"Müasir aparatlarla iş bitmir, tibbi kadrlar da yetişdirilməlidir" - Reallıq

"Tibb sahəsində ən xırda əməliyyatlarda belə xəstə ilə onun sağlamlığını etibar etdiyi həkim arasında müqavilə bağlanır”.
Bu barədə "Sherg.az”a Bakıdakı özəl klinikalardan birində həkim səhlənkarlığı səbəbindən ölüm hadisəsinin baş verməsindən danışarkən həkim, "Borçalı" İctimai birliyinin sədri Zəlimxan Məmmədli bildirib. 
O vurğulayıb ki, risk əmsalı hər zaman var və bir anın içərisində adi əməliyyatlarda belə ölüm baş verə bilər:
"Heç kim bundan sığortalanmır. Xəstəni zorla əməliyyat etmirlər, hər halda o müəyyən etimad göstərir. Professionallıq baxımından ola bilər əməliyyat prosesində problem olmasın. Amma tibbi nöqteyi-nəzərdən ola bilər əməliyyat düzgün aparılmayıb, yaxud adi narkoz düzgün dozada vurulmayıb və s. Bütün bunları istintaq müəyyən edir.
Adi "kor bağırsaq” və ya diş çəkilməsi əməliyyatları belə özündə risk daşıyır. Bu əməliyyatlar asan olduğu qədər mürəkkəb və eyni zamanda riskli əməliyyatdır. Həkimdən asılı olan məsələlər də var. Həmçinin həkimin maddi texniki baza cəhətdən təminatı da vacib amildir. Ekstremmal vəziyyət yarananda həkim ondan çıxış yolunu bilməlidir. Mən inana bilmirəm ki, bir həkim "Medera” hospitalda çalışır, əməliyyat aparır və belə bilgilərdən xəbərdar deyil. Bu, ola bilməz.
Ümumiyyətlə, hər zaman vurğulayıram ki, səhiyyədə islahatlar doğru deyil. Bu sahədə sertifikasiya formaldır. Təkmilləşmə institutları vaxt aparan, bürokratik, heç bir şeyə yaramayan prosedurdur. Səhiyyədə fundamental islahatlar lazımdır. Müasir dünya ilə qapılarımız açıqdır. İstənilən müasir aparatları ölkəmizə gətirə bilərik. Lakin bununla bərabər müasir tələblərə uyğun olan tibb kadrlarının yetişməsinə də ehtiyac var. Avropa, Amerika deyil, qonşu Türkiyənin səhiyyəsinə çatmaq üçün bir az da çalışmalıyıq. İnsanlar İrana niyə meyllənməlidir? Azərbaycanın tibb sahəsində keçdiyi yol, inkişaf imkanları kifayət qədər yüksəkdir ki, biz ölkəmizdə savadlı kadrlar yetişdirək”.
Qeyd edək ki, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən "Medera” klinikasında 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb. Sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub. Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Aysdel Aslan