Müəllim tələbə qalmaqalı böyüdü

Nigar Şabanova: "Mələkxanım bəzəyində, düzəyində, toyunda, məclisində idi..."
"Professor adını alarkən diplomumu işinə əlavə edəndə mən tələbəsi olaraq yadına düşdüm"


Əməkdar artist Nigar Şabanova ilə xalq artisti Mələkxanım Əyyubova arasında inciklik yaranıb. Hətta son günlər tərəflər arasında qalmaqal bir az da böyüyüb.

Nigar Şabanova verilişlərin birində fəxri ad alandan sonra çoxları onu təbrik etsə də, keçmiş müəllimi, xalq artisti Mələkxanım Əyyubovanın onu təbrik etmədiyini qeyd edib. Bildirib ki, Mələkxanım Əyyubova müəllimi olsa da, ona heç nə öyrətməyib:

 "Vallah, ondan heç nə öyrənməmişəm”. Nigarın bu açıqlaması xalq artistini hiddətləndirib.

Mələkxanım Əyyubova Nigarın ünvanına ağır ittihamlar səsləndirib: "Nigar kimdir ki, hər dəqiqə onu gündəmə gətirim. Nigar qələt edir, başını da daşa döyür. Onun tərbiyəsi və mədəniyyəti olsaydı, müəllimi barədə elə sözlər deməzdi”.

Müəllim, tələbə arasında yaşanan söz-söhbətə aydınlıq gətirmək üçün Nigar Şabanova ilə əlaqə yaratdıq. Nigar Şabanova «Şərq»in suallarını cavablandırıb.

- Ustadın, xalq artisti Mələxanım Əyyubova ilə aranızda əməlli-başlı inciklik yaranıb. Adətən, səni çox sakit təbiətli bir sənətçi kimi tanıyırıq. Nə baş verib?

- Əslində, elə böyük bir söz-söhbət də olmayıb. Sadəcə bir kəlmə sözümü böyüdüb, şişirtdilər. Mənə sual verdilər ki, fəxri ad alanda müəllimlərindən təbrik gəldimi? Mən də cavab verdim ki, ustadım Qəzənfər Abbasov təbrik etdi, Mələkxanım Əyyubova isə təbrik etməyib, gözümü yolda qoydu. Dediyim bir bu kəlmə olub. Mələkxanım Əyyubova bu sözü böyütdü, 3 gün anama telefon açdı, söylədi ki, haçandan görünüb ki, müəllim tələbəsinə zəng edib onu təbrik etsin. Nigar kimdir ki, mən ona zəng edəydim. Mən bu sözlərdən şoka düşdüm. Ustad tələbəsinin uğurlarını görəndə sevinir, öyünür ki, mənim yetirməmdi, mənim zəhmətimin bəhrəsidir. Sevinər ki, tələbəm nailiyyət qazanırsa, mənim fəxrimdi. Qaldı Mələkxanımın sözlərinə, mənim üçün önəm daşımır. Çünki, onun mənim üzərimdə zəhməti olmayıb. Qəzənfər Abbasov kimi mənə muğamları, dəstgahları öyrətməyib, mənim üzərimdə əməyi olmayıb. O da Qəzənfər müəllim kimi dəstgahları öyrətmək üçün günlərini itirsəydi, tər töksəydi danışmağa haqqı var idi. Zəhmət çəksəydi, Qəzənfər müəllim kimi sevinərdi. Mənim uğurumun onun üçün heç bir önəmi olmayıb. Olsaydı, o da sevincini bölüşərdi, zəng edib təbrik edərdi. Tələbə övlad kimidir. İnsan övladının uğuruna necə sevinirsə, tələbəsinin də nailiyyətlərinə elə sevinir. Qəzənfər müəllim belə ustad olub. Mələkxanım Əyyubovadan isə mən bu sevgini, qayğını görməmişəm. Deyir ki, harda görünüb ustad tələbəsinə zəng edib təbrik etsin? Necə olur ki, Mənsum İbrahimov mənə zəng edib təbrik edir, başqaları sevinir, ancaq mənim ustadım deyilən insan mənim uğurumu qəbul edə bilmir? Bütün xalq artistləri məni təbrik etdilər.

- Mələkxanım Əyyubova qeyd edib ki, Nigarın tərbiyəsi olsaydı belə bir cümlə işlətməzdi?

- Mən nə demişəm ki, tərbiyəmə xələl gələydi. Mən bir kəlmə suala cavab vermişəm, yalan da danışmamışam. Mənimlə danışmayıb, anama 3 gün zəng etdi. Qaldı tərbiyəmlə bağlı dediklərinə, mənim tərbiyəm göz önündədir. Xalq artisti öz tərbiyəsini sözləri ilə göstərmiş olub. Mən o səviyyəyə də düşmədim ki, onun tərzində cavabımı qaytarım. Onun belə açıqlamasına bundan mədəni cavabım da ola bilməzdi. 

Mən necə Qəzənfər müəllimin zəhmətini, haqqını kiməsə yedizdirə bilərəm. Kim öz ustadının haqqını danar. Mən tələbə olarkən Mələkxanım Əyyubovaya yalvardım ki, kasıb qızam, imkanım yoxdu, efirlərə bir zəngin yetər, mənə dəstək ol. Sən mənə dəstəyini göstərmədin, mənə yiyə çıxmadın. İndi hazıra nazir olub mənimlə müəllim-tələbə davası aparırsan? Hansı müəllimlikdən danışırsan? Muğam müsabiqəsi boyunca, mən 10 bal toplayanda, zalda münsiflər Qəzənfər Abbasovu alqışlayırdılar. O mənim hər çıxışım üçün mənimlə bir zəhmət çəkirdi, müsabiqədə hər dəfə zalda çıxışlarımı izləyirdi, mənəvi dəstəyini də əsirgəmirdi. İndi mənim Mələkxanım Əyyubovaya sualım var. Mən müsabiqədə iştirak edəndə mənə yiyə çıxmadın, indi, hazıra nazir olmaq istəyirsən? Bir dəfə muğam müsabiqəsi boyunca zala gəlib mənə ustad olaraq dəstəyini görmədim. 

Mən o zaman yanımda Qəzənfər müəllimi görmüşəm. Sən universitetdə mənə sadəcə hamı kimi dərs keçmisən, bir dənə dəstgahı mənə öyrətmisən ki, indi məndən diqqət gözləyirsən? Nə zaman o diqqətini mənə verdin ki, indi qaytarmıram. Mələkxanımı heç vaxt tələbələri maraqlandırmayıb. O həmişə bəzəyində, düzəyində, toyunda, məclisində olub. Mən Muğam müsabiqəsində yer alan kimi diplomumu dərhal öz müdafiə işinə əlavə etdi ki, tələbəmdi. Professor adını alarkən diplomumu işinə əlavə edəndə mən tələbəsi olaraq yadına düşdüm. Mən onda artıq muğam müsabiqəsinin qaliblərindən idim deyə, məni tələbəsi kimi təqdim etmək ona lazım idi. Mənim tərbiyəmə də gəlincə, o deyir Nigar başını daşa döyür. Mən o tərbiyəyə sahib deyiləm ki, o şəkildə cavab qaytarım. Şükür Allaha mənim kim olduğumu da, tərbiyəmi də bilən bilir.

Tahirə Məmmədqızı