Müəllimə Ali Məhkəmədən ədalət gözləyir

İşdən çıxarılan iki uşaq anasını aldadıblar


İmişli rayonu İlqar Əhmədov adına Xoşçobanlı kənd orta məktəbində kargüzar işləyən Həvva Vəliyeva elektron qaydada redaksiyamıza müraciət edib. Müraciətində səbəbsiz yerə işdən çıxarıldığını deyən Həvva xanım hazırda çıxılmaz vəziyyətdə olduğunu bildirir. Onun sözlərinə görə, iki azyaşlı körpəsi var və həyat yoldaşı Qadir Vəliyev 3-cü qrup əlil olduğu üçün maddi durumları olduqca ağırdır.

Xoşçobanlı kənd orta məktəbində 9 il stajı olduğunu deyən H.Vəliyeva məktəbin təhsil şöbəsinin inspektoru Şükür Rəhimov tərəfindən aldadılaraq işdən çıxarıldığını bildirir: "Özüm ibtidai sinif müəlliməsiyəm. Amma yer olmadığı üçün kargüzar olaraq işləyirdim. İnspektor Şükür Rəhimov mənə dedi ki, "5 yaşlılar üçün yeni qrup açılacaq, sənə müəllimə kimi iş verəcəm, amma əvvəlcə ərizə yaz, kargüzarlıq işindən çıx”. Mən də ərizə yazdım. Həmin gündən etibarən yerimə Günel Nağıyeva adlı birini götürdülər. 1 ay gözlədim, amma məni müəllimə olaraq işə götürmədilər. Kargüzarlıq işindən də çıxdım, maddi vəziyyətimiz də yaxşı deyil.

Daha sonra Əmək Müfəttişliyinə getdim. Orda işləyən Əlicabbar müəllim məktəbin yeni direktoru Azər Kərimova zəng vurub dedi ki,”bu xanımı niyə işinə qaytarmamısız? O, bir ay peşmançılıq ərizəsi yazıb işinə qayıda bilər”. Bundan sonra məni geri çağırdılar, yerimə götürdükləri qadını isə işdən azad etdilər”.

Şikayətçi bildirir ki, işə qayıtdıqdan sonra onun yerinə götürülən xanım məhkəməyə müraciət edərək şikayət ərizəsi verir: 

"Əvvəlcə mən işdən çıxarıldığım üçün məhkəməyə müraciət etmişdim. Amma mənim işimə baxmamışdılar. Çünki qarşı tərəf imkanlıdı, məhkəmə onların xeyrinədir. Mən indi Ali Məhkəməyə müraciət etmişəm. Sentyabr ayının 11-nə çağırıblar bizi. Hazırda işləyirəm, amma Ali Məhkəmənin də qərarı onların xeyrinə olsa, mən işdən azad olacam. Əvvəlcə məni haqsız yerə uzaqlaşdırdılar, işlə təmin edəcəyik dedilər, amma heç nə olmadı. Özüm YAP-ın üzvüyəm. Yoldaşım 3-cü qrup əlildi. Kasıb ailəyik, ayın 11-də məhkəmə olacaq. Heç bilmirik nə edək, Bakıya gəlməyə belə imkan yoxdu”.

Yeganə Bayramova