Millət vəkillərindən Ukraynadakı yeni və köhnə səfirin "yeyinti davası"na sərt reaksiya: "Bu ölkənin imicinə zərbə vurur"



Milli Məclisin bugünkü iclasında millət vəkilləri Azərbaycanın Ukraynadakı səfirliyinin binasının təmiri ətrafında yol verilən korrupsiya ilə bağlı sabiq və indiki səfirlər arasında gedən qarşıdurmanı tənqid ediblər. 

Sherg.az-ın xəbərinə görə, Deputat Zahid Oruc deyib ki, indiki səfir əvvəlki səfirin Kiyevdəki səfirliyin binası zamanı yeyintiyə yol verdiyini iddia edir:

"Sabiq səfir isə bunu təkzib etməkdədir. Belə bir məsələ niyə medianın gündəminə çıxarılmalıdır? Bu yolverilməz haldır, ölkənin imicinə zərbə vurur. Məsələni Ukraynada müzakirə etməkdənsə, Azərbaycanda müzakirə etsələr daha yaxşı olar. Ukraynada nəyə görə bunu başqa xalqın nümayəndələri, rəsmiləri eşitməlidir?”


Deputat Rüfət Quliyev də Z.Orucun dediklərini dəstəkləyib: 

"Mən də hesab edirəm ki, belə bir məsələnin ictimailəşdirilməsinə lüzum yoxdur. Mənə zəng edib deyiblər ki, sabah bununla bağlı mətbuat konfransı olacaq. Orada adıçəkilən problemə aydınlıq gətiriləcək. Mən də belə bir məsələsinin başqa ölkədə müzakirəsinin tərəfdarı deyiləm. Belə hallara yol vermək olmaz”.
Anar