"Moskva rəsmi Bakını özünə ən yaxın müttəfiq bilir" - Aktual şərh

"Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək səviyyədə olub”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Ekspert bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri də Moskva-Bakı əlaqələrinin göstəricisi kimi dəyərləndirilməlidir:
 "Nəzərə alaq ki, Rusiyadakı tədbirə Avrasiya İqtisadi Birliyinə və KTMT-ya üzv olan dövlətlərin rəhbərləri qatılıblar. Rusiya lideri Vladimir Putin Azərbaycan dövlət başçısına dəvət göndərməyə bilərdi, yəni protokola uyğun olaraq sadəcə təşkilatlara üzv dövlətlərin iştirakını təmin edərdi.
 
Bu mənada sırf Azərbaycana görə formatın genişləndirilməsi xüsusi önəm kəsb edir. Rusiya üçün sadəcə ən yaxın müttəfiqlərlə əməkdaşlıq etmək yetərli deyil. 
Eyni zamanda yaxın tərəfdaş və bərabər hüquqlu ölkələrlə də sıx münasibətlər qurmaq Kreml üçün əhəmiyyətlidir. Burada Azərbaycanın xüsusi çəkisi var. Vurğulamaq lazımdır ki, Putin özü şəxsən dövlət başçısı İlham Əliyevə zəng edərək onu tədbirə dəvət edib. Prezident xüsusi dəvət əsasında Rusiyaya gedib. Bu da onu göstərir ki, iki lider arasında olan şəxsi dostluq münasibətləri Azərbaycan-Rusiya əlaqələrinin əsas sütunlarından biridir. 
Belə vəziyyətdə iki ölkə arasında heç bir anlaşılmaz məsələ qalmır və zamanla sıradan çıxır. Moskva rəsmi Bakını özünə ən yaxın müttəfiq bilir və ona görə də hər zaman yüksək münasibət saxlamaqda maraqlı olur”.
Qeyd edək ki, dekabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfər edib. Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gəlib. Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Sonra Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdiriblər.
İsmayıl