Millət vəkilləri və ziyalılar etiraz etdi

“İnsanlar sosial şəbəkələrdə ağıllarına və ağızlarına gələni yazırlar”
“Parlamentdə internet üzərindən tənzimlənən mətbuatla bağlı heç bir qanun yoxdur. Düşünürəm ki, biz cəmiyyətin bütün ziyalılarını səfərbər edib ictimai qınaq yaratmalı və bunun qarşısını almaq üçün tədbirlər görm


Dünən millət vəkili, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının təşkilatçılığı ilə dövlət atributlarına, milli-mənəvi dəyərlərə, türk və islam mənəviyyatına və əxlaqına zidd olan təhqiramiz yazı və verilişlərin yayımlanmasına etiraz olaraq mətbuat konfransı keçirilib.

Konfransda parlamentin deputatları, yazıçılar, alimlər iştirak ediblər.

Məlahət İbrahimqızı bildirib ki, son vaxtlar Azərbaycandakı bir sıra mətbuat orqanlarında, xüsusilə də sosial şəbəkələrdə ölkənin milli-mənəvi dəyərlərinə zidd məlumatlar yayılır və vətəndaşların şərəf və ləyaqəti alçaldılır: "Sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda dərc olunan yazılar bizi narahat etməyə bilməz. Həmin saytlarda olan təhqiramiz və əxlaqa zidd fikirləri görəndə mən dəhşətə gəlirəm. Ən dəhşətlisi isə odur ki, burada ziyalılar, cəmiyyətin aparıcı insanları hədəfə çevrilirlər. Bəzi insanlar Azərbaycandakı demokratiya və söz azadlığından öz məqsədləri üçün istifadə edir, bunu düzgün anlamır və insanları gözdən salmağa çalışırlar. Sosial şəbəkələrdəki səhifələrdə 300 mindən çox izləyici var. Bu rəqəm hər gün artan istiqamətdə gedir. Mən bu barədə Milli Məclisdə də çıxış etdim. Çox təəssüf ki, bugünədək Azərbaycan parlamentində internet üzərindən tənzimlənən mətbuatla bağlı heç bir qanun yoxdur. Düşünürəm ki, biz cəmiyyətin bütün ziyalılarını səfərbər edib ictimai qınaq yaratmalı və bunun qarşısını almaq üçün tədbirlər görməliyik. Bəlkə də bununla bağlı Monitorinq Qrupu yaradıb onların fəaliyyətini izləməli və sonra qanun çərçivəsində müvafiq addımlar atmalıyıq”.

Xanım millət vəkili qeyd edib ki, burada söhbət heç də internetin bağlanmasından yox, sadəcə insanların şərəf və ləyaqətinin alçaldılmasından gedir: "Kiminsə fəaliyyətini tənqid etmək, müzakirə etmək olar. Amma alçaltmaq, təhqir etmək yolverilməzdir. İnsanlar ağıllarına gələni sosial şəbəkədə yazırlar. Bu, düzgün bir şey deyil. Hansısa yolla mənəviyyatın məhv olmasının qarşısını almaq lazımdır”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli deyib ki, milli-mənəvi dəyərlərin qorunmasından söhbət gedirsə, etik normalara əməl edilməlidir: "Etik normalar insanın vicdanına bağlıdır. Hər adam buna əməl etmir. Çoxları sensasiya dalınca qaçırlar. Bu da yolverilməzdir”.

Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli isə bildirib ki, sözügedən problem çox böyükdür və bu istiqamətdə əməli addımlar atılmalıdır: "Burada qaldırılan təkliflər nəzərə alınmalı və qanun layihəsi şəklində Milli Məclisə təqdim olunmalıdır. Sosial şəbəkələr və internet medianın yaratdığı problemlər həm Azərbaycanda, həm də dünyada narahatlıq doğurur. Hətta bununla bağlı Avropa Şurasının Mərkəzi ofisində disskusiyalar keçirildi. Bildiyiniz kimi, 2013-cü ildə Mətbuat Şurasının tərkibində onlayn medianı tənzimləyən komissiya yaradıldı. Təsəvvür edin ki, 2015-ci ildə onlayn mediadakı xəbərlərə görə bizə 600 şikayət daxil olub. Ancaq biz sosial şəbəkələrdəki fikirləri müzakirə etmirik. İndi təsəvvür edin, orda nələr baş verir? Orada milli-mənəvi dəyərlərin tapdanması, insan haqlarının pozulması baş verir. Sosial şəbəkələrdə həm də insanların şəxsi həyatı ilə bağlı sirləri yayırlar. Avropa Birliyinə daxil olan ölkələrdə dövlət sirlərinin və şəxsi həyatın qorunması ilə məşğul olan agentliklər fəaliyyət göstərir. Yəni onlara səlahiyyət verilir ki, hər hansı saytda şəxsi həyatla bağlı informasiya gedirsə, həmin mətbu orqan bloka alınır və fəaliyyəti dayandırılır. Eyni zamanda, Avropada belə bir praktika var ki, sosial şəbəkələrdə qeydiyyatdan keçərkən, şəxsin kart hesabından simvolik, məsələn, 1 avro miqdarında pul çıxılır və bu an həmin adamın bütün məlumatları alınır. Bu da gələcəkdə baş verən istənilən hadisədə birbaşa həmin adamın məsuliyyət daşımasına şərait yaradır. Biz də bilirik ki, ölkədə təhqir və böhtan xarakterli məlumatlar yayan insanların əksəriyyəti qərəzli şəkildə yetişdirilir ki, Azərbaycanın mövqeyinə, imicinə zərbə vursunlar”.

