Metrodakı intihar...

Bəlkə bacı qardaşı ilə görüşmək istəməyib?
“Yetkin gənclər olduğu üçün hansısa qohumun onların görüşməsinə məhdudiyyət qoyması hüquqi cəhətdən inandırıcı görünmür”


İki gün əvvəl özünü metronun "Ulduz” stansiyasının platformasından qatar relsinə atan gənc oğlanın intihara cəhd etməsinin səbəbi məlum olub. Stansiya nəzarətçilərinin köməyi ilə 1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlunun həyatını xilas etmək mümkün olub.

O, qatar platformaya çatanda dərhal relslərin üzərindən çıxıb tunelə daxil olub. Metro nəzarətçilərinin köməyi ilə stres vəziyyətində olan T.Ələsgərli polisə təhvil verilib.

İlkin izahatında T.Ələsgərli bildirib ki, özünü ailə münaqişəsi zəminində relslərin üzərinə atıb. O qeyd edib ki, uzun müddətdir Azərbaycanda yaşamır və bir neçə ölkədə olub. Bir neçə gün əvvəl T.Ələsgərli Bakıya gəlib və bibisinin himayəsində olan doğma bacısı ilə görüşmək istəyib. Lakin bibisi və onun ailə üzvləri bacısının T.Ələsgərli ilə görüşməsinə imkan verməyiblər. O, bacısını görmək üçün bir neçə dəfə bibisinin yaşadığı ünvana getsə də, bacısı ilə görüşə bilməyib. Nəticədə T.Ələsgərli intihar etmək qərarına gəlib və o, bu addımı atıb. Maşinist və metro nəzarətçilərinin sayıqlığı nəticəsində onun həyatını xilas etmək mümkün olub. Məlumata görə, T.Ələsgərli hazırda ağır stres keçirdiyindən həkim nəzarətinə verilib.

Vəkil Asif Abdullayevin sözlərinə görə, bacı-qardaş yetkin gənclər olduğu üçün hansısa qohumun onların görüşməsinə məhdudiyyət qoyması hüquqi cəhətdən inandırıcı görünmür: 

"Ola bilsin ki, bacı özü qardaşı ilə görüşmək istəməyib və bibi məsələsi ortaya atılıb. Uşaqlarla bağlı bu cür problem yaşanan zaman məsələni məhkəmə çərçivəsində həll edib, görüş almaq olur. Amma 18 yaşını keçmiş müstəqil insanlar özləri söz haqqına sahib olurlar. Hadisənin detallarını bilmədiyimiz üçün şərh vermək çətindir. Ola bilər ki, yaşanan faciə sırf qardaşla bacı arasındakı anlaşılmazlığa görə olub. Bibinin müdaxiləsi hansısa bir problem yarada, onların görüşməsinə əngəl ola bilər. Ancaq məsələnin intihara səbəb olacaq qədər ciddi olacağını düşünmürəm. Axı, həmin qızın əl-qolunu bağlayıb, qıfıl arxasında saxlamırlar ki, qardaşınla görüşə bilməzsən. Əgər o qız istəsə, qardaşı ilə görüşə bilərdi. 

Ortada qıza qarşı təzyiq və şiddət varsa da, bu artıq cinayət əməli hesab olunur və o, yetkin bir şəxs olaraq hüquq-mühafizə orqanlarına müraciət edib, bibisini onu qardaşından ayrı tutduğunu deyə bilər. Uzaq başı, bibi qıza qardaşı ilə görüşməyini istəmədiyini deyə bilər. Əgər qız da bir böyük olaraq onun nəsihətinə əməl edib, qardaşı ilə görüşməkdən imtina edibsə, bu da artıq onun şəxsi qərarı hesab olunur. Burada heç bir qanun pozuntusu yoxdur”.

Şəymən