Paşinyan sərsəm bəyanatlarına görə peşman olacaq
Tahir Kərimli: “Zakir Həsənovun bəyanatları emosional deyil”
Sabiq XİN başçısı: "Belə olan halda müharibə aktuallaşır”
Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanın hədələyici bəyanatlarından və cəbhə xəttində artan təxribatlardan sonra müdafiə naziri Zakir Həsənov düşmən ölkənin rəhbərliyinə xəbərdarlıq edib. Nazir Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızda genişmiqyaslı müharibəyə hazır olduğunu bildirib. Bəyan edib ki, ermənilərin istənilən təxribatının qarşısı ən kəskin şəkildə alınacaq. Əslində rəsmi Bakının sərt reaksiyası gözlənilən idi.
Çünki Paşinyanın mayın 9-da işğal altında olan Xankəndinə gələrək, oyuncaq qurumun danışıqlar prosesində iştirakına dair təxribatçı bəyanat verməsi həmsədrlər tərəfindən susqunluqla qarşılanıb. Münaqişənin həllinə vasitəçilik edən ölkələr baş nazirin sərsəm açıqlamalarına cavab verməyiblər.
Müdafiə nazirinin müharibə mesajı ilə bağlı "Şərq”ə danışan millət vəkili Tahir Kərimli deyib ki, Zakir Həsənovun bəyanatları emosional deyil. Onun sözlərinə görə, nazirin açıqlaması tamamilə soyuqqanlı və düşmənin hərəkətlərinə adekvatdır:
"Paşinyanın həyasız sözlərinə vaxtında cavab verilməli idi. Düşmən ölkənin baş naziri Azərbaycan dövlətini və xalqını aşağılayıb. Ünvanımıza təhqiramiz sözlər işlədib. Ermənistanın baş naziri yaxşı bilir ki, düşmən ölkə öz gücünə danışmır. "Tülkü ayının qucağında oturub canavara meydan oxuyur”. Ermənistan tülküdür, arxayın olduğu ölkə isə Rusiyadır. Azərbaycan Paşinyan qarışıq Ermənistanı yer üzündən silər. Dünyada Ermənistan qədər qorxaq ölkə yoxdur. Osmanlı zamanında ermənilər "sadiq millət” adını qazanmışdı. Əsrlər boyu türklərə yaltaqlandıqdan sonra onlara xəyanət etdilər. Çünki özlərinə ingilislər, ruslar kimi yeni ağa tapdılar. Rusiya bir balaca zəifləyən kimi onları da satacaqlar. Satqınlıq ermənilərin qanında var”.
Deputat bildirib ki, Ermənistan düşdüyü girdabdan çıxa bilməyəcək. Qarabağ klanı ilə Paşinyan arasında mübarizə uzun müddət davam edəcək, ölkə qarışacaq:
"Azərbaycan uyğun vaxtı gözləyir. Hələlik beynəlxalq güclərin və Rusiyanın həqiqəti görəcəyinə ümid edirik. Lakin Azərbaycan Ordusunun səbri sonsuz deyil. Əgər yaxın müddətdə Ermənistan diplomatik danışıqlara meyl edəcəksə, torpaqlarımızı boşaldıb Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıracaqsa, o halda müharibə ehtimalı aradan qalxacaq. Əks halda müdafiə nazirimizin dediyi kimi, ermənilərin təxribatlarına ikiqat cavab veriləcək. Torpaqlarımız savaş yolu ilə işğaldan azad ediləcək. Paşinyanın qondarma rejimi tanımağa cəhd etməsi də birbaşa müharibəyə çağırışdır. Müharibə bizim haqqımızdır, bütün beynəlxalq qanunlar da tərəfimizdədir. Düşmən öz təxribatına və sərsəm bəyanatlarına görə peşman olacaq”.
"Müdafiə nazirinin Azərbaycan ordusunun döyüş əməliyyatlarına hazır olması barədə bəyanatı xalqımız üçün çox vacibdir”.
Bunu bcz "Sherg.az”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. O diqqətə çatdırıb ki, ordumuzun inkişafını əks etdirən açıqlamalar xalqın böyük qismini ruhlandırır: "Azərbaycan Silahlı qüvvələrinin döyüşə hər zaman hazır olması sevindirici haldır. Cəmiyyətin çox az hissəsi isə belə bəyanatlardan panikaya düşə, müharibə başlayacağı ilə bağlı narahatlıq keçirə bilər. Buna ehtiyac yoxdur. Azərbaycan müharibə şəraitində yaşayır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin iki yolla həlli mümkündür: danışıqlar və ya müharibə. Əsas məqsəd işğal olunmuş torpaqların mütləq qaytarılmasıdır. Hazırda görünən odur ki, sülh danışıqları heç bir nəticə vermir. Belə olan halda, təbii olaraq, müharibə mövzusu aktualdır”.
İsmayıl