Ermənistanın Naxçıvan sərhədində törətdiyi təxribat planlı idi
“Bütün hallarda ABŞ, Rusiya və Fransa bu hadisənin izahatını İrəvandan tələb etməlidir. Çünki Azərbaycan tərəfdən Ermənistana quş uçanda belə ATƏT haray-qışqırıq salır”
Ermənistan silahlı qüvvələrinin təxribat nöqtəsi kimi Naxçıvan istiqamətini seçməsinin bir sıra səbəbləri var. Məlumdur ki, qoşunların təmas xəttində düşmən təxribatlarına verilən sərt cavablar, xüsusilə 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibə erməniləri Qarabağ istiqamətində fəaliyyətdən çəkindirir. Həmçinin, Azərbaycan-Ermənistan sərhədinin Tovuz-Qazax istiqamətində fəallaşan düşmən ölkə hər dəfə Azərbaycan Ordusunun qətiyyətli cavabları ilə üzləşir.
Düşmən ölkənin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını məsələyə qarışdırmaq cəhdləri də nəticə vermir. Ekspertlərin fikrincə, Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirlərinin Naxçıvanla sərhədə səfər etdikdən dərhal sonra təxribat törədilməsi konkret səbəbə bağlıdır. Düşmənin məqsədi vaxtilə imzalanmış Qars müqaviləsinə əsasən, Türkiyə ilə Rusiyanı qarşı-qarşıya gətirməkdir. Ankara ilə Moskva arasında münasibətlərin pozulmasına hesablanan bu addım, həm də NATO ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını üz-üzə qoya bilər. Ona görə də, Ermənistanın bu cür təxribatları Azərbaycan tərəfindən dəqiq analiz edilməli, cavab tədbirləri düşünülmüş şəkildə həyata keçirilməlidir.
Günlərdir müzakirə olunan məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, hadisə ilə bağlı bir neçə ehtimal irəli sürmək olar. Ekspertin fikrincə, Naxçıvan təxribatı Ermənistan və onun havadarlarının təlimatı ilə baş tutub:
"Ermənistan bir daha bildirmək istəyir ki, Azərbaycana qarşı torpaq iddialarından əl çəkməyib. Onlar Qarabağ kimi Naxçıvanı da erməni torpaqları sayırlar. Bu baxımdan yeni hökumət müharibə ovqatı nümayiş etdirməklə öz iddialarını ortaya qoyur. Təxribat yolu ilə ermənilər həm də Azərbaycan ordusunun Naxçıvandakı hissələrinin sayıqlığını da yoxlayıblar. Digər tərəfdən Rusiya Ermənistandakı yeni hökumətin "xoşuna gəlmək” istəyir.
Buna görə də onların belə bir təxribatına imkan verir. Ermənistanın bu hərəkətinə ATƏT-in Minsk Qrupu həmsədrlərinin laqeyd münasibəti də hadisənin planlı olduğunu söyləməyə imkan verir”. Analitik bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan tutduğu vəzifədən azad ediləcək. Ehtimal etmək olar ki, bu, orduda yeni hökumətə qarşı atılan addımdır:
"Bütün hallarda ABŞ, Rusiya və Fransa bu hadisənin izahatını İrəvandan tələb etməlidir. Çünki Azərbaycan tərəfdən Ermənistana quş uçanda belə ATƏT haray-qışqırıq salır. Naxçıvanda baş vermiş hadisə Azərbaycanın ərazi bütövlüyünə qarşı atılmış addımdır. Nəzərinizə çatdırım ki, Naxçıvanın Sədərək rayonunun Kərki kəndi 1990-cı il yanvarında erməni silahlıları tərəfindən işğal edilib. Həmin illərdə hələ Ermənistana müstəqillik verilməmişdi.
O kənd sovet-rus hərbçilərinin yardımı ilə işğal olunub. Bir məsələni də qeyd etmək istərdim. Ermənistanın dövlət sərhədini Rusiya FTX-nin Sərhəd Xidməti qoruyur. Bu isə o deməkdir ki, Azərbaycanın dövlət sərhədi həmin qüvvələrin iştirakı ilə atəşə tutulub”.
İsmayıl