Müəllimlər də psixoloji gərginlik yaşayır
Ona görə məktəblərdə tez-tez şagirdlərlə insident baş verir
Kəlbəcər rayon 11 saylı orta məktəbdə riyaziyyat fənnini tədris edən Qafur müəllim 8-ci sinifdə oxuyan iki qızı döyüb. Valideynlər riyaziyyat müəlliminə etirazlarını bildirəndə isə qəribə cavabla qarşılaşıblar. Belə ki, müəllim onlara qızları yaxşı edib döydüyünü deyib.
Məsələ ilə əlaqədar məktəbin direktoru Əlizamin Qarayev açıqlamasında məktəbdə baş verən hadisədən xəbərsiz olduğunu deyib.
Son aylar ərzində orta məktəblərdə baş verən neqativ halların cəmiyyət tərəfindən geniş narahatlıq və müzakirələrə səbəb olduğunu vurğulayan təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında deyib ki, təhsilin keyfiyyətinin aşağı olması bu sahənin bir problemidirsə, məktəblərdə qarşılaşdığımız mənzərələr medalın ikinci üzüdür: "Söhbət müəllim-şagird-valideyn münasibətlərinin normal məcrada inkişaf etməyərək üçlüyün bir-biri ilə sanki düşmən meydanında görüşən əzəli rəqiblər kimi yanaşmasından gedir. Məktəb tərbiyə ocağı funksiyasını itirməkdədir və ən dəhşətlisi də budur. Savadlı şagird yetişdirməmək mümkündür, hər kəsin bilik səviyyəsi, öyrədilənləri öyrənmək bacarığı eyni ola bilməz. Bu ölkədə ali təhsilli hüquqşünasa, həkimə ehtiyac olduğu kimi pinəçiyə də ehtiyac var. Amma əgər məktəb üzərinə düşən bu vəzifənin digər hissəsinin - tərbiyəvi funksiyasının öhdəsindən gəlmirsə, ciddi düşünməyin zamanıdır”.
Getdikcə məktəblərin zorakılıq yuvasına çevrildiyini deyən təhsil ekspertinin sözlərinə görə, şagirdlərin müəllim tərəfindən döyülməsi, müəllimlər arasında qarşıdurma, direktorun müəllimə qarşı zorakı davranışı ilə bağlı ən müxtəlif informasiyalar yayılır: "Yeni tədris ilinin başlamasından 2 ay keçməyib və artıq məktəblərdən zorakılıq faktları ilə bağlı 5 xəbər yayılıb. Hesab edirəm ki, müəllim şagirdə əl qaldırdısa, onu təhqir etdisə, həmin müəllimi artıq sinfə buraxmaq olmaz. Belə müəllimlərə qarşı dərhal tədbir görülməli və işdən kənarlaşdırılmalıdırlar. Nazirlik cəza tədbirləri görməsə, belə halların qarşısını almaq mümkün olmayacaq. Təəssüflər olsun ki, ölkədə baş verən hadisələrə və son illər psixoloji gərginlik müəllimlərə də təsir göstərir. Ölkədəki ağır iqtisadi vəziyyət, borcalma, işsizlik bütün kateqoriyalara olduğu kimi müəllimlərə də təsir edir. Təsəvvür edin ki, müəllim bütün günü borc barədə düşünür, evdə, cəmiyyətdə qarşılaşdığı problemlər onu yorur, stress, gərginlik bütün həyatına təsir edir.
Müəllim də adi insandır, onun da problemləri var. Sənət adamları bütün dərdini unudub səhnəyə çıxmaq məcburiyyətində qaldığı kimi, müəllim də məktəbdə hər şeyi unutmalıdır. Amma buna heç də bütün müəllimlər müvəffəq ola bilmirlər. Təklif edirəm ki, müəllimlər arasında şəxsi psixoloji test keçirmək lazımdır. Ancaq bir çox müəllim bundan imtina edəcək əlbəttə ki. Çünki psixoloji testin nəticələri onun işləməsinə imkan verməyəcək. Narahatlıq yaradan başqa məqam isə gərginliyin, stressin nisbətən gənc nəslin nümayəndələrinə təsiridir. Yaşlı müəllimlər daha təmkinli olduğu halda gənc müəllimlər daha səbirsiz və aqressiv davranır”.
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov isə hesab edir ki, müəllim kodekslər çərçivəsində hərəkət etməlidir: "Pedaqogika müəllimlərə öyrədilir ki, tədrisdə cəza, fiziki şiddət yoxdur. Cəza kimi şagirdin qiymətini aşağı sala bilər, valideyni dəvət edə bilər, rəhbərliyə müraciət edə bilər. Əgər tutaq ki, şagird dərsdə özünü yaxşı aparmırsa, qabaqlayıcı tədbir görə bilər. Ola bilsin şagirdin qavraması zəifdirsə, yenə də tədrisi aparan müəllim müraciət edə bilər. Məsələ burasındadır ki, bu əməkdaşlıq həm məktəbin özünün daxilində formalaşmayıb, həm də valideynlə məktəb arasında formalaşmayıb. Şagirdlərin döyülməsi faktı ortaya çıxanda heç kim soruşmur ki, o müəllimin nə problemi var? Şagirdlər özlərini necə aparır? Bunların heç biri müzakirə olunmur. Ən böyük psixoloji sarsıntını müəllimlər yaşadılar. Nəzərə almaq lazımdır ki, müəllim robot deyil. Müəllim də insandır. O da bir ailədən gəlir. Onun da qayğıları var. Ümumiyyətlə, orta məktəblərdə psixoloqlar tək uşaqlarla yox, müəllimlərlə də işləməlidir. Çox yaxşı olardı ki, orta məktəb müəllimləri ildə bir, ya iki dəfə, heç olmasa, psixoloji ilkin testlərdən keçsinlər. Onlarla müəyyən psixoloji iş aparılsın. Çünki bu, pedaqoqdur. Fiziki zorakılıq qəbul edilmir. Xüsusən də şagirdə qarşı əl qaldırmaq olmaz. Bunun üçün cəza sistemidirsə, qiymətini aşağı endirsin. Gündəliyində qeyd etsin ki, uşağın qavraması zəifdir və yaxud uşağınız özünü yaxşı aparmır. Bəzən müəllimlər qeyd edirlər ki, valideyn diqqətə almır. Çünki o valideyn evində uşağıyla bacarmır. Bir çox valideynlər uşağını başından etmək üçün məktəbə göndərir. Bu da nəzərə alınmalıdır. Bu proses, mən düşünürəm ki, kompleks yanaşma tələb edir”.
Şəymən