Orxan Nadirov: "Heç olmasa əllərini vicdanlarına qoyub məni oğul olaraq sona qədər qəbul edəydilər"
"Anamın cənazəsinə başım qarışdı deyə o gün evdən xəbərsiz qaldım. Evə girib, kim nə istəmişdi oğurlayıb aparmışdı. Onlar mülk, miras hayına düşdülər, mən də anamın cəsədinin hayına düşdüm"
Mərhum xalq artisti İlhamə Quliyeva dünyasını dəyişəndən sonra "primadonna"nın mal-mülkü üstündə əməlli-başlı müharibə getdi. Evinin qapısını ehtiyatla açanlar belə, mülk davasına çıxdılar. Qan qohumu olub İlhamə Quliyevanın həyatından uzaq olanlar miras davası çəkdilər. "Primadonna"nın miras davasında kənarda qalan isə illərlə mətbuata, millətə oğlu kimi təqdim etdiyi Orxan Nadirov oldu. Orxan Nadirov İlhamə Quliyeva tərəfindən rəsmi şəkildə övladlığa götürülmədiyi üçün xalq artisti dünyasını dəyişəndən sonra miras bölünərkən onun payına heç nə düşməyib.
Uzun müddətdir məhkəmə prosesi davam etsə də, Orxan anasının mirasında heç nə əldə edə bilməyib. O, hazırda kirayələrdə yaşadığını bildirir.
«Şərq»ə açıqlama verən Orxan Nadirov «mən bu gün kirayədə yaşamağa məcbur qalmışam. Bilmirəm bu ədalətin adı nədir? Körpəliyimdən ana bildiyim qadın İlhamə Quliyeva olub. Mən onunla böyümüşəm, onun tərbiyəsini almışam. Tükəzban xanımı nənəm bilmişəm. Çox-çox sonralar anladım ki, İlhamə xanım mənim bioloji anam deyil.
Götürülmüşəm. Amma buna baxmayaraq, bizim münasibətimiz heç vaxt dəyişməyib. Mən ona ölən günə qədər mama demişəm. Mənim toyuma gələn bütün qonaqlara oğlumun toyu deyib, dəvət edib. Toyda ana kimi ona söz verilib, onun adına gələnlər məni onun oğlu kimi qəbul ediblər. Bu gün mirasa sahib olan qohumlar da İlhamə xanım sağ olanda məni onun oğlu kimi görürdülər. O sağ olanda niyə kimsə bir kəlmə mənim ünvanıma söz deməyə cəsarət etmirdi. İndi anamın qan qohumları mirasa görə az qala hər iyrəncliyə əl atdılar. Məni oğlu hesab etmirdisə, məni oğlu qəbul etmirdisə, niyə dəvət aldığı verilişlərdə, müsahibələrində Orxanı oğlu kimi təqdim edirdi.
O qədər bioloji ana-ata olmayan, amma övladlığa götürdüyü uşağı öz övladı olaraq böyüdən insanlar var ki. Onların sevgisini kimsə əlindən ala bilməz.
Anam ölənə qədər məni oğlu kimi qəbul edib. Siz evimizə tez-tez gələn jurnalistlərdən olmusuz. Hətta müəllifi olduğunuz veriliş efirə gedərkən, İlhamə xanımın, yəni bizim evimizin qonağı oldunuz. Mənim oğlum Ruslanın anamla birgə görüntüləri, sizə verdiyi açıqlamalarında da "Orxan oğlumdu, Ruslan da nəvəmdi" deyib. Bunlar nə məhkəmə prosesində dəlil kimi nəzərə alındı, nə də qohumlar insanlıqlarını yada salıb vicdanla hərəkət etdilər. Anamın cənazəsinə başım qarışdı deyə o gün evdən xəbərsiz qaldım.
Evə girib, kim nə istəmişdi oğurlayıb aparmışdı. Onlar mülk, miras hayına düşdülər, mən də anamın cəsədinin hayına düşdüm. Mən itirdim. O gün mən anamı da, anamla bağlı bütün keçmişimi də, uşaqlıq illərimi də, gəncliyimi də itirmiş oldum. Bilirsiz niyə? Çünki bir gündə həyatım darmadağın edildi, paramparça oldu. Sanki anamın gedişi mənim həyatımı da altını üstünə çevirdi. Anam sağ ikən niyə kimsə deyə bilmirdi ki, Orxan sənin oğlun deyil? Ya da deyərdilər ki, bu qapıya gəlmə, ananı görmə. Mənim üçün bir həqiqət heç vaxt dəyişməz.
İlhamə Quliyeva mənim anam olub. O mənim çətin, xoş günümdə də yanımda olub. Mən tutulanda anam əlini çəkmədi, mənim həbsdən çıxmağım üçün nə qədər əziyyət çəkdi.
Elə onda deyərdi ki, Orxan mənim oğlum deyil. Onun kimi böyük nüfuza sahib bir sənətkar üçün də xoş olmadı ki, oğlu həbs edilsin. Amma o, əsl ana kimi mənim həbsdə olduğum müddətdə mənə sevgisini, diqqətini azaltmadı. Deməli, mən onun üçün həmişə övlad olmuşam. O xəstəxanada bir neçə dəfə yatdı. Mən anamın yanından çəkilmədim. Çünki övlad olaraq borcum idi onun yanında olum. İndi anam dünyasını dəyişəndən sonra mən hamı üçün yad oldum?
İndi məni onun oğlu kimi görmək istəmirlər? Niyə? Çünki bunu qəbul etmək onlara əl vermir. Mirasdan əl çəkməyə ürəkləri yoxdu. Mirasın hamısını istəmirəm, heç olmasa əllərini vicdanlarına qoyub məni oğul olaraq sona qədər qəbul edəydilər. Mən əminəm ki, anamın ruhu narahatdır. O mənə heç vaxt ögeylik hiss etdirməyib. O mənə doğma ana olub, mən bunu necə unudum. Miras üçün, mülk üçün vicdanını satanlar, heç olmasa Allahdan qorxsunlar».
Tahirə