Ona görə qəbul imtahanlarında hər dəfə zəif nəticələr alınır
Ötən il I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 31.7%-i (22415 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən 0 bal toplayıb. Bu məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent” jurnalının 12-ci nömrəsində əksini tapıb. Bildirilir ki, 0 bal toplayanların faizi I qrupda xarici dil, riyaziyyat və kimya, II qrupda riyaziyyat və Azərbaycan tarixi fənləri üzrə daha yüksəkdir: "I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 31.7%-i imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud da cavabları təhlil aparmadan təsadüfi qaydada seçib.
Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü "Şərq”ə ötən il I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 31.7%-inin imtahan verdikləri fənlərin ən azı birindən 0 bal toplamasının səbəblərindən danışıb.
Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin məlumatları abituriyentlərin nəticələrini göstərir. "Onların nəticələri heç də ürək açan deyil. Axı nə üçün nəticələr bu qədər aşağıdır? Zəif nəticələr ildən ilə azalmaq əvəzinə, daha da artır. Bu tamam başqa bir məsələdir. Bunun başlıca səbəbi orta məktəblərdən qaynaqlanır. Orta məktəblər bilik vermək funksiyasını itirməkdədir.
Yəni, məktəbin qarşısında sosial sifariş var. Bu sifariş nədən ibarətdir? Məktəb savad vermək, davranışları və bacarıqları inkişaf etdirmək əvəzinə gündən-günə zəifləyir. Əvvəllər məktəblər bütün gücünü şagirdlərə elmi, pedaqoji və metodik biliyin verilməsinə sərf edilirdi.
Amma bu gün belə deyil. Hazırda davranışların, bacarıqların verilməsi ikinci plana keçib. Görünür ki, bizim məktəblərimiz bu iki vacib funksiyanı yerinə yetirməkdə çətinlik çəkir. Bunun öhtəsindən gələ bilmirlər. Bu nədən aslıdır? Bu müəllimlərmizin yeni metod və üsul formalarından istifadə etməsinə yetərincə səy göstərməməsindən, onların nəzəri praktiki biliklərinin aşağı olmasıdan qaynaqlanır.
Ən başlıcası da məktəb direktorunun buna maraq göstərməməsidir. Müəllimlər şagirdlərin zəif nəticə göstərmələrinə səbəb nədir deyəndə cavabları belə olur. "Kurikulum sistemi ziyanlı vasitədir. Bu sistem dərsin kefiyyətini aşağı salır. Uşaqların biliklərini zəiflədir”.
Amma bu heç də belə deyil. Estoniya, Gürcüstan kimi ölkələrdə bu proqramlar bizdən qabaq tətbiq edilməyə başlayıb. Nə üçün onlarda yüksək nəticə var, bizdə yoxdur. Beynəlxalq olimpiyalarda və ya beynəlxalq bilik yarışmalarında həmin ölkələr hər zaman böyük nəticə göstərir. Məktəblərimiz üzərinə düşən funksiyanı yerinə yetirmir. Bütün bunlar da irəlidə belə problemlərin yaranmasına yol açır”.
Kənan Eynuroğlu