Minsk Qrupu iflasa uğrayıb

"Həmsədrlərin əsas missiyası münaqişəni həll etmək deyil, dondurmaqdır"
Diplomatların bölgəyə növbəti səfərindən də heç nə gözləməyə dəyməz

İki gün əvvəl Azərbaycanda səfərdə olan ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırdığını deyib. O, bu problemin həllinin ABŞ üçün mühüm əhəmiyyət kəsb etdiyini də əlavə edib. Regiona səfər etməkdə məqsədinin problemlə bağlı tərəflərin mövqeyi ilə yaxından tanış olmaq olduğunu deyən C.Bolton əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ, bundan sonrakı dövrdə də münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək.

Qeyd edək ki, Boltonun ardınca ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri gözlənilir. Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər. Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyanın bəyanatına görə, həmsədrlər regiona səfərləri çərçivəsində həmçinin Dağlıq Qarabağa da gedəcəklər.

Dağlıq Qarabağ problemi ilə bağlı son aylar müəyyən aktivliyin hiss olunduğunu vurğulayan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı xüsusilə də ABŞ-ın fəallığının artdığını deyib. Bu fəallığı Ermənistanda baş verən proseslər və oradakı hakimiyyət dəyişikliyi ilə əlaqələndirən QAT sədri deyib ki, bu həm qərb ölkələrini, həm də Rusiyanı məcbur edir ki, Qarabağla bağlı hərəkətə keçib, bəlli bir mövqe tutsunlar. Bu isə problemin həlli ilə bağlı hansısa qərarların qəbul olunacağına dair ümid yaradır.
Azərbaycanda olan Con Boltonun münaqişə ilə bağlı fikirlərinə gəldikdə isə A.Nağı diplomatın konkret fikir bildirmədiyini deyib. Bu da təbiidir:

 "Azərbaycanın və Ermənistanın mövqeyini daha ətraflı öyrənmək üçün regiona səfər etdiyini vurğulayan diplomatın bu bəyanatının arxasında nə dayanır? O, hansı planlarla gəlib? Biz bunları bilmirik. Qarabağ məsələsi ilə bağlı Amerika 2001-2003-cü illərdə daha fəal idi. Son 15 ildə isə təşəbbüsü Rusiya ələ almışdı. Bu baxımdan ABŞ-ın yenidən fəallaşması düşündürücüdür. Ancaq ABŞ-ın münaqişənin həlli ilə bağlı hansı prinsipləri təklif etməsindən daha çox Azərbaycan tərəfinin mövqeyi mühüm əhəmiyyət kəsb edir. Rəsmi Bakının da mövqeyi birmənalıdır ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Hökumət yenidən sərt şəkildə öz mövqeyini ortaya qoymalıdır ki, istədiyi nəticəyə nail olsun”.

Vasitəçilərin lazımsız gəliş-gedişinə gəldikdə isə QAT sədri deyib ki, həmsədrlərin səfərləri ilə bağlı Azərbaycan cəmiyyətində böyük narazılıq var: 

"Dəfələrlə dövlət rəsmiləri səviyyəsində Minsk Qrupunun fəaliyyətsizliyi ciddi tənqid olunub. Qurumun missiyasının iflasa uğradığı bəyan edilib. Biz də 5 ildir Minsk Qrupunun vasitəçiliyinə ehtiyac olmadığını bildiririk. Bununla bağlı aksiyalar keçirmişik, həmsədrlərin mətbuat konfransına basqın etmişik, aeroportda onların qarşısını kəsərək ölkəni tərk etmələrini tələb etmişik. Mövqeyimiz heç vaxt dəyişməyib”. Qurum rəhbəri bildirib ki, onların illər öncə dediklərini artıq hamı qəbul edir: "Həmsədrlərin əsas missiyası münaqişəni həll etmək deyil, dondurmaqdır. Bu isə birmənalı şəkildə ermənilərin maraqlarına xidmət edir. Vasitəçilərin və onların təmsil etdikləri ölkələr həmişə ermənipərəst mövqe tutublar. 

Ona görə də həmsədrlərin mənasız səfərlərinə ehtiyac yoxdur. ABŞ və Rusiya rəsmilərinin son açıqlamaları həmin dövlətlərin məsələyə yanaşmasını ortaya qoydu. Buna baxmayaraq, amerikalı həmsədr Ceyms Uorlik öz yüngül xasiyyətinə uyğun olaraq "hər şeyin qaydasında olduğunu” söyləyir.

 Məncə, Minsk Qrupunun üzvləri özləri də görürlər ki, Azərbaycan cəmiyyəti onları qəbul etmir. Əgər həmsədrlər ayın sonu Azərbaycana səfər edərsə, biz yenə sərt mövqeyimizi ortaya qoyacağıq. Ola bilsin, aksiya keçirtdik. Çünki onların səfəri insanlarda "vasitəçilər nəsə iş görür” kimi yanlış təsəvvürlər yaradır”.

Şəymən