Rüstəm Behrudi: “Bu uşaqlar da bilmədən həmin funksiyanı yerinə yetirirlər”
“Rus ədəbiyyatında Qoqol, Tolstoy və Dostoyevski də var. Belə çıxır rus gənclər durub iddia etməlidirlər ki, Qoqol rus psixikasının nə qədər iyrənc olduğunu ortaya qoyub. O, bu tənqidi millətinə olan sevgisindən etmişdi"
"Milləti iyrənib də sevmək olar”
"Yalandan ölümdən, intihardan yazmaqla şair, yazıçı olunmur. Ömründə bir dəfə də ayrılıq yaşamayan adam oturub, ayrılıq haqqında şeir yazmaq istəyir”
Tanınmış şair Rüstəm Behrudinin "Sherg.az”a müsahibəsini təqdim edirik.
- Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu və Orfoqrafiya komissiyası müəyyən sözlərin yazılışının dəyişilməsini təklif ediblər. Təklifə əsasən, iki "y” ilə yazılan sözlər bir "y” ilə, "əsgər” sözü "əskər” kimi "komyuter” "kompüter”, "alqı-satqı” alğı-satqı kimi yazılmalıdır. Sözlə işləyən şair və eyni zamanda Azərbaycan dili-ədəbiyyat müəllimi kimi sözlərin yazılışındakı dəyişiklikləri necə qiymətləndirirsiz?
- Bir etnosu şərtləndirən ən böyük amil dildir. Dil vaxtaşırı dəyişirsə, deqradasiyaya uğrayırsa, bu, millətin ziyanına olan məsələdir. Xaricdəydim, ölkəmizə təzə gəlmişəm. Həmin dəyişikliklərlə tam tanış deyiləm. Amma dünən bir məqalə oxudum, bəzi sözlərdən qoşa "y” hərfinin bir "y” ilə əvəzlənməsini təklif ediblər. Mənə elə gəlir ki, qoşa samitlə işlənən sözlərin əksəriyyəti ərəb-fars dilindən keçmədir, daha çox da ərəb dilindən alınma sözlərdir. İki "y”nin bir "y”yə keçməsini dəstəkləyirəm. Baxın, biz "ədəbiyyat” yazsaq da, "ədəbiyat” səsləndiririk . Amma burada başqa bir incə məqamı nəzərə almaq lazımdır. Məsələn, "çaqqal” sözündə "q” hərfinin birini necə atmaq olar. "Çaqal” deyə bilmərik. Məncə, bu məsələ ümumxalq müzakirəsinə verilməlidir. Ümumxalq müzakirəsi olandan sonra bu sözlər haqqında fikir söyləmək olar. Ancaq dili tez-tez bu cür deqradasiyaya məruz qoymaq, millətin ziyanınadır. Bu barədə tələm-tələsik qərar çıxarmaq doğru deyil. Yadıma gəlir ki, biz əlifbanı dəyişəndə onu ümumxalq müzakirəsinə verdik. 6 ay müzakirə olundu və ondan sonra yekdil latın qrafikalı əlifba ortaya qoyuldu. İndi həmin sözlərin yazılışındakı dəyişiklikləri də ən azı bir il ümumxalq müzakirəsinə buraxmaq gərəkir. Hətta ən ucqar kəndlərdə belə çalışan Azərbaycan dili-ədəbiyyat müəlliminin də bu barədə fikirlərini öyrənmək lazımdır.
- Xaricdə olduğunuzu qeyd etdiz. Səhhətinizlə bağlımı getmişdiz, yoxsa?..
- Bəli, səhhətimlə bağlı getmişdim, yoxlamadan keçdim. Dedilər ki, ölüm yoxdur, yaşayacaqsan.
- Allah şəfanızı versin.
- "Söz” sizin üçün nədir? Onun tərifini necə verərdiz?
- Söz mənim üçün nə deyil ki? Söz Tanrı boyda olan bir dəyərdir. Mən elə həmişə deyirəm ki, söz insanın ölümlə, əbədiyyətlə, sonsuzluqla qarşılaşmasının məhsuludur. Biz sözü məhz onda işlədirik. Elm də sözlə başlayır. Mənə elə gəlir ki, dünyanın ən yaxşı adamları elə söz adamlarıdır. Bizim çörəyimiz Tanrının ən uca saydığı bir nəsnədən çıxır. Bundan böyük bir dəyər yoxdur.
