“ÜAK-la bağlı məsələ Azərbaycan üçün çox həssas idi”
"Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərar təəccüb, ciddi sual və dərin təəssüf doğurur”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. XİN rəsmisi bildirib ki, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayan ÜAK-ın ləğvi barədə qərar siyasi baxımdan qeyri-dost addım kimi qiymətləndirilir:
"Bu, Rusiya və Azərbaycan tərəfindən bəyan olunan və iki ölkə arasında strateji tərəfdaşlıq zəminində inkişaf edən yüksək səviyyəli əlaqələrə ciddi zərbə vurur. Belə bir addımı başa düşmək çox çətindir. Xüsusilə o halı nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir və bu status tərəflərə münasibətdə tarazlı yanaşmanın nümayiş etdirilməsini tələb edir. ÜAK ləğv olunduğu halda Rusiya Erməniləri İttifaqına tam dəstək göstərilir və bu qurum fəaliyyətini davam etdirir”.
Azərbaycan ictimaiyyətində ciddi narazılığa səbəb olan qərarla bağlı "Şərq”ə fikirlərini bölüşən "Konstitusiya” Araşdırmalar Fondunun eksperti, hüquqşünas Zaur İbrahimli deyib ki, ÜAK-ın dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı məsələyə sırf formal hüquq prizmasından yanaşdıqda Rusiya hökuməti bunu qanunvericiliyə dəyişikliklərlə izah edir. Vurğulanır ki, Konqresin nizamnaməsi və digər sənədləri qanunvericiliyin tələblərinə cavab verməyib:
"ÜAK rəsmiləri isə qeyd edirlər ki, dəfələrlə dəyişikliklər edilən sənədlər təqdim olunub, amma nəzərə alınmayıb. Əgər doğrudan da ÜAK sənədlərini qanunvericiliklə tutulan qayda və müddətlərdə təqdim edibsə və sonra belə qərarlar verilibsə, bu addım ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd addım kimi qiymətləndirilməlidir. Azərbaycan hər zaman Rusiyanın maraqlarını nəzərə almağa çalışıb. Bu baxımdan Moskvadan da adekvat münasibət gözləmək təbiidir. ÜAK-la bağlı məsələ Azərbaycan üçün çox həssas idi. Ancaq rəsmi Bakının bütün səylərinə baxmayaraq, ÜAK-la bağlı məsələdə Moskvanın davranışı dəyişmədi. Bu mövqe daha bir neqativ siqnal kimi dəyərləndirilə bilər. Şübhəsiz ki, ÜAK-ın qeydiyyatının ləğvi rəmzi məna kəsb edir. Söhbət ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etibarın səviyyəsindən gedir. ÜAK-la bağlı qərarlar qarşılıqlı münasibətlərdə inamı azaldır. Azərbaycan tərəfi də bu addımlardan zəruri nəticə çıxarmalıdır”.
Ekspert bildirib ki, ölkələr arasında zaman-zaman belə hadisələr baş verir, ona görə də bunu faciəyə çevirmək düzgün deyil:
"Praqmatik davranmaq və Rusiyada Azərbaycanla bağlı yanaşmanı dəyişmək, diaspor fəaliyyətini gücləndirmək, rəsmi Bakı ilə tərəfdaşlıq münasibətlərini müdafiə edən dairələrlə daha sıx işləmək zəruridir. Nəzərə almalıyıq ki, Rusiya ilə qonşu ölkəyik. Moskva Qarabağ münaqişəsinin nizamlanmasında əsas vasitəçilərdən biridir. Həmçinin, Ermənistanın strateji müttəfiqidir. Rusiya Azərbaycanla da tərəfdaş olduğunu bəyan edir. Moskva bizi müttəfiqdən daha çox tərəfdaş ölkə kimi qəbul edir. Rusiya siyasətinin nüansları Azərbaycan cəmiyyəti üçün də aydındır. Biz reallığı olduğu kimi qəbul edərək, risklərin azaldılması istiqamətində işləməliyik. Diaspor liderləri də bu həssas məqamları nəzərə almalı, öz məsuliyyətlərini dərindən dərk etməlidirlər. Küsmək və konflikt strategiyasını seçmək ermənilər üçün çox böyük hədiyyə olardı. Biz bütün neqativləri nəzərə alaraq, Azərbaycanla bağlı münasibəti müsbət tərəfə dəyişmək üçün daha çox çalışmalıyıq”.
İsmayıl