Məlahət Mürşüdlü "Şərq"i ziyarət etdi - "Böyük işlər görmüsünüz ! " + FOTO

Bu gün təhsil sahəsi üzrə mütəxəsis, Azad Müəllimlər Birliyinin sədri Məlahət Müşüdlü "Şərq" qəzetini ziyarət edib. O, redaksiyada yaradılmış Azərbaycan Mətbuat Tarixinin Muzeyi ilə yaxından tanış olub. 
Qəzetin baş redkatoru Akif Aşırlı M. Müşdülü ilə otaq-otaq gəzərək muzeydəki nadir eksponat, portret və orijinal sənədlər barədə ətraflı məlumat verib. İlk tanışlıq redaksiyanın foyesindəki eksponatlar və portretlərdən başladı.
A.Aşırlı əsası dahi Həsən bəy Zərdabi tərəfindən qoyulan "Əkinçi" qəzetinin ilk nüsxəsi barədə məlumat verir:
"Bu, "Əkinçi" qəzetinin ilk nüsxəsidir. Onu kətana köçürmüşük. Həmin nümunənin yanındakı "Əkinçi"nin elanıdır.
Bu arada M. Mürşüdlü müdaxilə edir:
- Həsən bəy Zərdabinin evlənməsindən məlumatınız olmamış deyil...
A. Aşırlı : Bəli, məlumatım var. Deməli, H.Zərdabi Tiflisdə "Nina" Qızlar Məktəbinin buraxılış siyahısını baxırmış. Görüb ki, orada tatar - türk qız var. Onun elannaməsinin arxasınca gedir və həmin xanıma hansı ki, bu xanım ömrünün sonunda Həsən bəyə dəstək verir. Həsən bəy beləliklə Hənifə xanım Ağayeva ilə ailə qurur.
M.Mürşüdlü: Düz, Mən bunu "Kaspi"niun arxivində oxumuşdum. Ona Sankt -Ptereburqda bu təklifi edirlər. Amma o razılaşmır. Gərək indi gənclərimiz belə faktlardan örnək götürsünlər.
A. Aşırlı təqdimatı davam etdirir:
Bu "Ziya" qəzetidir, orijinaldır, 136 yaşı var, İçəri şəhərdən əldə etmişəm. Növbəti şəkildə gördüyünüz Səid Ünsizadənin şəklidir, ilk dəfədir ki, burada nümayiş olunur. Azərbaycanda onun nəsil törəmələrindən biri yaşayır. Gedib Türkiyədən axtarıb tapıb. Bizə hədiyyə etdi. Digər nümunə "Kəşkül" qəzetidir. Sonra "Vətən yolunda" Mirzə İbrahimovun buraxdığı qəzetdir, 12 sayını əldə etmişəm. Sonrakı nümunə 1903-cü ildə dərc olunmuş "Şərqi-Rus" qəzetinin orijinalıdır. Onun yanındakı portret Əhməd bəy Ağaoğlunun portretidir. Bunu "Qarabağ" Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov və bir neçə qarabağ qazisi muzeyə hədiyyə edib".
Bundan sonra A.Aşırlı redaksiyanın girişində, foyedə yerləşdirilmiş rəfdəki kitablarla bağlı məlumat verir:
Burada mətbuat tarixi ilə bağlı nəşrlər yer alıb.
Ardınca növbəti otağa keçirlər və A.Aşırlı növbəti orijinal sənədlər və eksponatları təqdim edir:
Bu "İşıq" qəzetidir və muzeydə onun 5-6 sayı var. Onu qəzetin baş redaktoru Xədicə xanım Əlibəyovanın kinostudiyada rejissor kimi çalışan nəvəsi Cəmil Fərəcov hədiyyə edib, orijinal şəkillərdir. Onun yanındakı isə 1911-ci ildə Bakıda çap olunan kitabdır. Kitabda Həsən bəy Zərdabinin tərcümeyi-halı da yer alıb.
Bu da "Məktəb" jurnalıdır. 1915-1916-cı illərin bütün komplektləridir. Jurnalın yanında gördüyünüz isə ahıl jurnalistimiz Sabir Gəncəlinin hədiyyə etdiyi Azərbaycanın ilk peşəkar qadın jurnalisti Şəfiqə xanım Əfəndizadənin "bloknot"udur. Növbəti eksponat Şamil Qurbanovun eynəyi və əlyazmasıdır. Ş.Qurbanov da mətbuat tariximizdə əməyi olan insanlardan olub. Onun yanındakı "Molla Nəsrəddin"in bir neçə sayıdır. Baş redaktor onu da əlavə edir ki, "Molla Nəsrəddin"in 1910-cu ildə çap olunan bütün saylarını əldə edib. Sonrakı "Dəbistan jurnalı"nın orijinalıdır. Bu da Üzeyir bəy Hacıbəylinin orijinal fotosudur. 1940-cı illərə məxsusdur. Növbəti eksponat məşhur jurnalist Osman Mirzəyevin yazı dəstidir. Bunu da bizə qızı Lalə xanım Hacıyeva hədiyyə edib.