- Amma son zamanlar ölkədə sözə və ya söz adamlarına dəyərin verilmədiyi iddia olunur. Sizcə, bu, doğrudurmu?
- Tarixən bütün yazarlar hesab ediblər ki, onların sözlərinə dəyər verilmir. Füzuli "Leyli Məcnun”da deyirdi:
Bir dövrdəyəm ki, nəzm olub xar.
Əşar bulub kəsadi-əsar
Füzuli də elə düşünürdü. Həmin dövrdə heç nə sözün yüksəldiyi zirvəyə ucala bilmədi. Ancaq Füzuli düşünürdü ki, sözə qiymət verilmir. Zaman-zaman qələm əhli elə düşünüb. Fikrimcə, dəyərli söz heç zaman hörmətdən düşməyəcək. Azərbaycan ədəbiyyat tarixinə diqqət edin. Gözəl sözlərin heç biri yaddan çıxmayıb, hamısı qəbul olunub. Düzdü, sözü dəyərdən salan adamlar çoxalıb. Biz gəldi-gedərik, amma söz yaşayır.
- Son aylar gənc şair və yazarların klassikləri yersiz, hətta qeyri-sağlam qınaması, onlara iftira atması məsələsi gündəmə gəlib. Təbii ki, heç bir yazıçı, şair büt deyil. Tənqid normaldır, amma söhbət sağlam, yəni böhtan və təhqirdən uzaq olan tənqiddən gedir. Məsələn, ömrünü, həyatını, yaradıcılığını bu xalqın maariflənməsinə həsr edən şair, xalqını aşağılayan şair kimi təqdim olunur. Ömrünü, həyatını, yaxınlarını Azərbaycanın müstəqilliyinə qurban verən xalq şairinə antimilli damğası vurulur. Sizcə, bu gənclər nə istəyirlər, yoxsa nə istədiklərini bilmirlər?
- Təsəvvür edin, böyük dəyər olan sözü yaradanlara qarşı belə hücumların, böhtanların atılması doğru deyil. Ayxanı da, Kəraməti də tanıyıram. Fikirləşirəm ki, onlar istedadlı uşaqlardır. Amma nə Sabiri, nə də Xəlil Rzanı oxuyublar. Oxumaq lazımdır. Sabiri diqqətlə oxuyan adam onun haqqında belə düşünə bilməz. Tövsiyyə edirəm ki, haqqında yazdıqları klassikləri qabaqlarına qoyub əvvəldən sona qədər oxusunlar. Məsələn, bütün zamanlarda türkçülük, turançılıq haqqında danışan yazıçılar olub. Onların hamısının bir yerdə dediklərini Sabir "Fəxriyyə” şeirində deyib. Həmin uşaq gedib o "Fəxriyyəni” oxusun və görsün ki, Sabir kimdir. Adamın Sabirdən xəbəri yoxdur. Təkcə istedadlı olmaq azdır, gərək savadlı olasan. Kəramət durub Xəlil Rza Ulutürk haqqında yazır. Ola bilsin ki, Xəlil Rzanın şeirləri bir oxucu kimi Kəramətin xoşuna gəlməsin. Xəlil Rza bu millətin elə bir dövründə, elə bir rol oynayıb ki, o rolu heç bir şair oynamayıb. Sözün hörmətdən salınması bax, budur. Kimisə qeyri-sağlam tənqid etməklə nəyəsə nail olmaq olmaz. Bu, həmin gənclərin gündəmdə qalmaq istəyindən başqa bir şey deyil. Təbii ki, bu da ciddi ədəbiyyat sayılmır.
- Görünür, ədəbiyyatı da şouya çevirmək istəyirlər... Hətta artıq klassiklərə "ilişib” gündəmdə qalmaq istəyənlərlə bağlı bir deyim də formalaşıb: "Ədəbiyyatın Rəqsanələri”.
- Onların diqqətinə çatdırmaq istəyirəm ki, gedib ədəbiyyatla məşğul olsunlar. Yazılarını, şeirlərini yazsınlar. Baxın, sizə yaşanmış bir maraqlı hadisəni ərz edim. ABŞ-ın Mərkəzi Kəşfiyyat Bürosunun bir məlumatını oxudum. Yazırlar ki, yeni müstəqillik qazanmış ölkələrdə millətin dəyər saydıqlarını o xalqın ədəbiyyat nümayəndələrinin əli ilə millətin gözündən salırlar. Həmin sənədləri sizə təqdim edə bilərəm. Yəni hər hansı bir milləti məhv etmək üçün o millətin dəyər hesab etdiklərini gözdən salırlar. İndi o uşaqlar ölkəmizdə həmin missiyanı yerinə yetirirlər.
