“Məktəblinin dostu” üz ağardır

Bu layihə Azərbaycanda fəaliyyət göstərən 4500 orta ümumtəhsil məktəbinin hər birində tətbiq olunmalıdır
"Məktəblinin dostu” layihəsi tətbiq olunan məktəblərdə şagirdlər arasında siqaret çəkmə halları 80 faizədək azalıb


211 nömrəli orta məktəbin şagirdləri xoşagəlməz hadisə ilə qarşılaşıblar. Ötən gün "Məktəblinin dostu” layihəsinin fəaliyyət göstərdiyi məktəbin şagirdləri onlara qarşı əxlaqsız hərəkət və təkliflər edən orta yaşlı kişi barəsində məktəblinin dostlarına xəbər veriblər.

Həmin şəxsin videogörüntüləri məktəbin təhlükəsizlik kameralarında da qeydə alınıb. Daha sonra eyni şəxs 9 nömrəli tam orta məktəbin həyətində görünüb. "Məktəblinin dostu” layihəsinin əməkdaşları dərhal məktəb ərazisində olan şəxs barəsində polisə məlumat verib. Əraziyə gələn polis əməkdaşları sözügedən şəxsi saxlayaraq, 19-cu polis bölməsinə aparıblar.

Baş verən hadisədən şagirdlərin zərər görməməsi 2016-cı ildən etibarən ölkəmizin təhsil sistemində tətbiq olunan "Məktəblinin dostu” layihəsinin müsbət keyfiyyətlərindən xəbər verir. Lakin bütün orta məktəblərdə bu layihənin tətbiq olunduğunu deyə bilmərik. Bəzən məktəb rəhbərliyi bu cür layihələrin tətbiqi üçün yetərli maliyyə vəsaitlərinin olmadığını əsas gətirirlər. Amma şagirdlərin təhlükəsizliyi və sağlamlığı tədris prosesinin əsasını təşkil etməlidir. Ona görə də layihəni bütün orta məktəblər üzrə davam etdirmək vacibdir.

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə bildirib ki, "Məktəblinin dostu” layihəsinin tətbiqində məqsəd tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığını və məmnunluğunu artırmaqdır:

 "Belə layihələr dünyanın müxtəlif ölkələrində çeşidli adlarla uğurla sınaqdan çıxıb. Burada əsas hədəf məktəb - təhsil alan - valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsil alana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır. Məktəblinin dostunun əsas vəzifəsi məktəblinin təhlükəsizliyini qorumaq, fövqəladə hal baş verdikdə müəllim heyətinə və şagirdlərə ilkin yardım göstərməkdir”.

Ekspertin sözlərinə görə, hazırda Bakı şəhərində 310-a yaxın məktəb var və bu məktəbin yalnız 30-da "Məktəblinin dostu” layihəsi həyata keçirilir: "Hətta düşünürəm ki, bu layihə bir az gecikmiş layihədir. Azərbaycanda təhsil müəssisələri ənənəvi idarəetmədən yeni idarəetməyə keçib. Biz görmüşük ki, məktəb idarəçiliyi-direktor, direktor müavini, sinif rəhbərləri vasitəsilə həyata keçirilir. Amma bu sadaladığımız şəxslər birbaşa tədris prosesinin iştirakçısı olduğu üçün şagirdlərlə geniş şəkildə fəaliyyət göstərmək imkanına malik deyillər. 

Yəni, sinif rəhbəri və yaxud da direktor müavini aktiv tədris prosesinin iştirakçısı olduğuna görə şagirdlərin bu və ya digər ehtiyacları, asudə vaxtlarının dəyərləndirilməsi ilə bağlı fəaliyyət göstərə bilmirlər. Orta məktəblərdə hər bir məktəbli ilə ayrı-ayrılıqda onların problemləri, sıxıntıları ilə bağlı işlər güclü şəkildə həyata keçirilə bilmirdi. Amma "Məktəblinin dostu” vəzifəsini yerinə yetirən şəxs tədris prosesinin iştirakçısı olmadığı üçün birbaşa məktəbdə sosial fəaliyyəti həyata keçirirlər. Məsələn, məktəblər arasında yarışlar keçirilir və yaxud məktəbdə neqativ halların aradan qaldırılmasında onlar müstəsna rola malikdirlər”.

"Məktəblinin dostu” layihəsi tətbiq olunan məktəblərdə şagirdlər arasında siqaret çəkmə hallarının 80 faizədək azaldığını deyən ekspert məktəbə kənar şəxslərin daxil olmasının qarşısının alındığını da vurğuladı: "Bu layihə bir çox ölkələrdə də var. Məsələn, qardaş Türkiyədə , Gürcüstanda uzun müddətdir ki, fəaliyyət göstərir. Ölkəmizdə tətbiq olunması isə olduqca müsbət haldır. Hesab edirəm ki, "Məktəblinin dostu” Azərbaycanda fəaliyyət göstərən 4500 orta ümumtəhsil məktəbinin hər birində tətbiq olunmalıdır”.

K.Əsədov bildirib ki, məktəblinin dostu, həqiqətən də Azərbaycan təhsilinin, müəllim və şagirdinin, valideynin dostudur: 

"Bəzən olur ki, valideynlər uşaqlarını gec götürürlər və həmin vaxt məktəblinin dostu şagirdin təhlükəsizliyini təmin edir. "Məktəblinin dostu" layihəsində bu işi yerinə yetirənlərin konkret görəcəyi işlər, öhdəliklər, vəzifələr var. "Məktəblinin dostu" məktəbdə sosial fəaliyyət göstərməklə məşğuldur. Direktorun səlahiyyətləri var və heç bir halda kimsə direktora, onun müavininin fəaliyyətinə təsir göstərə bilməz. Eynilə də məktəblinin dostu olan şəxslər. Sadəcə olaraq bəzi məktəblərdə direktorlar vəzifələrinin öhdəsindən normal gələ bilmirlər və bu zaman onların fəaliyyət sahəsinə daxil olan məsələləri məktəblinin dostu layihəsinin iştirakçıları yerinə yetirir”.

Yeganə Bayramova