib. Cəzaların humanistləşdirilməsi və məhbusların yaşayışının yaxşılaşdırılması aparılan islahatların nəticəsidir”.
Ölkə başçısının 10 fevral 2017-ci il sərəncamını xatırladan Ə.Nuriyev vurğulayıb ki, bu, qanunvericiliyə əlavə dəyişikliklər gözlənilmədən Penitensiar Xidmətin fəaliyyətinin təkmilləşdirilməsində yol xəritəsi rolunu oynadı:
"Bu gün cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin sayı xeyli azalıb. Həbsxanalarda sıxlıq aradan qalxıb.
Cəzaçəkmə müəssisələrində böyük cinayət törətməyən məhkumlar hətta yaxınlarının toyunda, yasında evə də buraxılırlar. Onlara "qısa müddətli məzuniyyət” verilir. Bu, tamamilə yeni yanaşmadır. Belə müsbət dəyişikliklər Ədliyyə Nazirliyinin inkişafının göstəriciləri və effektiv fəaliyyətinin nəticələridir.
Sözsüz ki, iş olan yerdə nöqsanlar da ola bilər. Xüsusilə, son məhkumların qaçırılma məsələsi ilə bağlı problemlər ortaya çıxdı və sərt tədbirlər həyata keçirildi. 11 nəfər işdən azad edildi. Bu, onu göstərir ki, cəzanı təmin etmək, problemlərin aradan qaldırılması ilə bağlı iradə var. Hər zaman müəyyən problemlər olacaq, təkmilləşdirməyə ehtiyac var.
Cəza çəkən məhbusların məşğulluğunun artırılması lazımdır. Həmçinin cəzadan azad edilmiş şəxslərin islahı, sığınacaqların verilməsi ilə bağlı tədbirlər görülməlidir.
Ədliyyə Nazirliyi 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramını yaxşı nəticələrlə qeyd edir. Ədliyyənin vətəndaş cəmiyyətləri ilə sıx şəkildə çalışması nazirliyin strateji xətti kimi elan olunub. Vətəndaş cəmiyyətinin qapalı cəzaçəkmə müəssisələrinə istənilən vaxt daxil olması, bununla bağlı problemlərin qaldırılması və s. göstərir ki, yeni yanaşmalar var”.
Qeyd edək ki, ədliyyə naziri Fikrət Məmmədov 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə "Azərbaycan” qəzetində məqalə ilə çıxış edib. Nazir ötən ay müşayiət altından qaçan məhbuslarla bağlı da fikir səsləndirib. O deyib ki, 2 təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar və problemlərin olduğunu göstərir.
Aysel Aslan