Millət vəkili Elmira Axundova informasiya ombudsmanı yaradılmasını təklif edib: "Mətbuat Şurasına da internet media ilə bağlı ciddi səlahiyyətlər verilməlidir. Məsələn, deyilən məsələlərin yer aldığı sayt varsa, Mətbuat Şurası onu bağlamalı və sonra bu məsələ məhkəmədə həll olunmalıdır. Ümumiyyətlə, disskusiya zamanı təhqir yolverilməzdir. Vətəndaşlarımız bu məsələdə diqqətli olmalıdırlar”.

Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev dünyada insanın şərəf və ləyaqətinin təhqir olunmasına görə cərimələrin tətbiq olunması ilə bağlı praktikanın olduğunu diqqətə çatdırıb: "Sənin nə ixtiyarın var ki, başqasını təhqir edirsən? İnternetdə kim nə istəyirsə, onu da yazır, paylaşır. Fransada Məhəmməd peyğəmbər təhqir olunanda biz bunun əleyhinə çıxdıq. Onlar da dedilər ki, bu, söz azadlığıdır. Bəs onda nəyə görə, qondarma erməni soyqırımını tanımayan şəxsə cərimə tətbiq olunması barədə qanun qəbul olunur? Budurmu söz azadlığı? Bu, ikili standartdır. Bu gün bəzi jurnalistlər bizim tariximizin, ədəbiyyatımızın olmadığını deyir, Üzeyir Hacıbəyovu, Səməd Vurğunu təhqir edir, mənəvi dayaqlara zərbə vururlar. Əgər yoxlasalar, görərsiniz ki, Azərbaycanda bəzi saytları ermənilər yaradıblar. Mən inanmıram ki, müharibə şəraiti olan ölkədə mənəvi dayaqlar belə sındırılıbsa, bizim dövlətimiz inkişaf etsin. Biz demirik ki, kimisə həbs etdirək. Sadəcə, bir az məsuliyyətli olmaq lazımdır. Şəxsən Yazıçılar Birliyi ilə bağlı axmaq-axmaq yazılar dərc olunur. Bu yolverilməzdir. Birlikdə ziyalılar, Azərbaycanın qaymaqları toplaşıb. Bunlar həmin ziyalıları niyə təhqir etməlidirlər?! Kim ixtiyar verib ki, istər saytlarda, istərsə də sosial şəbəkələrdə ziyalılar, ictimai nüfuzlu şəxslər haqqında təhqirlər yazılır?! Hər kəsin fəaliyyətini də, işini də tənqid etmək olar. Amma bəziləri tənqidlə təhqirin sərhədlərini səhv salırlar. Keçirlər təhqirə, ağızlarına və ağıllarına gələni yazırlar. Belə olmaz. Hansısa tədbirlə mənəvi dəyərlərin aşınmasının qarşısını almaq lazımdır”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə çıxışında bildirib ki, dünyanın inkişafı internetin inkişafında öz əksini tapır: "Bu baxımdan məhkəmənin qərarı olmadan saytları və internet medianı bağlamaq olmaz. Bizim hüquqşünaslar da internetlə bağlı məhkəmə prosesinə hazır deyillər. Düşünürəm ki, daha çox burada özünü tənzimləmə məsələlərinə diqqət yetirilməlidir”.

Sonda tədbir iştirakçıları milli-mənəvi dəyərlərin qorunması ilə bağlı ictimaiyyətə müraciət ünvanlayıblar.

Anar