"Məqsəd Qarabağı Azərbaycan xalqının yaddaşından silməkdir" - Millət vəkili







"Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri mənasız bəyanatlar səsləndirməklə məşğuldurlar”.

Bunu "Sherg.az”a Rusiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi barədə açıqlamalarına münasibət bildirərkən millət vəkili Aqil Abbas deyib. 

Onun sözlərinə görə, bu bəyanatların arxasında münaqişənin həlli prosesini uzatmaq, Qarabağı Azərbaycan xalqının yaddaşından silmək məqsədləri dayanır:

"Bir nəsil tarixdən getdikdən sonra yeni nəsil Qarabağı əvvəlki kimi önəmsəməyəcək. Bu münaqişə, işğal olunmuş torpaqlar tarixin yaddaşından zamanla silinəcək. Necə ki, Göyçə, Zəngəzur əraziləri ermənilərin tapdağında qaldıqca, yadlaşdı, Qarabağ da bu cür olacaq. Minsk qrupu ölkələri də bu prosesin sürətlənməsinə çalışırlar.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində əsas rolu Rusiya oynayır. Ermənistan hələlik Rusiyaya lazımdır. Bu əlaltısı vasitəsilə Kreml Qafqazdakı vəziyyətə nəzarət edir. Problem həll edilərsə, Qafqaz Rusiyanın nəzarətindən çıxa bilər. Nəticədə Rusiya və digər dövlətlərin Yaxın Şərqdəki hadisələrə müdaxilə etmək imkanı da azalar. Ona görə, Dağlıq Qarabağ münaqişə ocağı kimi saxlanılır. Dağlıq Qarabağ münaqişəsinin həlli müharibədən keçir. Biz isə bu savaşdan qalib çıxacağıq”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Samara şəhərində təşkil edilən brifinqdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən yardımı etməyə hazır olduğunu söyləyib. O bildirib ki, rəsmi Moskva ATƏT-in Minsk qrupunun üzvü kimi öz roluna tam sadiqdir.

Aysel Aslan