- Belə çıxır ki, onlar da haradansa göstəriş alıblar?..
- İnanmıram ki, kiminsə göstərişi ilə icra etsinlər, amma kimlərinsə təsirinə düşüb zərərli fikirlərlə çıxış edirlər. Özləri bunu bilmir. Yəni bu variant xalqı, milləti, milli dəyər və sərvətləri topsuz, tüfəngsiz, müharibəsiz məhv etməkdir. Bu uşaqlar da bilmədən həmin funksiyanı yerinə yetirirlər. Bir millətin böyük dəyərlərini ayaqlar altına atmağa çalışırlar. Ən azından bu adamlar məlumatları oxusunlar. Ola bilsin ki, onlar klassiklərimizin əsər və şeirlərini bəyənməsinlər, amma bu, onlara əsas vermir ki, klassiklərə iftira atsınlar. Həm də bu gənclərdə qəribə bir iddia var. Az qalırlar hamıdan tələb etsinlər ki, siz də bizim kimi düşünün. İndi durub 9 milyon sizi kimi düşünməli deyil ki. Yenə deyirəm, onlar bunu sadəcə gündəmdə qalmaq üçün edirlər. O uşaq Sabir bu millət üçün nələr etdiyini bilsə, durub belə yazmaz. Onlar Sabiri və Ulutürkü yaxından tanımadıqları və savadsız olduqları üçün belə düşünürlər. Rus ədəbiyyatında Qoqol, Tolstoy və Dostoyevski də var. Belə çıxır rus gənclər durub iddia etməlidirlər ki, Qoqol rus psixikasının nə qədər iyrənc olduğunu ortaya qoyub. O, bu tənqidi millətinə olan sevgisindən etmişdi. Milləti iyrənib də sevmək olar. Mirzə Cəlilin "Azərbaycan” məqaləsini dönə-dönə oxumağı məsləhət görürəm. Mirzə Cəlil nəsrlə, Sabir isə şeirlə çatdırıb. Mirzə Cəlilin "Molla Nəsrəddin” jurnalı Şərq dünyasında böyük bir dəyər və ölçü idi. Bu jurnal milləti oyatmışdı.
- Son dönəmlər gənc şair və yazıçıların intihar halları çoxalıb. Bunlar nədən irəli gəlir?
- Bir vaxtlar mən də intihar haqqında yazırdım. Güclü adam intihar edə bilməz. İntihar etmək ölümü öldürməkdir. Böyük mənada budur. Amma güclü adam intihar edə bilməz. Məncə, bunlar filmlərdən də irəli gələ bilər. Ola bilsin, insanın şəxsi faciəsi olur, travması olur, bu da onu intihara sürükləyir.
- Sosial şəbəkələrlə bağlı da müəyyən problemlər yaşanır. Ümumiyyətlə, sosial şəbəkələrə münasibətiniz necədi?
- Sosial şəbəkə milli sağlamlaşdırmadan daha çox aranı qızışdırma xarakteri daşıyır. Yəni sosial şəbəkənin saatı insanların arasında gərginlik, ziddiyyət yaratmağın üstündə qurulub. Sosial şəbəkələr xalqın böyük dəyər hesab etdiklərini gözdən salır. Bu platformada ən iyrənc məsələlər gündəmə gətirilir. Əslində anlamırlar ki, onlardan danışmaqla həmin iyrəncləri təbliğ edirlər. Davamlı olaraq yalanlar yazılır, deyilir, bir neçə yalanı yazanın dost-tanışı da o yalanı dəstəkləyir və artıq digərləri də o yalana inanır. Çox danışılan yalan isə həqiqət kimi qəbul oluna bilir.
- Sosial şəbəkələrin insanlarda laqeydlik yaratmasına dair də fikirlər var. Yəni insanlar realda şahidi olduqları hadisələrə də sosial şəbəkədəki hadisə kimi yanaşır...
