Nazirlik dezinformasiyaların yayılmasını istəmirsə, ilk növbədə jurnalistləri məlumatlandırmalıdır
Milli Məclisdə "Silahlı Qüvvələr haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini, general Kərim Vəliyev ölkə ictimaiyyətini ordu ilə bağlı məsələlər barədə çıxış edərkən bir qədər həssas olmağa çağırıb: "Biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur. "Ötən dəfə millət vəkili Qüdrət Həsənquliyev Tərtərlə bağlı səsləndirdiyi mənfi fikirdən sonra mən ona zəng elədim. O da bildirdi ki, bu haqda kimdənsə eşidib”.
Orduya ictimai nəzarət haqqında danışan general deyib ki, onsuz da tez-tez hərbi hissələrdə komitələrin, deputatların, müxtəlif təşkilatların görüşü təşkil olunur. "Hərbi hissələrdə keçirilən görüşlərdə iştirak edənlər real vəziyyəti görürlər. 50-ə yaxın media nümayəndəsi Müdafiə Nazirliyində qeydiyyatdan keçib və onlar müraciət etdikləri zaman reportajlar hazırlamaq üçün hərbi hissələrə və ön cəbhəyə buraxılırlar. Təbii ki, bu zaman məxfilik də nəzərə alınır. Eyni zamanda Ombudsman İnstitutu da bu prosesdə iştirak edir”.
Spiker Oqtay Əsədov isə Milli Məclisin hərbi məsələlərdə özünü məsuliyyətli saydığını deyib: "Qüdrət Həsənquliyevin çıxışı kontekstdən çıxarılaraq, bəzi saytlarda təqdim edilib. Onu yazan jurnalistlərin neçəsinin Müdafiə Nazirliyində qeydiyyatdan keçdiyini araşdırmaq lazımdır. Bu xəbərləri bəzi bəlli saytlar yayır və onların da mövqeyi məlumdur. Milli Məclis Silahlı Qüvvələrin gücləndirilməsi üçün əlindən gələn dəstəyi göstərməyə hazırdır”.
Generalın xəbərdarlığına münasibət bildirən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) sədri, media eksperti Azər Həsrətin sözlərinə görə, hərblə bağlı xəbərlərin yayılması təcili olaraq həllini gözləyən bir məsələdir:
"İllərdir informasiya təhlükəsizliyi ilə bağlı həyəcan təbili çalır, müvafiq qurumlara çağırış edirik ki, informasiya müstəvisini boş qoymasınlar. Ancaq çox təəssüflər olsun ki, Müdafiə Nazirliyi çağırışlarımıza müsbət cavab vermir və bu müstəvini boş qoyurlar. İstər dinc dövrdə, istərsə də müharibə şəraitində hərbi məlumatlarla bağlı xüsusilə diqqətli olmaq vacibdir. Gün ərzində bir neçə dəfə MN-in mətbuat xidməti son vəziyyətlə bağlı məlumatı qurumun rəsmi saytında yerləşdirsin. Məhz onun münasibətindən sonra oxucu biləcək ki, bu, dezinformasiyadır, amma münasibət bildirilməsə, oxucu da belə düşünəcək ki, deməyə söz tapa bilməyiblər. Əgər Müdafiə Nazirliyi ordu ilə bağlı sistemli şəkildə dezinformasiyaların yayılmasını istəmirsə, ilk növbədə jurnalistləri məlumatlandırmalıdır.
Əks halda Kütləvi İnformasiya Vasitələri, İctimaiyyət üzvləri məcburiyyət qarşısında qalıb ağızdan eşitdikləri xəbərləri danışmaq, informasiyaları tirajlamaqla məşğul olurlar. Mən onların bu addımına haqq qazandırmıram.
Amma bunun günahı onlarda deyil, Müdafiə Nazirliyi öz işinin öhdəsindən lazımi səviyyədə gələ bilmədiyi üçün bu sahədə boşluq yaranır. Müdafiə Nazirliyi özünə bəraət qazandırmaq üçün açıqlama verir ki, hadisə ilə bağlı dəqiqləşdirmə aparılmalıdır. Onlar araşdırma aparıb informasiya yayana qədər Azərbaycanın informasiya müstəvisinə özünün təxribatçı məlumatlarını elə ustalıqla yerləşdirirlər ki, bizim işimiz həmin dezinformasiyaları təkzib etməkdən ibarət olur. Hesab edirəm ki, Müdafiə Nazirliyi bu məsələnin üzərinə daha ciddi getməli, informasiya siyasətinə yenidən baxmalıdır”.
Şəymən