"Məzarlıqlarımızın vəziyyəti acınacaqlı haldadır"

"İnsanların daxili aləmi, dəyərlər sistemi dəyişməlidir"



Azərbaycanda dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarını pozanlara cərimə tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyi müsbət dəyərləndirən sosioloq, professor Əhməd Qəşəmoğlunun "Şərq”ə açıqlamasına görə, hansısa bir problemi təkcə inzibati yolla həll eləmək mümkün olmur. Həmin problemin həlli istiqamətində ağlabatan bir ideya tapanda, onun həm inzibati tərəfini həll eləmək lazımdır, həm də bu sahədə maarifləndirmə işi gücləndirilməlidir.

Olduqca mürəkkəb cəmiyyətdə yaşadığımızı deyən Ə.Qəşəmoğlunun sözlərinə görə, indiki toplum 50 il bundan əvvəlki toplum deyil. Bütün filosoflar da, sosioloqların ümumi qənaətinə görə, heç bir sosial qrupu yönəltməklə idarə etmək mümkün deyil. Mövcud problemlərin həlli üçün kompleks tədbirlərin görülməsinə ehtiyac var: "İnzibati cəzaların olmasını vacib hesab edən professora görə, cərimələrlə problemi aradan qaldırmaq da mümkün deyil. İnsanların daxili aləmi, dəyərlər sistemi dəyişməlidir. Ona görə də bu istiqamətdə maarifləndirmə tədbirlərinə də diqqət ayrılmalıdır ki, cərimələr effekt versin. Gənclik illərində xarici ölkələrə tez-tez səfər edirdim. Baltikyanı ölkələrin qəbiristanlığında olan səliqə-səhman adamı heyran edirdi.

Yüksək dəyərlərə sahib Azərbaycan xalqı isə qəbiristanlıqlara münasibətdə həddindən artıq laqeyddir. Bizim məzarlıqların vəziyyəti acınacaqlı haldadır. Düzdür, dünyasını dəyişən insanları hörmətlə yola salmaq lazımdır, amma təəssüf ki, bizdə böyük əksəriyyət bu hörmətlə yola salmanı maddiyyatla bağlayırlar”.

Şəymən