- Sizə maraqlı bir hadisə danışım. Mən özüm ordubadlıyam. Əvvəllər hər bayramlarda rayona üz tuturduq. Gedib, böyüklərimizlə, yaxınlarımızla, qohum-əqrəbalarımızla ünsiyyətdə olurduq. Onları dinləyirdik, kimin çətinliyi olurdu maraqlanırdıq. Amma indi elə deyil, təsəvvür edin, elə tələbələr var ki, rayondan çıxır Bakıya gəlir, evləri ilə yalnız telefon, "Skype”la danışır. Heç valideynlərinə baş da çəkmir. Üzünü görmür, onun dərdi-səri ilə maraqlanmır. Canlı ünsiyyət itib. Canlı ünsiyyətin itməsi çox böyük dəhşətlərə yol aça bilər. Vaxt vardı kiminsə ad gününü təbrik etmək üçün onun evinə gedirdin və ya onu evinə, parka dəvət edirdin. Hazırda sosial şəbəkədə kompüter arxasına keçib, bir cümlə yazıb göndərirsən, vəssalam, iş bitdi. Sən o adamı təbrik etdin.
Bunlar istər-istəməz insanlar arasında soyuqluq yaradır. Qarşılıqlı ünsiyyət itir. Reallıq yoxa çıxır və virtuallıq yaranır. Bu da çox ziyanlı bir işdir. Səhər-səhər sosial şəbəkədə bir hadisənin şahidi oldum. Təsəvvür elə, ailə başçısı kişi evində oturub, həyat yoldaşını ad günü münasibətilə təbrik edir. Adam evindədir, elə xanımının yanında. Xanımı ilə şəkil çəkdirib "Facebook”a qoyur və yazır: Ad günün mübarək! A kişi, evdə xanımını təbrik elə çıxıb getsin də. Bunu sosial şəbəkədə elan etməyin kimə maraqlıdır? Şəxsən kiminsə həyat yoldaşının ad gününü sosial şəbəkədə təbrik etməsi mənə lazım deyil. Bizi digər xalqlardan fərqləndirən bizdə ailə dəyərlərinin olmasıdır. Kişisən, qadının evdə dura-dura səhər tezdən çay-çörəyini yeməmiş, durub sosial şəbəkədə həyat yoldaşını təbrik edirsən. Bunu cəmiyyətə elan etməyin nə mənası var axı? Birincisi, bu, əxlaq prinsiplərinə ziddir. Sosial şəbəkələr dəyərlərimizi qılınclayır. Sosial şəbəkənin belə bəyənilməyən tərəfləri az deyil.
- Gənc şair və yazarların əksəriyyəti şeir və yazılarında intihardan və ölümdən çox yazırlar. Bu barədə akademik, millət vəkili Nizami Cəfərov da SOS siqnalı vermişdi...
- Ötənlərdə Ramiz Rövşənin bir müsahibəsini oxudum. Söyləyib ki, ölümdən ilk dəfə Vaqif Səmədoğlu yazıb. Sonra mən yazdım, indi də Rüstəm Behrudi davam etdirir. Mən 60 yaşına çatmışam. Ölümdən yazmaq mənim üçün təbiidir. Amma gənclər elə düşünür ki, ölüm və intihardan yazmaqla cəmiyyətin gözünə girə biləcəklər. Çünki insanlar neqativi daha çox oxuyur. Yazıçı, şair gərək yaşadıqlarını yazsın. Ədəbiyyat nədir? Ədəbiyyat yaşantıdır. Düşünürlər ki, ölümdən yazmaqla Dostoyevski, Mirzə Cəlil olacaqlar. O mənada zənn edirəm ki, onların yazdıqlarının heç biri qalmayacaq. Çünki onlar özlərini deyil, başqalarını yazırlar. Həmişə deyirəm ki, yer üzünə göydən nə incil, nə Quran, nə də Tövrat düşüb. Yer üzünə bircə insan gəlib və hər şey insanın içindədir. Çünki o kitabların hamısı da insanın içindən əmələ gəlib. İnsan özünü yazmalıdır, içində nə varsa, onu qələmə almalıdır. Yalandan ölümdən, intihardan yazmaqla şair, yazıçı olunmur. Ömründə bir dəfə də ayrılıq yaşamayan adam oturub, ayrılıq haqqında şeir yazmaq istəyir.
Söhbətləşdi: Ayyət ƏHMƏD