Növbəti nümunə də "Fyüzat"dır. "Məktəb" qəzetləri "Tərcüman"ın əlavəsidir. Növbətilər də orijinal tarixi kitablardır. Burada maraq kəsb edən bir orijinal sənəd var.
Əlimərdan bəy Topçubaşova Bakı qubernatorunun Dumanın iclası ilə bağlı göndərdiyi bir sənəddir. Bu sənəd köhnə şəkillərin içərisindən tapılıb. Bəzən ailələr bunları satırlar, biz də gedib həmin satış mərkələrindən alırıq. Gördüyünüz növbəti sənəd "Kaspi" qəzetinin qonorar sistemidir. Bunu Əlimərdan bəy Topçubaşovun arxivindən əldə etmişəm. Onun yanındakı sənəd isə Hacı Zeynalabdin Tağıyev alandan sonra "Kaspi"nin nizamnaməsinə edilən dəyişikliyi əks etdirən sənəddir. Daha sonra Əli bəy Hüseynzadənin portretidir. Portretin yanında yer alan sənədlər də, fotolar da özü və ailəsi ilə bağlıdır. O başdakı da "İşıq" qəzetinin qurucusu, baş redaktoru Xədicə xanım Əlibəyovanın portretidir.
Daha sonra növbəti otağa keçirlər.
A. Aşırlı: Bu "Azərbaycan" kültür dərnəyinin jurnalları və "Azərbaycan türk izi" dərgisidir. Bu "İstiqlal"dı. Almaniyada nəşr olunub. M.Ə.Rəsulzadənin buraxdığı qəzetdir. Onun yanındakı Əhməd bəy Ağaoğlunun neqatividir. Daha sonra gördüyünüz "Açıq söz" qəzetinin müxbiri İdris Axundzadənin bir qadına yazdığı məktubudur. İşindən və fəaliyyətindən yazır.
Ardınca, A.Aşırlı Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Səyavuşu"nu təqdim edir. Onun yanındakı da Cümhuriyyət dönəminin pul əskinasıdır.
Daha sonra I Dünya Savaşı illərinin mətbuat tarixini əks etdirən digər otağa keçirlər.
A.Aşırlı: Məhəmməd Hadi ilə bağı şəkillərdir. Bu İslam Ağayevin kitabıdır. Daha sonra Orucov qardaşlarıdır. Əliabbas Müznib və Haşim bəy Vəzirovdur. Firudin bəy Köçərlidir. Onun yanındakı da Şəfiqə Əfəndizadədir. Burada Orucov qardaşlarının müraciəti var. Daha sonra həmin dövrdə çıxan satirik mətbuatdır. Hüseyn Cavidin "Müharibə və ədəbiyyat" adlı məqaləsidir. Orijinaldır. Daha sonra "Açıq söz" və "İqbal" qəzetləri gəlir.
M.Mürşüdlü: Çox sağ olun , böyük işlər görmüsünüz...
Bundan sonra Cümhuriyyət dönəminin mətbuat tarixini əks etdirən otağa baş çəkirlər.
A.Aşırlı: Bu, "Odlu Yurd"dur, Türkiyədən əldən etmişəm. Növbəti kitab da M.Ə.Rəsulzadənin orijinal əsəridir. Sıra ilə Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahimin portretləri gəlir. Bu da Ceyhun bəy Hacıbəylinin "Batum konfransı" və "Qafqaz İslam Ordusu" ilə bağlı təəssüratlarıdır. Bunu Salman Müntaz adına Ədəbiyyat və İncəsənət Arxivindən əldə etmişəm. Sonra gördükləriniz etimadnamədir. Bu son məktubudur. Bu sənəd də Parisdən Üzeyir bəyə göndərdiyi teleqramın surətidir. Növbəti sənədlər Mirzəbala Məhəmmədzadəyə aiddir. Bu da Səffət Zərdabidir, o, milliyyətçi Azərbaycan dərgilərində iştirak edib. H.Zərdabinin varisidir. Sadəcə əlimizdə onunla bağlı heç bir bilgi yox idi. Bəziləri yazdı ki, S.Zərdabi 1937-də vəfat edib. Bəziləri də qeyd edir ki, 1938-ci ildə vəfat edib. Ancaq onun ölümü ilə bağlı 1976-cı ildə başsağlığı vermişdilər. Məzarının harada olduğu bilinmir.
Bu da Xəlil İbrahimin portretidir. Qızı Güllər İbrahimli gəlmişdi. İnşaat Universitetində kafedra müdiridir. Böyük qızının isə 90-a yaxın yaşı var. O da Moskvada Xarici Dillər Universitetində professordu. İndi Bakıda yaşayır. Redaksiyamıza dəvət etdik, hava isti olduğuna görə gələ bilmədi.
