"Mövqeyimizi qəbul edən dövlət və beynəlxalq təşkilatların sayı artır" - Millət vəkili






"Prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağla bağlı prinsipial mövqeyini əks etdirən fikirlərini yalnız VI Bakı Beynəlxalq Humanitar Forumda deyil, bütün beynəlxalq tədbirlərdə səsləndirib".

Bunu "Sherg.az”a millət vəkili Elmar Məmmədov söyləyib.

Forumda iştirak etdiyini söyləyən deputat Prezidentin bütün çıxışlarına diqqətlə qulaq asıb:

"Ölkə başçımız hər zaman olduğu kimi bu dəfə də Azərbaycanın xalqının mövqeyini, iradəsini açıq şəkildə ortaya qoydu. Cənab prezidentimiz çox doğru vurğlayıb ki, Dağlıq Qarabağ məsələsində ikinci bir yol yoxdur. Yalnız bir yol var, o da Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasıdır. Uzun illər aparılan uğurlu siyasətin nəticəsində bizim bu mövqeyimizi dünyada qəbul edən, tanıyan dövlətlər və beynəlxalq təşkilatların sayı gündən-günə artır. Artıq onlar bəyan edirlər ki, Azərbaycan işğala məruz qalıb və problemin yeganə həll yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. 

Hazırda Azərbaycan 1990-cı illərdəki gücsüzAzərbaycan deyil. Ölkəmiz artıq dünyanın güclü dövlətlərindən biridir, çox güclü ordumuz var. Azərbaycan qan tökməyi istəmir. Ölkəmiz sülh tərəfdarıdır. Ancaq belə görürük ki, düşmən məsələnin sülh yolu ilə tənzimlənməsini istəmir. Beynəlxalq təşkilatlar, əsasən də BMT özünün 4 qətnaməsinin icrasını tələb etməsə, Minsk qrupu üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməsə, Azərbaycan artıq öz hərbi güncündən istifadə edəcək. Ötən gün forumda dünyanın 80-dən çox ölkəsinin və 24 beynəlxalq təşkilatının nümayəmdələrinin qarşısında cənab prezidentimiz bir daha bəyan etdi ki, problemin yeganə yolu budur, başqa yol yoxdur”.

Qeyd edək ki, ötən gün paytaxt Bakıda baş tutan VI Bakı Beynəlxalq Humanitar Forumda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə yol Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməlidir. Azərbaycan heç vaxt işğalla barışmayacaq.

Kənan Eynuroğlu