Millət vəkilləri yol hərəkəti qanunlarını poza bilməz

Fərhad Eyyubov: “Kiçik qayda pozuntuları ilə bağlı deputatlara güzəştə getmək yol polislərinin borcudur”
Elməddin Muradlı: “Bu yaxınlarda deputata avtobus dayanacağında maşın saxladığına görə 40 manat cərimə yazan yol polisi əməkdaşını mükafatlandırmaq istəyirik”



Milli Məclisin deputatları Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə görüş keçirilməsini təklif ediblər. Deputat Elşən Musayev deputatların avtomobilinin saxlanılması, onlara cərimə yazılması kimi məsələlərlə bağlı yol polisindən izahat verilməsini təklif edib.

Millət vəkili Tahir Kərimli dəfələrlə millət vəkilləri ilə Dövlət Yol Polisinin əməkdaşları arasında müəyyən anlaşılmazlıqların olduğunu bildirib: "Hətta bizim bir xanım deputatın avtomobili Dövlət Yol Polisinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. Dövlət Yol Polisinin rəhbərliyi aşağı hissələrə izah etsinlər ki, "Deputatın statusu haqqında” qanuna və Konstitusiyaya görə deputat toxunulmaz şəxsdir”.

Qeyd edək ki, deputatların bu tələbi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Narazı vətəndaşlar sual edib ki, məgər, qanun hamı üçün bərabər deyil? Nə üçün deputatlar özlərinə üstün imtiyazlar tələb etməlidir?

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov isə deyib ki, Yol Hərəkəti Qaydaları obyektiv və subyektiv prinsiplər əsasında formalaşıb. Obyektiv prinsiplərə uyğunlaşdırılan qaydalar bütün vətəndaşlara şamil olunur. 

Bunlara "giriş qadağandır”, "qırmızı işıqda keçmək olmaz” kimi xəbərdarlıqlar daxildir. Subyektiv prinsiplərə uyğunlaşdırılan qaydalara isə təhlükəsizliklə bağlı olan xəbərdarlıqlar aiddir ki, ara məsafəsini, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrləri tənzimləyir. Orada konkret standartlar olmur, məhz yol hərəkətinin təhlükəsizliyini təmin edən məsələlər nəzərdə tutulub:
"Bu qaydaya görə, xüsusi səlahiyyətləri olan şəxslərə güzəştə gedilir. 

Xüsusilə də, dövlət əhəmiyyətli tədbirlərdə iştirak zamanı deputatların, dövlət xadimlərinin avtomobili yol polisi tərəfindən saxlanılmamalıdır. Yol polisi qanunda qeyd olunan maddələrdən əlavə insani ünsiyyət qaydalarına da riayət etməlidirlər. Bütün dünya ölkələrində toxunulmaz şəxs kimi deputatları yol hərəkəti qaydaları ilə bağlı müstəsna hüquqlara malikdirlər. Təsəvvür edin ki, ölkədə beynəlxalq əhəmiyyətli bir tədbir keçirilir və hansısa deputat orada çıxış etməlidir. Tədbir başlayır, amma məlum olur ki, deputatın avtomobili xəttin üstündən keçdiyi üçün saxlanılaraq cərimə meydançasına aparılıb. Bu, düzgün deyil ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı xırda bir qanun pozuntusuna görə Azərbaycanın imicinə kölgə salaq. Ümumi qanunu demirəm, amma kiçik qayda pozuntuları ilə bağlı deputatlara güzəştə getmək yol polislərinin borcudur”.

Avtosfer.az saytının baş redaktoru, yol hərəkəti üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, deputatlara yol hərəkəti qaydalarında müəyyən imtiyazların verilməsi cəmiyyət tərəfindən heç də normal qarşılanmayacaq.