A.Aşırlı: Bu da "Xalq sözü", "Bəsirət", "Zəhmət", "Xalqçı", "Zənbur" qəzet və jurnallarıdır. Burada bir orijinal sənəd var. 1918-ci ilin 31 mart soyqırımına həsr olunub. Bizim Türkiyədə olan mühacir jurnalistimiz yazıb. Onu satışa çıxarmışdılar, mən aldım. Yazıda 31 mart soyqırımı necə baş verib, Qafqaz İslam Ordusu necə gəlib və s.-dən danışılır. Orijinal sənəddir. Bunun kim tərəfindən və harada yazıldığı bilinmir. Sadəcə, bir kitabın arasından çıxıb. Amma kim tərəfindən yazıldığı məlum deyil. Azərbaycanla ilgili bir yazı olduğu üçün satışa çıxarmışdılar, aldım.
Ardınca Sovet dövrünün mətbuat tarixini əks etdirən otağı ziyarət etdilər.
A.Aşırlı: Bu "Gənc İşçi" qəzetidir. Şəkildə gördükləriniz Hümmətçilərdir - Dadaş Bünyadzadə, Nəriman Nərimanov. Şamaxıdakı qırğınlarla bağlı "Hümmət" qəzetindəki yazıda yer alıb. Bunlar da kollajdır. Gördüyünüz şəkildə isə "Gənc işçi" qəzetinin ilk qadın müxbirləridir. Sonra bu "Maarif və mədəniyyət" jurnalıdır. Onun 10-a yaxın nüsxəsi var. Növbəti isə "Kafkaziya" divar qəzetidir. Kolleksioner dostumuz Ruslan Rəhimov muzeyə hədiyyə edib. Sonrakı "Kommunist" qəzetidir. I Türkoloji qurultaydı, əsilləri var. Bu 1937-ci illərin repressiyalarına aid sənədlərdir. Gördüyümüz portretdə isə Əzim Əzimzadədir. Sonra isə "Kirpi" jurnalıdır. "Pioner" jurnalıdır. "Azərbaycan Gəncləri"dir. "Azərbaycan qadını" jurnalı ilə bağlı ahıl jurnalist Sabir Gəncəli bizə xeyli material verib. Ancaq qoymağa yerimiz yoxdur. "Sovet kəndi" qəzetidir, "Bakı" qəzetidir, müstəqillik illərindən qeyri-leqal nəşrləri vermişəm. "Səhər", "Azərbaycan", "Meydan", "Müxalifət" qəzetləridir. Bunlar da şəhid jurnalistlərimizdir".
Bütün otaqla tanışlıq başa çatdıqdan sonra M.Mürşüdlü maraqlı təklif irəli sürdü: "
Yenə qeyd edirəm ki, çox böyük işlər görmüsünüz. İşi genişləndirmək üçün hazırda yaşayan ahıl jurnalistlərin səslərini audio formasında yazıb saxlamaq olar...
A.Aşırlı: Çox yaxşı təklifdi və onu gerçəkləşdirmək elə də çətin məsələ deyil. İnşallah gələcəkdə onu da edəcəyik.
Sonda isə M.Mürşüdlü muzeyimizə çox dəyərli sənəd hədiyyə etdi:
Bu qəzet 90-ci illərin arxiv materialları əsasında dərc olunub. Repressiya olunanlar sırasında mənim əmim də var. Bu qəzetdəki bəzi yazılarda göstərilir ki, represiyya illərində Ukraynadan olan 30 min adam güllələnib. Azərbaycan isə az sayda əhalisi güllələnən ölkələr içərisindədir. Represiyyaya məruz qalanlar sırasında erməni, rus, gürcü və s. də var. 1938-ci ildə əmim İsmayıl Mürşüdovun güllələnməsi də bu qəzetdə qeyd olunub. Hazırda Tovuzda onun adına küçə var. Və bir də Aşağı Quşçu kədindəki məktəblərdən biri onun adını daşıyır. Atam Gəncə müəllimlər institutunun ilk direktoru olub. Əmim tutulunda atamı da tutublar. Atam bir il türmə yatıb. Bu qəzeti o vaxtdan götürüb saxlamışam. Fikirləşdim ki. muzeyiniz üçün faydalı olar.
A.Aşırlı: Diqqət göstərib bizi ziyarət etdiyiniz üçün və hədiyyələrə görə sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun! Və bizim də sizə hədiyyələrimiz var.
A. Aşırlı müəllifi oloduğu bir neçə kitabı M.Mürşüdlüyə hədiyyə edir. M.Mürşüdlü isə bu cür tarixi kitablara böyük maraq göstərdiyini bilsdirərərk A.Aşırlıya minnətdarlığını ifadə etdi.
Hazırladı: Ayyət ƏHMƏD