"Mərkəzi Bank BOKT və kommersiya banklarının fəaliyyətini tənzimləmir" - Açıqlama

"2016-cı ilin mart ayından etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) nə kommersiya banklarının, nə də Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) fəaliyyətini tənzimləyir”.
Bunu "Sherg.az”a AMB-nin bank olmayan kredit təşkilatlarına (BOKT) tələbi artırmasından danışarkən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov söyləyib. 
O diqqətə çatdırıb ki, AMB banklara və BOKT-a yalnız kredit verə bilir:
"BOKT-ların Mərkəzi Bank qarşısında öhdəlikləri bu il avqustun 1-nə 6 050,7 mln. manat təşkil edib. Burada söhbət BOKT-ların daha çox kredit götürməsindən gedir. Yaranmış vəziyyət gözlənilən idi. Çünki Mərkəzi Bankın təklif etdiyi uçot dərəcəsi ilin əvvəlində 15 faiz təşkil edirdi. 
Hazırda isə bu rəqəm 10 faizə qədər azalıb. Artıq AMB banklara və BOKT-lara kreditləri cəmi 10 faizlə təqdim edir. Bu addımın məqsədi sözügedən təşkilatların daha çox kredit əldə etməsinə nail olmaqdır. Görünən odur ki, artıq kreditlərin verilməsində artımlar müşahidə olunur.
Hesab edirəm ki, hazırkı durumda bank olmayan kredit təşkilatlarının fəaliyyətində ciddi dəyişikliklərə ehtiyac yoxdur. BOKT-ların fəaliyyətinin tənzimlənmə bazası qənaətbəxş həddədir”.
Qeyd edək ki, avqust ayı üçün müəyyən edilən rəqəm iyulun 1-i ilə müqayisədə 44,8 mln. manat və yaxud 0,8 faiz çoxdur. Son 1 ildə isə AMB-nin banklara və BOKT-lara tələbi isə 1066,7 mln. manat - 15 faiz azalıb.
Aysel Aslan