Müdafiə sahəsinə büdcədən vəsait bir az da artdı

Vitse-spiker: "Qarabağ məsələsinin həllində Azərbaycanın öz gücünə arxalanmasına inam getdikcə daha da möhkəmlənməkdədir"




"Hesab edirəm ki, 2017-ci il üzrə Azərbaycanın büdcəsi gələn il qarşıda duran vəzifələri həyata keçirmək üçün hazırkı reallıqlara uyğun şəkildə hazırlanıb. Büdcədə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ayrılan vəsait də artıb. 

Gələn ildə hərbi sahəyə ayrılan vəsait büdcənin 24 faizini təşkil edir ki, bu da ötən illə müqayisədə 2,1 faiz çoxdur. Vəsaitin çoxaldılması təsadüfü deyil. Aprel hadisələrindən sonrakı durum, danışıqlar prosesindəki mövcud vəziyyət, Ermənistanın qeyri-konstruktiv mövqeyi ölkəmizin bu istiqaməti daim diqqət mərkəzində saxlamasını labüd edir". Sherg.az bildirir ki, Milli Məclisin vitse-spikeri Bahar Muradova büdcə ilə bağlı fikirlərini səsləndirərkən deyib. Parlamentin sədr müavini vurğulayıb ki, Qarabağ məsələsinin həllində Azərbaycanın öz gücünə arxalanmasına inam getdikcə daha da möhkəmlənməkdədir: "Bu, həm ordunun qüdrətinin artırılmasına, həm də bu sahədə çalışan, xidmət edən Azərbaycan vətəndaşlarının, hərbçilərin, zabitlərin, əsgərlərin təminatına, onların maddi və sosial durumunun yaxşılaşdırılmasına yönəlib.

 Hesab edirəm ki, bu sahədəki nailiyyətlərimiz, beynəlxalq aləmdə hərbi sursat istehsal edən ölkələr sırasında Azərbaycanın rolunun artması ölkəmizin doğru yolda olduğunu göstərir. Lazım gəldikdə, öz istehsalımız olan silah-sursatdan ölkənin ərazi bütövlüyünü və müdafiəsini təmin etmək üçün istifadə ediləcək. Cənab Prezident İlham Əliyev bütün bunları təmas xəttinə səfəri zamanı növbəti dəfə qeyd etdi. Bununla yanaşı bildirmək istəyirəm ki, atılan bütün addımlar həyat şəraitinin yaxşılaşdırılmasını istəyən qaçqın və məcburi köçkünlərdə ümid doğurur, stimul yaradır. 

Vətəndaşlarımızın regiona qayıdıb, orada məskunlaşması, xüsusilə bu yerlərin dirçəldilməsi ilə bağlı həyata keçirilən işləri xüsusi qeyd etmək lazımdır. Regionların tarazlı inkişafı ilə əlaqədar ciddi siyasət yeridilir. Amma düşünürəm ki, həmin bölgələrdə aqrar sahənin inkişafı üçün güzəştli kreditlərin verilməsinə ehtiyac var. Bundan başqa, xidmət sahəsinə güzəştli kreditlər ayrıla bilər ki, bu da yeni iş yerlərinin açılmasına imkan yarada bilər. Bütün bunları dövlətin hesabına etmək düzgün deyil. Azərbaycanda çoxlu sayda iş adamları, biznes fəalları var ki, onların təmas xəttinə yaxın ərazilərdə yaşayan insanların məşğulluğunu təmin etmək, ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirmək, yeni iş yerləri açmaq üçün addımlar atması lazımdır".

Anar