Məsuliyyətsiz valideynlərə görə qurbanların sayı artır

Uşaqları nəzarətsiz qoymaq ən ağır faciələrə səbəb olur


Saatlı rayonunda bədbəxt hadisə baş verib. Rayonun Hacıqasımlı kəndində 3 yaşlı Həsənova Familə Bəxtiyar qızı evlərinin həyətindəki gölməçəyə düşərək boğulub. Faktla bağlı araşdırma aparılır. Təəssüflər olsun ki, nəzarətdən kənar qalan azyaşlıların başına hansısa bir bədbəxt hadisə gəlməsi kimi xoşagəlməz xəbərlərin sayı gündən-günə artır. Bu cür hallar dəfələrlə mətbuatda valideyn ehtiyatsızlığı ilə əlaqələndirilsə də, valideynlərdən nəzarət tələb olunsa da, təhlükə hələ də davam edir.

Bəs, problemin kökü haradan qaynaqlanır? Uşaqların diqqətdən kənarda qalması ailələrin maddi problemləri ilə bağlıdır, yoxsa internetə, sosial şəbəkəyə, seriallara, şou proqramlara aludəçilik uşaqların nəzarətsiz qalmasına səbəb olur.

Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov isə hesab edir ki, bütün bu faciələrin arxasında uşaqlara nəzarət məsələsi dayanır: 

"Əvvəla, dəqiqləşdirmə aparılmalıdır ki, həmin uşağın valideynləri evdə olub, yoxsa yox. Adətən bu cür hallar uşaqlar evdə nəzarətsiz qaldığı zamanlarda baş verir”.

Xarici ölkələrdə uşağı nəzarətsiz qoyan valideynlərin məsuliyyətə cəlb olunduğunu vurğulayan ekspertin sözlərinə görə, Azərbaycanda da bu təcrübədən istifadə edilməlidir: "Valideyn evdə ola-ola uşağını gözdən qoyubsa, səhlənkarlıq edərək başı internetə, telefona qarışıbsa və həmin arada uşağın başına hansısa bədbəxt hadisə gəlirsə, həmin valideynlər birmənalı günahkardır. Amma burada birmənalı olaraq valideynlərin qınanılmasının da tərəfdarı deyiləm. Statistikaya nəzər salsaq, görərik ki, bu cür faciələr sosial vəziyyətləri ağır olan ailələrdə baş verib. Deməli, bu problemin dərin kökləri var. Heç bir valideyn uşağını evdə nəzarətsiz qoyub işə getmək istəməz. Evdə köməyi olmayan valideynlər uşaqlarını bağçaya göndərməlidirlər. Belə olarsa, valideynləri işdə olan uşaqlar daimi nəzarət altında olar”.

Şəymən