Onun fikrincə, yol hərəkəti qaydalarında deputatların toxunulmazlıq hüququ o zaman olur ki, onların avtomobili cərimə meydançasına götürülür və yol polisinin əlində hansısa bir sanksiya kağızı olmadan maşında yoxlama aparılır: "Yol polisi qanunu qəbul edən orqan deyil, sadəcə, icraedici orqandır. Qanunları da Milli Məclisin deputatları özləri qəbul edir. Yəni, deputatların qəbul etmiş olduğu qanunlardan narazılıq etməyi adama bir qədər gülməli gəlir. Milli Məclisin savadlı, qanunlardan anlayışı olan bütün deputatları dəfələrlə təsdiq edib ki, deputatların yol hərəkəti qaydalarından kənara çıxmaq hüququ yoxdur, yəni deputatlar inzibati məsuliyyətdən azad deyillər, bununla bağlı onların toxunulmazlıq hüququ yoxdu. Əgər yol polisi deputatın özünü sükan arxasında sərxoş vəziyyətdə saxlayırsa, digər sürücülərə qarşı nə tədbir görübsə, həmin tədbiri deputata qarşı da tətbiq etməlidir. Dayanma, durma qaydalarını pozarsa, deputatın avtomobili cərimə meydançasına aparıla bilməz. Amma yerindəcə protokola 20 manat cərimə tərtib edə bilər. Belə hadisələr təcrübədə də olub. Bu yaxınlarda deputata avtobus dayanacağında maşın saxladığına görə 40 manat cərimə yazan yol polisi əməkdaşını mükafatlandırmaq istəyirik.

Çox təəssüflə bildirirəm ki, bəzi millət vəkilləri yol hərəkəti qaydalarını pozurlar. Sonra da öz mandatlarının surətlərini bir məktubun arasına qoyub həmin cərimə bildirişlərini Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə göndərirlər və xahiş edirlər ki, "bunlara xitam verəsiz”.

E.Muradlı həmçinin deyib ki, monitorinq aparılan zaman bəlli olacaq ki, deputatlar yol hərəkəti qaydalarını rayonlara seçicilərlə görüşə gedən zaman deyil, ya istirahətə, ya da şəxsi işlərini həll etməyə gedərkən pozurlar. Bu cür hallarda isə onlara imtiyazların verilməsi məqbul sayılmır: "Şəxsi işinin arxasınca getmisən, qayda pozmusan, zəhmət çək, cəriməni ödə. Ya da qaydanı pozma, başqalarına nümunə ol. Belə başa düşürəm ki, əksər deputatların sükan arxasında özü deyil, sürücüləri olur. Əgər deputat özü yol hərəkəti qaydalarının davamlı olaraq pozulmasına göz yumursa, bu, çox təəssüfləndirici haldır. Elə deputatlar var ki, təbliğat işində bizə dəstək olur, amma bir qrup deputatlar da var ki, onlar tez-tez yol hərəkəti qaydalarını pozurlar.

Azərbaycanda elə bir hal yoxdur ki, deputatlara xüsusi nömrə verilsin, onlar sayrışan işıqlarla təmin olunsun və heç bir yol polisi saxlayıb onlara cərimə yazmasın. Tahir müəllim savadlı millət vəkili və hüquqşünasdır. Çox gözəl ideyaları var. 

Bu məsələni ideya olaraq istifadə edib, layihə yazsın və təqdim eləsin. Əgər uyğun bilərlərsə, səs verib qəbul edəcəklər. Lakin düşünürəm ki, bu, cəmiyyətdə heç də yaxşı qarşılanmayacaq. Məncə, məsələnin üstünə o qədər də getmək lazım deyil. Yaxşı olar ki, deputatlar özləri cəmiyyətə bir nümunə olub yol hərəkəti qaydalarını pozmasınlar. Başqa bir izah görmürəm və istəmirəm ki, deputatlar yol qaydalarından kənara çıxıb öz xeyirləri üçün hansısa qanun qəbul eləsinlər”.

Şəymən