Merkelin Bakıya səfəri önəmli oldu: "Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi artacaq"



"Almaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan üçün çox vacibdir”. Bunu "sherg.az”a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib. İki ölkə arasındakı iqtisadi əməkdaşlığı şərh edən iqtisadçı-ekspert bildirib ki, Almaniya dünyanın iqtisadi baxımdan 4 ən güclü ölkəsindən biridir. Avropanın isə ən böyük iqtisadiyyatına malik ölkəsidir: 

"Almaniya ixrac imkanlarına görə, dünyada üçüncüdür. İkinci yerdə hələlik ABŞ dayanır. Lakin praktiki olaraq iki ölkə arasındakı fərq getdikcə azalmaqdadır. Yəni söhbət iqtisadi baxımdan kifayət qədər güclü olan bir dövlətlə - Almaniya ilə əməkdaşlığın gücləndirilməsindən gedir. Sözsüz ki, bütün bunları nəzərə alan Azərbaycan Almaniya ilə əməkdaşlığın genişləndirilməsinə hər zaman önəm verib. Almaniya kansleri Angela Merkelin Azərbaycana, bütövlükdə Cənubi Qafqaza səfəri iqtisadi baxımdan ciddi bir hadisə kimi qiymətləndirilməlidir. Bu səfər ilk növbədə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsini artıracaq. Hazırda iki dövlət arasında ticarət dövriyyəsi 900 milyon dollara yaxındır”.

Ekspert Merkelin Bakıda olarkən iş adamları ilə xüsusi görüş keçirməsini də yüksək dəyərləndirib: 

"Azərbaycan qeyri-neft sektoruna əlavə investisiyaların cəlb edilməsində hər zaman maralı olub. Ələlxüsus, alman sərmayəsinin ölkəmizə gətirilməsi bizim üçün xüsusilə faydalıdır. Almaniyanın bu istiqamətdə Azərbaycanın mühüm tərəfdaşı olması iqtisadiyyatımıza böyük səmərə gətirəcək. Hazırda Azərbaycanda 500 milyon dollara yaxın alman investisiyası var”. 

V.Bayramov əlavə edib ki, Azərbaycanla Almaniya arasında Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı əməkdaşlıq da mühüm rola malikdir: "Cənub Qaz Dəhlizi nəinki Almaniya, bütövlükdə Avropa üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu layihədən ən böyük faydanı məhz Avropa ölkələri götürəcək. İlk mərhələdə Avropaya 10 milyard kub metr, ikinci mərhələdə isə 20 milyard kub metr mavi qaz nəql ediləcək ki, bu da Avropanın enerji təhlükəsizliyini formalaşdıracaq. Ümumiyyətlə, Merkelin Azərbaycana ilk səfəri iki ölkə arasında həm ticarət, həm də iqtisadi əlaqələrin inkişafının yeni mərhələsini yaradacaq”.

Məlumat üçün bildirək ki, avqustun 25-də Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən birgə mətbuat konfransında iqtisadi əlaqələrdən danışıb. Merkel bildirib ki, Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq: "Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində də güclü bir amildir və Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq. Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk. Bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq. Bizim ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki, bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var”.

İsmayıl